AZ

Azərbaycanda sənaye sahəsinin inkişafına töhfə verəcəm - ODTÜ-yə qəbul alan GƏNC

Bu il Şəki şəhər Kimya-Biologiya Təmayüllü Liseydən məzun olan Bacıxanım Yaşarlı dünyanın bir sıra universitetlərindən təqaüdlə qəbul alıb.

Belə ki, o, Türkiyənin Koç Universitetinin Sənaye və Kompüter mühəndisliyi (25% endirim), Bilkent Universitetinin Sənaye mühəndisliyi (20% endirim), Sabancı Universitetinin Kompüter elmləri və mühəndisliyi (40% endirim), Çinin Çin Elektron Elm və Texnologiyalar Universitetinin Software Engineering, Azərbaycanın ADA Universitetinin İnformasiya Texnologiyaları ixtisaslarına, həmçinin Yurtdışı Türkler ve Akraba Topluluklar Başkanlığının (YTB) təsis etdiyi “Türkiyə Bursları” proqramının üstün başarı bursu ilə Orta Doğu Teknik Universitetindən (ODTÜ) dəvətlər alıb.

AzEdu.az bu münasibətlə Bacıxanım Yaşarlı ilə əlaqə saxlayıb, müsahibə alıb.

- Sizi ilk növbədə dünyanın tanınmış universitetlərindən qəbul almağınız münasibətilə təbrik edir, gələcək fəaliyyətinizdə uğurlar arzulayırıq. Çox istərdik ki, sizi oxucularımıza daha yaxından tanıdaq.

166678

- Çox təşəkkür edirəm. Mən, Bacıxanım Yaşarlı, Şəki şəhər Kimya-Biologiya Təmayüllü Liseyinin məzunuyam. 5-ci sinfə qədər Şəki şəhəri 5 nömrəli tam orta məktəbdə təhsil almışam. Daha sonra imtahan nəticəsi ilə Şəki şəhər Kimya-Biologiya Təmayüllü Liseyinə daxil olub, 6-cı sinifdən 11-ci sinfin sonuna qədər burada oxumuşam. 9-cu sinfin sonundan etibarən xaricdə təhsil haqqında düşünməyə başladım. Bunun üçün imtahanlara hazırlaşmağa başladım.

Artıq 10-cu sinifdə oxuduğum zaman xaricdə təhsil üçün lazım olan bir neçə imtahanda iştirak etdim. Belə ki, SAT üzrə 1440, TOEFL üzrə 88 və IELTS-dən isə 7.5 bal topladım. Daha sonra universitetlərə müraciət etməyə başladım.

Seçdiyim fakültə texniki elmlər idi. Türkiyədən üç universitetə müraciət etmişdim: Koç Universiteti, Bilkent Universiteti və Sabancı Universiteti. Bu universitetlər mənə endirimli əsaslarla qəbul şansı verdilər. Hətta Koç Universitetinin iki fakültəsindən qəbul aldım. Həmçinin ADA Universiteti SAT imtahanı ilə qəbul etdiyi üçün İnformasiya Texnologiyaları fakültəsindən də qəbul əldə etdim.

Sözün düzü, mən Çinə getməyə hazırlaşırdım. Lakin bununla yanaşı dünyanın rəqabətli təqaüd proqramlarından biri olan “Türkiyə Bursları”na da müraciət etmişdim. Orada prioritetə görə 12 universitet sıralayırıq və müsahibə nəticəsində tələbənin potensialına uyğun universitet seçilir.

Çinə olan uçuşuma bir neçə gün qalmış cavablar elan olundu. Türkiyənin ən nüfuzlu universitetlərindən biri olan ODTÜ-yə qəbul aldım. Normalda tələbələrin bir qisminə “başarı”, digər bir qisminə isə “üstün başarı” bursu verilir. Mən “üstün başarı” bursu ilə qəbul oldum və planlarım dəyişdi.

-  Az əvvəl qeyd etdiniz ki, Çinə getməyə hazırlaşırdınız, lakin bu qərardan geri döndünüz. Buna səbəb nə idi?

- Əslində, valideynlərim təhsilimi Çində davam etdirməyimi istəyirdilər. Türkiyə burslarından məhz ODTÜ-dən qəbul xəbəri gəlməsi bizim üçün sürpriz oldu. Lakin həmin anda valideynlərim mənə dedilər ki, “bu qərarı sənə buraxırıq, əgər istəyirsənsə, Çini seç”. Biz əslində 3 gün sonra Çinə uçmalı idik. Bu, mənim üçün çox böyük qərar idi. Bir tərəfdə Çinin yaxşı universiteti, digər tərəfdə isə Türkiyənin ən yaxşı universitetlərindən birində təqaüdlə oxumaq imkanı var idi. Mən ilk növbədə universiteti, fakültəni, təklif olunan bütün imkanları araşdırdım.

Düşünüb qərara gəldim ki, ODTÜ-də təqaüdlə oxumaq mənim gələcəyim üçün daha faydalı olacaq. Həm də oradan sənaye mühəndisliyi ixtisası üzrə qəbul almışdım. Bu ixtisas mənim üçün çox önəm daşıyır. Düşünürəm ki, bu sahədə daha çox inkişaf edəcəyəm.

