AZ

Tarixi əməkdaşlığın yeni mərhələsi

2025-ci il avqustun 22-də Prezident İlham Əliyev Türkmənistana işgüzar səfər edib. Türkmənistan Xalq Məsləhətinin Sədri Qurbanqulu Berdiməhəmmədovun dəvəti ilə reallaşan səfər iki dövlətin dostluq və qardaşlıq əlaqələrinin növbəti təcəssümü oldu. 

Milli Məclisin deputatı Pərvanə Vəliyeva qəzetimizə açıqlamasında bildirib ki, Azərbaycan və Türkmən xalqları əsrlər boyu ortaq tarixi köklərə, zəngin mədəniyyətə, oxşar adət-ənənələrə, dil və mənəvi dəyərlərə sahib olublar. İki xalq arasındakı dərin tarixi bağlar təkcə dil və mədəni yaxınlıqla məhdudlaşmır, həm də qardaşlıq münasibətləri, qarşılıqlı hörmət və dostluq ənənələri ilə möhkəmlənir. "Qədimdən Xəzər dənizinin iki sahilində yaşayan bu xalqlar eyni mədəni mühitin daşıyıcıları olub. Ortaq türk kimliyi həm milli yaddaşda, həm də gələcək hədəflərdə xüsusi yer tutur. Bu gün Azərbaycan-Türkmənistan münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi xalqlarımızın qardaşlıq bağlarının təbii nəticəsi, ortaq tariximizin yeni mərhələdə davamıdır", - deyə o bildirib.

 Səfər çərçivəsində Türkmənistan, Azərbaycan və Özbəkistan liderlərinin iştirakı ilə üçtərəfli yüksəksəviyyəli görüşün keçirildiyini xatırladan deputat Prezident İlham Əliyevin türk dünyasında mövcud mədəni və siyasi yaxınlığı xüsusi vurğuladığını, görüşü "tarixi əməkdaşlığın yeni mərhələsi" kimi dəyərləndirdiyini diqqətə çəkdi.

Onun sözlərinə görə, üçtərəfli formatda əməkdaşlıq Mərkəzi Asiya üçün yeni səhifədir: "Azərbaycan qazandığı böyük beynəlxalq nüfuz və regionda yaratdığı yeni reallıqlarla artıq "Mərkəzi Asiya+Cənubi Qafqaz" formatlarının vahid şəkildə təqdim olunması kimi xarakterizə olunur. Azərbaycan ilə Türkmənistan arasında qardaşlıq və mədəni yaxınlığın yeni dövrü başlayır. Füzuli və Arxadağ şəhərləri arasında qurulan qardaşlıq əlaqələri, habelə Türkmənistanın Füzulidə məscid inşa etmək təşəbbüsü bunun bariz nümunəsidir. Məscidin azad olunmuş ərazilərimizdə inşası isə qardaş ölkənin yenidənqurma işlərinə dəstəyini ifadə edir". 

P.Vəliyeva qeyd edib ki, ikitərəfli əməkdaşlığın əsas istiqaməti nəqliyyat sektorudur. Hər üç ölkə Avropanı Asiya ilə birləşdirən nəqliyyat dəhlizləri çərçivəsində əlaqələri genişləndirmək barədə razılığa gəliblər. Xüsusən, Mərkəzi Asiyanın və Xəzər hövzəsinin nəqliyyat infrastrukturunun gücləndirilməsi imkanları nəzərdən keçirilib. Prezident İlham Əliyev bu istiqamətdə Türkmənistan və Özbəkistanla əməkdaşlığa xüsusi önəm verdiyini qeyd edib. Görüş zamanı enerji sahəsi üzrə də ciddi müzakirələr aparılıb, SOCAR-ın Türkmənistanın qaz və neft sektorunda əməkdaşlıq perspektivləri nəzərdən keçirilib.

Deputat sonda qeyd edib ki, Azərbaycan-Türkmənistan dostluğu gələcəkdə daha da möhkəmlənəcək, qardaşlıq münasibətlər yeni nailiyyətlərə yol açacaq.

Əsmər QARDAŞXANOVA,

"Azərbaycan"

Seçilən
23
2
azerbaijan-news.az

5Mənbələr