AZ

Kafedə rəqs zamanı düşən mübahisə qardaşların bıçaqlanması ilə nəticələndi – QƏRAR

Ali Məhkəmədə xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Nazim Nəbiyevin (adı, soyadı şərtidir) barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim İlkin Rəcəbovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.


Qərara əsasən, şikayəti təmin edilməyib.


İttihama görə, hadisə 18 oktyabr 2022-ci il tarixdə, gecə saatlarında Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şosesində yerləşən adsız kafedə qeydə alınıb.


Belə ki, Nazim Nəbiyev kafedə müştəri qismində tanışları ilə birlikdə rəqs edən zaman onlarla eyni vaxtda rəqs edən digər müştərilər zərərçəkmişlər - Alim Məmmədov, onun qardaşı Qalib Məmmədov və Zakir Quliyevə (hər 3 şəxsin adı, soyadı şərtidir) toxunub. Buna görə zərərçəkmişlərdən biri tərəfindən ona irad bildirilib. Nazim isə əvvəlcə kafenin daxilində sözlə mübahisə edib. Sonra onlar saat 22 radələrində obyektin yaxınlığındakı küçədə mübahisə edib. Bu zaman Nazim bıçaqla Alimin bədəninin müxtəlif nahiyələrindən vurub ona xəsarət yetirib. Daha sonra Nazim qardaşına köməklik etmək istəyən Qalibə də bıçaqla bir neçə zərbə endirərək ona xəsarət yetirib. Təqsirləndirilən şəxs mübahisə zamanı Zakirin də aşağı ətraf nahiyələrindən bıçaqla vurub onun sağlamlığa yüngül zərər yetirib.


Hadisədən sonra Nazim Nəbiyev saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.


Bakı Ağır Cinayətlər Məhkəməsinin 1hökmü ilə o, 7 il 6 ay müddətə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsinin qərarına əsasən, Nazimin cəzası 6 il 6 aya endirilib.

 

Kamal Məmmədov 

Tarix: 27 Avqust 2025, 08:17   
Seçilən
5
pravda.az

1Mənbələr