AZ

Azərbaycanda hər gün zəlzələ olur - Qurban Yetirmişli

Ötən gün gecə Dağıstanda 5,3 maqnitudada zəlzələ olub, yeraltı təkanın ocağı 66 kilometr dərinlikdə yerləşib. 

Dağıstanda baş verən zəlzələ Azərbaycanın bir sıra şəhər və rayonlarında o cümlədən Quba, Qusar, Bakı və Sumqayıt şəhərlərində hiss olunub.

Hadisə ilə əlaqədar Modern.az-a danışan AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli bildirib ki, sərhəddə yerləşən, eləcə də məsafə baxımdan yaxın olan zəlzələ ocaqlarının Azərbaycana təsirləri ola bilir:

"Dağıstan ərazisində dərində baş verən zəlzələ Azərbaycanın əksər ərazilərində 3-4 bal gücündə hiss olunub. Episentrə yaxın ərazilərdən söhbət gedir. Bura yaxın ərazidən biri də Qubadır. Mən özüm hiss olunması baxımından deyirəm, heç 3 bal da yox idi. Zəif hiss etdim, heç stol da tərpənmədi. Gürcüstan, Ermənistan, İran, Xəzər dənizi, Xəzərin o tərəfində zəlzələ ocaqları mövcuddur. Çünki yerdaxili proses gedir, nəticədə də zəlzələlər baş verir. Güclü olanda bu zəlzələləri təbii olaraq biz də hiss edirik. Azərbaycanda elə gün olur ki, 15-20 yeraltı təkan olur. Onlar hiss olunmur, yalnız cihazlar tərəfindən qeydə alınır. Ümumiyyətlə, bizim qonşuluğumuzda yerləşən ölkələrin hər biri seysmikdir".

Q.Yetirmişli vurğulayıb ki, Azərbaycanda hər gün zəlzələ olur və bunların arasında hiss edilənlərinin də olması mümkündür:

"Onu da qeyd etməkk lazımdır ki, Xəzər də həmçinin seysmogen zonadır. Ancaq yaxın vaxtlarda katastrofik, dağıdıcı zəlzələ gözlənilmir. Məsələn, qayıdıram dünənki zəlzələyə, o nə zəlzələ idi? Kaş elə ömrü boyu elə zəlzələlər olaydı. Azərbaycanda katastrofik zəlzələ gözlənilmir. Lakin hər gün zəlzələ olur, bunların içərisində hiss olunanı da, olunmayanı da var. Bu, zəlzələnin gücündən asılı olacaq".

Seçilən
35
modern.az

1Mənbələr