AZ

Bakıdan gələn güc

Bəs Avropanın enerji xilası, belə demək mümkündürsə, strateji tərəfdaş hesab etmədiyi bir ölkədən asılıdırsa?!

Avropa İttifaqı Rusiya enerjisindən asılılığını azaltmağa və "yaşıl keçid"i sürətləndirməyə çalışdıqca, bir regional tərəfdaşın rolu getdikcə önəmli olur. Bu tərəfdaş isə Azərbaycandır.

Avropa və Asiyanın kəsişməsində yerləşən Azərbaycan bu gün həm fosil yanacaqlar, həm də bərpaolunan enerji mənbələrinin əsas təchizatçılarından birinə çevrilib. Buna baxmayaraq, Brüssel Bakı ilə uzunmüddətli strateji tərəfdaş kimi deyil, daha çox qısamüddətli həll yolu kimi davranmağa davam edir. Bu, Avropanın artıq özünün də dözə bilməyəcəyi bir səhvdir.

Etibarlı enerji tərəfdaşı

Rusiya-Ukrayna müharibəsinin başlanmasından sonra Avropa İttifaqı Rusiya qazından diversifikasiyada mühüm irəliləyiş əldə edib. Buna baxmayaraq, təchizatda zəifliklər hələ də qalır, xüsusən də Mərkəzi və Cənub-Şərqi Avropada. Məhz burada Azərbaycan önə çıxır.

"Cənub qaz dəhlizi" vasitəsilə Bakı artıq İtaliya, Yunanıstan, Macarıstan və Slovakiya daxil olmaqla 10-dan çox Avropa ölkəsinə təbii qaz ixrac edir. Bu axınlar enerji sabitliyinin təmin olunmasında həyati əhəmiyyət kəsb edir. 2022-ci ildə Avropa İttifaqı Azərbaycanla 2027-ci ilə qədər qaz idxalını ikiqat artırmaq üçün memorandum imzalayıb. Lakin TAP və TANAP-ın genişləndirilməsi layihələrinin maliyyələşdirilməsindəki gecikmələr Azərbaycanı ixrac hədəflərini aşağı salmağa məcbur edib.

Əgər Avropa enerji davamlılığı yaratmaqda ciddi olarsa, uzunmüddətli təchizat marşrutlarını təmin etmək və Xəzər qazını Avropa şəbəkəsinə birləşdirəcək infrastruktur layihələrinə investisiya qoymaq üçün daha sürətli hərəkət etməlidir.

"Yaşıl enerji"yə dönüş

Azərbaycanın rolu yalnız fosil yanacaqlarla məhdudlaşmır. 2024-cü ilin noyabrında Bakıda keçirilən COP29 çərçivəsində ölkə bərpaolunan enerji mərkəzi olma vizyonunu təqdim etdi. Məlumat verildi ki, Azərbaycanda 27 GW-dan çox quru külək və günəş gücü, habelə təxminən 150 GW dənizüstü potensial mövcuddur. Ölkəmiz Masdar, ACWA Power və BP daxil olmaqla beynəlxalq tərəfdaşlarla birlikdə "yaşıl enerji" sektorunu inkişaf etdirmək üzərində çalışır.

Ən ambisiyalı təkliflərdən biri Xəzər-Avropa "Yaşıl Enerji" Dəhlizidir. Bu dənizaltı ötürücü xətt Azərbaycanın elektrik enerjisini Gürcüstan və Qara dəniz vasitəsilə Rumıniya və Macarıstana çatdıracaq. Realizə olunduqda bu dəhliz Xəzər "yaşıl enerji"sinin Avropaya ilk böyük miqyaslı ötürücüsü olacaq və regional əməkdaşlıq üçün mühüm mərhələ təşkil edəcək.

Lakin fosil yanacaq sahəsində olduğu kimi, Azərbaycanın bərpaolunan enerji ambisiyaları da Brüsseldən aydın siyasi dəstək və investisiya tələb edir. Layihə hazırda Avropa İttifaqının "Qlobal Qapı" strategiyasına daxil edilsə də, icra baxımından hələ ciddi irəliləyiş müşahidə olunmayıb.