Sizinlə maraqlı bir anı da paylaşmaq istərdim.

- Buyur

- Deməli, ODTÜ-nün cavabları elan olunan günün axşamı mən Bakıya gedib Çin səfirliyindən vizamı götürməli idim. Çinə uçmağa 3 gün qalmış fikrimi dəyişdim. Çünki Türkiyəyə qəbul olma xəbərim uçuşdan əvvəl gəldi. Mən bunu qismət hesab edirəm. Dünən, saat 22:40-da Çinə uçmalı idim. Cavablar isə avqustun 20-21-i arasında açıqlandı.

- Bu yolda sizə kimlər dəstək olurdu? Ən çox nədən motivasiya alırdınız?

- Ümumiyyətlə, bu olduqca çətin bir proses idi. Xüsusilə də xaricdə təhsil mənim üçün bir qədər çətin idi, çünki ailədə xaricdə oxumağa ilk mən gedirəm. Ona görə də bütün imkanları araşdırmaq və nəticələr əldə etmək zəruri idi.

Lakin şanslıyam ki, ailə üzvlərim mənə daim dəstək oldular. 9-cu sinfi bitirən zaman xaricdə oxumaq istədiyimi dedikdə heç kim etiraz etmədi. Bəzən universitetlərdən imtina cavabı alırdım, amma onlar məni həmişə ruhlandırırdılar.

Bununla yanaşı, təhsilə böyük önəm verilən ailədə böyümüşəm. Bacım Tibb Universitetində təhsilini davam etdirir. Oxuduğum məktəbdən də bir neçə nəfər xaricdə oxumağa getmişdi. Onlar da məni motivasiya edirdilər.

- Tək yaşayacaqsınız, yoxsa ailə üzvlərinizlə birlikdə?

- Xeyr, tək yaşayacağam.

- Bəs bu, ailə üzvlərindən uzaq ilk səfəriniz olacaq?

- Bəli.

- İlk dəfə ailənizdən uzaq şəhərdə yaşayacaqsınız. Sizcə, buna tez adaptasiya ola biləcəksinizmi?

- Düşünürəm ki, ilk vaxtlar müəyyən qədər çətinliklər olacaq. Həm ailəmdən uzaq qalmaq, həm də fərqli bir şəhərdə universitet həyatı ilə tanış olmaq təbii ki, müəyyən çətinliklər yaradacaq. Lakin bütün bunlara baxmayaraq çətinlikləri qəbul edirəm və bunu gözümə çox da böyütmürəm.

- Gələcəkdə təhsil həyatınızla bağlı hansı hədəfləriniz var?

- Əslində, gələcəkdə qurmaq istədiyim sahəni seçmişəm. Azərbaycanda sənaye mühəndisliyi çox da üstünlük verilən ixtisas deyil. Məsələn, yüksək bal toplayan abituriyentlər əsasən informasiya texnologiyaları və kompüter elmləri ilə bağlı sahələri seçirlər. Lakin mən sənaye mühəndisliyinin imkanlarını araşdırdım və bu sahənin Azərbaycanda inkişaf etdirilməsinə ehtiyac olduğunu gördüm.

Məqsədim sənaye sahəsinin inkişafına töhfə verməkdir. Zavodlarla bağlı müəyyən ideyalarım var. Magistratura üçün hələ konkret hansı xarici universitetdə təhsil alacağımı düşünməmişəm.

- Sənaye mühəndisliyi tələbələr arasında çox da üstünlük verilən ixtisas deyil. Niyə məhz bu sahəni seçdiniz?

- İlk dəfə ailəmə dediyimdə ki, sənaye mühəndisliyi üzrə oxumaq istəyirəm, bir qədər təəccübləndilər. Məncə, Azərbaycanda bu ixtisas üzrə tədris ilə xarici universitetlərdə verilən təhsil arasında böyük fərq var. Araşdırmalarım zamanı sənaye mühəndisliyi ilə tanış oldum və bu, məni çox həyəcanlandırdı. Çünki əsas məqsəd optimizasiyadır. Bu ixtisası həm tibblə, həm logistika və nəqliyyatla əlaqələndirmək mümkündür.

- Təhsilini başa vurduqdan sonra ölkəyə qayıtmağı düşünürsünüzmü?

- Tam əminliklə deyə bilərəm ki, təhsilimi bitirdikdən sonra vətənə qayıdacağam. Türkiyə burslarının müsahibəsində də məndən soruşdular ki, “niyə Azərbaycana qayıtmaq istəyirsən?”. Mən bildirdim ki, Azərbaycanda sənaye sahəsində müəyyən zavodlar var və onların problemləri mövcuddur. Mən mütləq həmin problemlərə həll yolu təklif etməliyəm. Buna görə də Azərbaycana dönməliyəm.

- Sizin kimi uğur qazanmaq istəyən gənclərə nə tövsiyə edərdiniz?

- Düşünürəm ki, nə qədər uğursuzluqla qarşılaşsalar da davam etməyə çalışsınlar. Çox çalışmaq lazımdır. İndiyə qədər görməmişəm ki, kimsə böyük uğur qazansın, amma heç bir çətinliklə rastlaşmasın. Ona görə də çətinliklər həmişə var və bundan qorxmaq lazım deyil.

Seçilən
14
azedu.az

1Mənbələr