AZ

Yüksəkixtisaslı yerli kadrların yetişdirilməsinə növbəti dəstək

BP və tərəfdaşlarının bu sosial layihəsindən aztəminatlı ailələrdən olan gənclər bəhrələniblər 

Üç onillikdən çoxdur Azərbaycanda neft və qazın kəşfiyyatı, işlənməsi və nəqli üzrə iri layihələrin əməliyyatçısı olan BP şirkəti onların icrasını təhlükəsiz, səmərəli və etibarlı şəkildə həyata keçirir. Bu vaxtadək əməliyyatçı şirkət öz tərəfdaşları ilə birlikdə həmin layihələrə 87 milyard dollardan çox sərmayə qoyub. 

Bununla yanaşı, BP və tərəfdaşları ölkəmizdə geniş sosial proqramlar da həyata keçirirlər. "Biz ən çox töhfə verə biləcəyimizə inandığımız sahələrə yönəltməklə dayanıqlı inkişaf təşəbbüslərinə dəstək vermək öhdəliyi götürmüşük",- deyə BP bəyan edib. 

Həyata keçirilən bu geniş sosial sərmayə fəaliyyətləri və bacarıqların inkişaf etdirilməsi istiqamətindəki səylər insanlara əhəmiyyətli faydalar gətirib. Belə ki, sosial sərmayələr yerli potensialın yaradılması, təhsil, icmaların inkişafı, yerli sahibkarlıq, ətraf mühit, idman potensialının artırılması, habelə ölkənin zəngin mədəni irsinin tədqiqi və təbliği kimi sahələrə yönəldilib. 

Elə bu günlərdə BP Azərbaycanda yüksəkixtisaslı yerli kadrların yetişdirilməsinə dəstək məqsədli sosial sərmayə layihələrindən birinin üçüncü mərhələsinin uğurla başa çatdığını elan edib. Bu təhsil layihəsi şirkətin dünya səviyyəli yerli mütəxəssislər yetişdirməklə ölkənin dayanıqlı gələcəyinə töhfə vermək öhdəliyinin bir hissəsidir.

Əvvəlki mərhələlərin uğuruna əsaslanaraq, layihənin üçüncü mərhələsində 30 istedadlı azərbaycanlı gəncə dəstək verilib və onların hamısı Avropanın, Asiyanın və ABŞ-nin nüfuzlu beynəlxalq universitetlərinə qəbul olublar. İştirakçılardan 10-u bakalavr proqramlarına, 20-si isə magistr pilləsi üzrə müraciət edib.

Layihə iştirakçıları Bilkent Universiteti, London İmperial Kolleci, Kembric Universiteti, London Universitet Kolleci (UCL), Sinqapur Milli Universiteti, Kolumbiya Universiteti, Kaliforniya Universiteti, Berkli (UCB), Cons Hopkins Universiteti, Mançester Universiteti, Bolonya Universiteti, Honq Konq Universiteti və Koreya Qabaqcıl Elm və Texnologiya İnstitutu (KAIST) kimi dünyanın ən yüksək reytinqli universitetlərinə və digər nüfuzlu ali təhsil müəssisələrinə qəbul olublar. Bu nəticələr iştirakçıların yüksək akademik potensialını və layihə çərçivəsində göstərilən dəstəyin effektivliyini əks etdirir.

Qeyd edək ki, layihə iştirakçıları aztəminatlı ailələrdən seçiliblər. Layihə çərçivəsində onlara SAT və IELTS testlərinə və qəbul imtahanlarına hazırlıq təlimləri, həmçinin beynəlxalq tələbələrə tam təqaüd təklif edən universitetlərə müraciət etmək üçün təlimatlandırma daxil olmaqla hərtərəfli dəstək göstərilib. Nəticədə 30 tələbədən 24-ü artıq müxtəlif mənbələrdən təqaüd qazanıb, qalan 6 nəfərin təqaüd müraciətləri isə hazırda nəzərdən keçirilir.

Gənc istedadların nailiyyətlərini qeyd etmək münasibətilə keçirilən tədbirdə layihə iştirakçılarına sertifikatlar verilib və onlar öz gələcək planları ilə bağlı fikirlərini bölüşüblər.

BP-nin Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli deyib: "Bu təşəbbüsün davamlı uğurlarını görməkdən çox məmnunuq. Layihə Azərbaycanın istedadlı gənclərinə dəstək olmaqla ölkənin parlaq gələcəyinin formalaşmasına töhfə verir. Dünyanın ən nüfuzlu universitetlərinə qəbul olan tələbələrin sayının artması onların istedadını və əzmkarlığını, eləcə də təhsilə sərmayə qoymağın vacibliyini bir daha təsdiqləyir. Biz milli kadrların inkişafını dəstəkləmək və Azərbaycanın dayanıqlı, firavan gələcəyinə töhfə vermək öhdəliyimizə sadiqik".

Ümumi dəyəri 150 min manat olan üçüncü mərhələnin müddəti 11 ay (2024-cü ilin avqustundan 2025-ci ilin iyuluna qədər) idi. Layihə yerli təşkilat - "ROOF Academic Training" tərəfindən həyata keçirilib.

Onu da əlavə edək ki, fəaliyyətə başladığı vaxtdan indiyədək BP özü və onun əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları adından ölkədəki sosial sərmayə layihələrinə ümumilikdə 111 milyon dollardan çox vəsait xərcləyiblər.

Flora SADIQLI,

"Azərbaycan"

Seçilən
13
6
azerbaijan-news.az

10Mənbələr