AZ

Prezident: Avqustun 8-də Vaşinqtonda baş verən hadisələr, əslində, qarşıdurmanın və gərginliyin sonu deməkdir

Düşünürəm ki, avqustun 8-də Vaşinqtonda baş verən hadisələr, əslində, qarşıdurmanın və gərginliyin sonu deməkdir. Uzun illərdir ki, biz Ermənistanla müharibə vəziyyətində idik. Məhz Ermənistan 1990-cı illərin əvvəlindən Azərbaycan ərazilərini işğal etmişdi. O zaman Azərbaycan çox zəif idi, ordumuz yox idi. Ermənistanın isə Azərbaycan ərazilərini işğal etməkdə ona dəstək göstərən xarici tərəfdarları var idi.


Pravda.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev “Əl-Ərəbiyyə” telekanalına müsahibəsində deyib.
"Beləliklə, ərazimizin təxminən 20 faizi onlar tərəfindən işğal edilmişdi, nəticədə bir milyon qaçqın və məcburi köçkünümüz var idi. Həmin dövrdə bu, əhalinin sayına görə dünyada ən yüksək nisbətlərdən biri idi. Yəni, Azərbaycanın əhalisi o vaxt 8 milyon nəfər idi, onların bir milyonu yurd-yuvasından didərgin düşmüşdü.


Birinci Qarabağ müharibəsi 1994-cü ildə atəşkəslə başa çatdı və biz 2020-ci ilə qədər davam edən sonsuz və gördüyümüz kimi, mənasız danışıqlar prosesində iştirak etdik. Bu proses 2020-ci ilədək davam etdi. 2020-ci ildə isə İkinci Qarabağ müharibəsi başladı və biz beynəlxalq səviyyədə tanınmış ərazilərimizi azad etdik.


Təqribən beş il bundan əvvəl 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycan ədaləti, beynəlxalq hüququ və öz ləyaqətini bərpa etdi, torpaqlarını geri qaytardı. Bundan sonra prosesdə müəyyən bir boşluq yarandı, çünki o zaman vasitəçilər artıq hansı addımı atmalı olduqlarını bilmirdilər və məhz Azərbaycan Ermənistanla sülh prosesinə başlamağı təklif etdi. Yenə də məhz biz danışıqlar formatının təşəbbüskarı olduq. Biz sülh sazişinin layihəsini təqdim etdik. Əslində, avqustun 8-də Vaşinqtonda paraflanmış sənəd Ermənistan–Azərbaycan münasibətlərinin dövlətlərarası çərçivədə necə qurulmalı olduğu barədə Azərbaycanın baxışına əsaslanır.


Qeyd etdiyim kimi, danışıqlar bir neçə il davam etdi və nəhayət Vaşinqtonda Prezident Trampın və onun komandasının böyük dəstəyi ilə başa çatdı. Mən hesab edirəm ki, bu, münaqişənin, müharibənin sonudur. Formal olaraq sülh sazişinin imzalanmamasının bir xüsusi səbəbi var - Ermənistan konstitusiyasında Azərbaycanın ərazi bütövlüyünü hələ də şübhə altına alan müddəa mövcuddur.


Bildiyimiz qədər, onlar həmin müddəaya dəyişiklik edəcəklər. Elə ki, bu dəyişiklik olundu, yəni, Azərbaycanın ərazi bütövlüyünə qarşı iddialar onların konstitusiyasından çıxarıldı, formal sülh sazişi də imzalanacaq.


Lakin fakt budur ki, Azərbaycan və Ermənistanın Ağ Evdə Prezident Trampın iştirakı ilə bu sənədi paraflaması müharibənin başa çatdığını göstərir. Bu, mərhələlərlə 30 ildən artıq davam edən müharibənin sonudur və həm Cənubi Qafqaz regionu, həm də daha geniş mənada Mərkəzi Asiya və Yaxın Şərq üçün tamamilə yeni imkanlar açır", - dövlət başçısı qeyd edib.

Tarix: 27 Avqust 2025, 10:23   
Seçilən
15
10
pravda.az

5Mənbələr