AZ

Əmək müqaviləsinin bağlanması və ona dəyişikliklərin edilməsi qaydası

Mövzunu “vergiler.az”a iqtisadçı ekspert Anar Bayramov şərh edir.

Əmək Məcəlləsində edilmiş son dəyişikliklərədək əmək müqaviləsinə dəyişiklik olunan zaman işçiyə əlavə sənəd imzalatdırılırdı. Doğrudur, 12 may 2023-cü il tarixdən tətbiq edilən ƏMAS altsistemində əmək müqaviləsinə dəyişiklik yeni əmək müqaviləsinin tərtibi yolu ilə həyata keçirilsə də, işəgötürənlər yalnız bəzi hallarda həmin elektron əmək müqaviləsini işçiyə imzalatdırırdılar. Son dəyişiklik nəticəsində Əmək Məcəlləsinin 46-cı maddəsinin 6-cı hissəsinə bu məzmunda əlavə edilib: "Elektron sənəd formasında bağlanılan əmək müqavilələrində dəyişiklik edildikdə, ilkin əmək müqaviləsi yenidən tərtib olunaraq təsdiq edilir."

Əlavədə göründüyü kimi, işəgötürən və işçi arasında bağlanan əmək müqaviləsində dəyişiklik zamanı artıq əmək müqaviləsinǝ əlavə yox, ilkin əmək müqaviləsi üzərindən yeni əmək müqaviləsi tərtib edilməlidir.

Misal 1: İşçi 10 yanvar 2024-cü il tarixdə əmək müqaviləsi bağladığı işçinin iş rejimini dəyişir. İşəgötürən və işçi arasında bağlanan əmək müqaviləsinə əsasən, işçi 1 sentyabr 2024-cü il tarixdən beşgünlük iş rejimindən altıgünlük iş rejiminə keçirilir. Bu zaman işçi və işəgötürən arasında əmək müqaviləsinə əlavə yox, 10 yanvar 2024-cü ildə bağlanan əmək müqaviləsi üzərindən yeni elektron sənəd formasında bağlanan əmək müqaviləsi imzalanacaq. İşəgötürən və işçi arasında razılaşmaya əsasən, işçinin əməkhaqqı 1 oktyabr 2024-cü il tarixdən artırılacaq. Bu zaman yenidən elektron əmək müqaviləsi hazırlandığı üçün həm 10 yanvar, həm də 1 sentyabr 2024-cü il tarixdən olan şərtlər nəzərə alınmaqla yeni elektron sənəd formasında əmək müqaviləsi hüquqi qüvvəyə minəcək.
İşəgötürən ƏMAS altsistemində əmək müqaviləsinə dəyişikliklər etdikdə mütləq elektron sənəd formasında əmək müqaviləsinin bağlanılması həyata keçirilməlidir.

Misal 2: İşəgötürən 10 iyul 2024-cü il tarixli əmək müqaviləsində işçinin əməkhaqqı ilə bağlı dəyişiklik həyata keçirib. Əmək Məcəlləsində son dəyişikliklərin qüvvəyə mindiyi 12 avqust 2024-cü il tarixdən etibarən müqavilədə hər hansı dəyişiklik olmadığından ƏMAS altsistemində işçi ilə bağlı məlumatlar "Onlayn müqavilə" yox, "Əmək müqaviləsi bildirişi" bölməsində yerləşdirilir. İşəgötürən əmək müqaviləsində dəyişiklik etdikdə yeni əmək müqaviləsi elektron formada tərtib olunmaqla bağlanılır. Bu zaman işçinin əmək müqaviləsi üzrə məlumatları da "Əmək müqaviləsi bildirişi” bölməsindən "Onlayn müqavilə" bölməsinə keçiriləcək.

Bəs kollektiv qaydada bağlanan əmək müqaviləsi niyə ləğv edilib?

Son dəyişikliklərədək Əmək Məcəlləsinin 46-ci maddəsinin ikinci və üçüncü hissələri kollektiv qaydada əmək müqaviləsinin bağlanmas hallarının əsasını müəyyən edirdi. Belə ki, dəyişikliyə qədər müvafiq işlərin görülməsi, xidmətlərin göstərilməsi (tikinti-təmir, yükləmə-boşaltma, məişət, ticarət, əkin-biçin, heyvandarlıq işləri) iki və daha çox işçi qrupu tərəfindən kollektiv halında həyata keçirilməklə əmək müqaviləsinin bağlanması kollektivin (briqadanın, işçi qrupunun) hər bir üzvünün yazılı razılığı ilə yol verilirdi. Bu zaman işçilər işəgötürənlə kollektiv əmək müqaviləsi bağlamaq üçün bir nümayəndəsini müvəkkil edirdilər.

Yeni dəyişikliyə əsasən, əmək müqaviləsi elektron formada imzalandığı üçün kollektiv əmək müqaviləsinin bağlanılması üçün şərtlər də uyğun gəlmir. Çünki ƏMAS altsistemində bağlanılan əmək müqaviləsi hər bir işçi tərəfindən onun gücləndirilmiş elektron imzası ilə təsdiqlənməlidir. Kollektiv əmək müqaviləsi zamanı isə işçilərin hər biri ilə ayrıca yox, onların işəgötürənlə kollektiv əmək müqaviləsi bağlamaq hüququ verilən bir nümayəndəsi ilə müqavilə bağlanılır. Elektron sənəd formasına əmək müqaviləsi ilə bağlı Əmək Məcəlləsində edilən son dəyişikliklər kollektiv əmək müqaviləsi bağlanmasını mümkünsüz edir. Bu səbəbdən də Əmək Məcəlləsinin 46-cı maddəsindəki kollektiv qaydada bağlanan əmək müqaviləsinə aid ikinci və üçüncü hissələr ləğv edilib.

Sonda bir məqamı bildirək ki, kollektiv qaydada bağlanan əmək müqaviləsi ilə kollektiv əmək müqaviləsi fərqli anlayışlardır. Bu səbəbdən də həmkarlarımız ləğv edilən kollektiv qaydada bağlanan əmək müqaviləsini kollektiv əmək müqaviləsi ilə qarışdırmamalıdırlar.

Seçilən
16
vergiler.az

1Mənbələr