“Güclü xarici müdaxilə olarsa, bu, razılaşmaları poza bilər. Amma bu, Ermənistanın özü üçün çox zərərli olar, çünki Vaşinqtonda sənədlərin kim tərəfindən imzalanmasından asılı olmayaraq, onlar Ermənistanın adından Ermənistan lideri tərəfindən imzalanıb”.
AzPost bildirir ki, bu sözləri Prezident İlham Əliyev Səudiyyə Ərəbistanının “Əl-Ərəbiyyə” telekanalı əməkdaşının “əgər Ermənistanda hər hansı daxili siyasi dəyişiklik baş verərsə, bu, həmin prosesə xələl gətirəcəkmi?” sualına cavabında deyib:
Prezident İlham Əliyev deyib ki, bunu indi söyləmək çətindir: “Yalnız ehtimal edə bilərəm. Ümid edirəm ki, prosesə heç bir müdaxilə olmayacaq. Lakin yenə də məndə yüz faiz zəmanət yoxdur, çünki Ermənistanın daxili siyasəti barədə tam məlumatlı deyiləm. Bilirik ki, gələn yay Ermənistanda parlament seçkiləri keçiriləcək. Həmçinin bilirik ki, onlar yeni konstitusiya layihəsi üzərində işləyirlər. Lakin güclü xarici müdaxilə olarsa, bəli, bu, razılaşmaları poza bilər. Amma bu, Ermənistanın özü üçün çox zərərli olar, çünki Vaşinqtonda sənədlərin kim tərəfindən imzalanmasından asılı olmayaraq, onlar Ermənistanın adından Ermənistan lideri tərəfindən imzalanıb. Əgər orada hər hansı dəyişiklik baş verərsə və imzalanmış sənəddən geri addım atılarsa, bu, Ermənistan ilə ABŞ arasındakı münasibətləri ciddi şəkildə pisləşdirər. Bu, yalnız ABŞ-a aid deyil, beynəlxalq ictimaiyyət, Avropa İttifaqı, Türkiyə və ərəb ölkələrindəki dostlarımız da bu prosesi dəstəklədilər”.
Prezident bildirib ki, bütün beynəlxalq ictimaiyyət bu hadisəni müsbət qarşıladı və razılaşmanı pozmaq bütün dünyaya qarşı çıxmaq deməkdir: “Onlar bundan nə qazanacaqlar? Vaşinqtonda imzalanan sənəd Ermənistan üçün sülhə və sabit inkişafa zəmanətdir”.
Birinci Qarabağ müharibəsini xatırladan dövlət başçısı vurğulayıbb ki, orada etnik təmizləmə aparıldı, Xocalı soyqırımı baş verdi, günahsız insanlar öldürüldü. Hələ də itkin düşmüş 3000-dən çox insanımız var və bütün bu hadisələr Azərbaycanda güclü emosional hisslərə səbəb oldu: “2020-ci il müharibəsi bizim qələbəmizlə başa çatsa da, Azərbaycanda hələ də intiqam tələb edən insanlar var idi. Amma mən o vaxt xalqımıza müraciət edərək demişdim ki, biz intiqamı döyüş meydanında aldıq. Biz onların bizə etdiklərini etməyəcəyik, çünki onların bizə qarşı törətdikləri müharibə cinayətləri idi”.
“Yəni, demək istərdim ki, əgər Ermənistanın hər hansı gələcək hökuməti hakimiyyətə gəldiyi vaxtdan asılı olmayaraq, Vaşinqtonda imzalanan sənədi şübhə altına qoyarsa, Ermənistan ciddi çətinliklərlə üzləşəcək. Çünki regiondakı güc balansı hər baxımdan tamamilə bizim xeyrimizədir. Düşünürəm ki, bu, hər kəsə aydındır. Əgər Ermənistan bir daha bizim ərazi bütövlüyümüzü şübhə altına qoysa, biz də adekvat cavab verəcəyik.
Vaşinqtonda imzalanan sənədin əhəmiyyəti ondan ibarətdir ki, hər iki tərəf bir-birinin ərazi bütövlüyünü tanıyır və gələcək təmaslarını beynəlxalq hüququn bu fundamental tezisi əsasında planlaşdıracaq. Əgər onlar bizim ərazi bütövlüyümüzü tanımaqdan imtina etsələr, biz də onların ərazi bütövlüyünü tanımaqdan imtina edəcəyik. Burada kim qazanacaq, kim uduzacaq? Məncə, bu, ritorik sualdır. Ona görə hesab edirəm ki, Ermənistanın istənilən gələcək hökumətində kifayət qədər müdriklik, ağlabatan yanaşma olacaq ki, Vaşinqtonda razılaşdığımızı şübhə altına almasın. Bir daha qeyd edirəm ki, bu, iki dövlət arasında razılaşmadır. Bu, Paşinyan ilə mənim razılaşmamız deyil”.