Real siyasi və regional balans

Azərbaycan-Avropa İttifaqı münasibətləri hələ də əsasən tranzaksiya xarakteri daşıyır. Bakı Brüssellə əməkdaşlığını Rusiya, Türkiyə və İranla yaxın əlaqələrlə balanslaşdırır. Buna baxmayaraq, sabitlik problemi olan bir regionda Azərbaycan enerji və diplomatiya sahəsində həm etibarlılıq, həm də ambisiya nümayiş etdirir.

Avropa İttifaqı uzun müddətdir xarici enerji siyasətində praqmatik tərəfdaşlıqları qəbul edir - Əlcəzair, Qətər və ya Qazaxıstanla olduğu kimi. İndi əsas məsələ eyni məntiqi Azərbaycana tətbiq və paralel olaraq birgə layihələrdə idarəetmə standartlarını və şəffaflığı təşviq etməkdir.

Brüssel həmçinin strateji istiqamətin dəyişməsinin riskini də nəzərə almalıdır. Enerji əməkdaşlığında gecikmələr və qarışıq siqnallar Azərbaycanı Çin, Körfəz ölkələri və ya Xəzər bölgəsində təsirini artırmaq istəyən digər tərəfdaşlarla əlaqələri dərinləşdirməyə təşviq edə bilər.

Əlbəttə, məsuliyyət yalnız Avropa İttifaqına aid deyil. Azərbaycanın uzunmüddətli etibarlı enerji tərəfdaşı olmaq üçün tənzimləyici çərçivələrini təkmilləşdirməsi, investor inamını təmin etməsi və iqlim öhdəliklərini beynəlxalq standartlarla uyğunlaşdırması da vacibdir. COP29 Bakıya qlobal platforma təqdim etdi, indi isə bu platformadan konkret tədbirlərlə istifadə edilməlidir.

Qurulması vacib olan tərəfdaşlıq

Avropa İttifaqı Azərbaycanı artıq ehtiyat təchizatçı kimi görməməlidir. Azərbaycan həm enerji təhlükəsizliyi, həm də iqlim tərəqqisini təmin edə biləcək tərəfdaşdır, təbii ki, Brüssel bu münasibətə strateji niyyətlə yanaşarsa. Bu, "Cənub qaz dəhlizi"nin, xüsusilə TAP və TANAP-ın genişləndirilməsinə investisiya qoymaq, "Qlobal qapı" çərçivəsində Xəzər-Avropa "Yaşıl Enerji" Dəhlizini sürətləndirmək, qaz və bərpaolunan enerji üçün uzunmüddətli müqavilələr və maliyyələşdirmə çərçivələri təklif etmək, davamlı, yüksəksəviyyəli siyasi dialoqa cəlb edilmək deməkdir.

Məsələ getdikcə aktuallaşır. Əgər Avropa İttifaqı iqlim hədəflərinə çatmaq, Şərq tərəfdaşlıqlarını gücləndirmək və təchizatın sabitliyini təmin etmək istəyirsə, Azərbaycan bu istəyin reallaşmasının bir hissəsi olmalıdır - sadəcə rahatlıq üçün deyil, Avropanın enerji gələcəyinin təməl daşı kimi.

Elxan NURİYEV, 

siyasi elmlər doktoru  

Redaksiyadan: Müəllif tərəfindən tərcümə olunan bu məqalə öncə Londondakı Strateji Yenidənqurma şirkəti "Reinvantage"in rəsmi saytında, sonra isə Norveçin  beynəlxalq şəbəkəyə malik aparıcı qlobal geosiyasət qəzetlərindən olan "GEOPOLITIKA"da dərc edilib. Məqalənin müəllifi ABŞ-nin Fulbrayt proqramının (1995-1997) və Almaniyanın Humboldt mükafatının (1999-2000) laureatıdır. Hazırda o, Brüssel Enerji Klubunun qlobal enerji üzrə məsləhətçi-eksperti və Vyanada yerləşən Siyasi Risk və Strateji Məsləhət Xidmətində baş ekspertdir. Xatırladaq ki, E.Nuriyev 2008-2011-ci illərdə Azərbaycan Respublikası Prezidentinin yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru vəzifəsində çalışmışdır.

Seçilən
15
azerbaijan-news.az

1Mənbələr