AZ

Xəzər dənizi yoxa çıxır - limanlar bağlana, suitilər məhv ola bilər

Son illərdə Xəzər dənizində suyun səviyyəsinin sürətlə enməsi limanların fəaliyyətini çətinləşdirir, neft daşımalarında azalmaya səbəb olur və dəniz faunasına ciddi zərbə vurur.

Azərbaycan rəsmiləri bildirirlər ki, proses davamlı şəkildə sürətlənir və həm iqtisadi, həm də ekoloji baxımdan təhlükəli nəticələr doğura bilər.

Modern.az-ın məlumatına görə, Azərbaycanın ekologiya və təbii sərvətlər nazirinin müavini Rauf Hacıyev Reuters-ə müsahibəsində deyib ki, son 30 ildə dənizin səviyyəsi 2,5 metr azalıb. Təkcə son 5 ildə suyun səviyyəsi 93 santimetr enib və hazırda illik azalmanın sürəti 20–30 santimetrə çatıb.

Onun sözlərinə görə, sahil xəttinin geri çəkilməsi təbii şəraiti dəyişir, liman fəaliyyətinə zərər vurur və sahilyanı ərazilərdə yaşayan insanların həyatına təsir edir.

Bakı Beynəlxalq Dəniz Limanının rəhbəri Eldar Salahov bildirib ki, dayazlaşma səbəbindən iri gəmilərin limana daxil olması çətinləşib, bu da yükdaşımada məhdudiyyətlər yaradır. 2025-ci ilin ilk yarısında Dübəndi neft terminalı vasitəsilə daşınan neft və neft məhsullarının həcmi ötən ilin eyni dövrü ilə müqayisədə azalıb (təxminən 810 min ton). Limanın fəaliyyətini davam etdirmək üçün böyük həcmdə dərinləşdirmə işləri aparılır. 2024-cü ildə yalnız Dübəndidə 250 min kubmetr dəniz dibi təmizlənib.

Apreldə Bakı Gəmiqayırma Zavodunda yeni “Mühəndis Soltan Kazımov” adlı dərinləşdirici gəmi inşa edilib. Bu gəmi yaxın vaxtlarda istifadəyə veriləcək və limanın 18 metrədək dərinləşdirilməsinə imkan yaradacaq.

Rauf Hacıyevin sözlərinə görə, dayazlaşma nəticəsində bataqlıqlar, lagunlar və qamışlıqlar məhv olur, bəzi canlı növlərinin həyatı ciddi təhlükə altındadır. Ən böyük zərbəni isə nərəkimilər alır, onlar yay və payız mövsümündə yaşayış areallarının 45%-ni itirirlər, çaylarda ənənəvi kürüləmə yerlərinə çıxışları bağlanır.

Xəzər suitiləri də məhv olma riski ilə üz-üzədir. Onların şimalda çoxalması üçün lazım olan buzlu ərazilər sürətlə yoxa çıxır. Hesablamalara görə, suyun səviyyəsi 5 metr endikdə suitilərin çoxalma yerlərinin 81%-i, 10 metr enmə baş verdikdə isə demək olar ki, bütün arealı yox olur.

Apreldə Azərbaycan və Rusiya nümayəndələrinin iştirakı ilə birgə işçi qrupunun ilk görüşü keçirilib. Sentyabrda onlayn iclasda müşahidə və cavab tədbirlərinə dair birgə proqramın təsdiqi gözlənilir. Bakı problemi həm iqlim dəyişikliyi, həm də Rusiyanın Volqa çayı üzərində inşa etdiyi su anbarları ilə əlaqələndirir.

Hazırda Xəzər dənizinin sahilində yalnız Azərbaycanda 4 milyon, ümumilikdə isə 15 milyon insan yaşayır. Rəsmi şəxslər xəbərdarlıq edirlər ki, suyun azalması davam edərsə, həm region ölkələrinin iqtisadiyyatı, həm də dənizin bioloji müxtəlifliyi üçün geri dönüşü olmayan nəticələr baş verə bilər.

Seçilən
29
3
milliyol.az

4Mənbələr