AZ

Özəl universitetlərə maraq artıb - abituriyentlər ən çox hansını seçib?

"Abituriyentlər bu ilki ixtisas seçimləri zamanı yenə də əvvəlki illərdə olduğu kimi, özəl universitetlər arasında Xəzər Universitetinə daha çox üstünlük verirdilər. Amma bu il bunun daha da qabarıq şahidi olduq".

Bu sözləri AzEdu.az-a açıqlamasında STM əməkdaşı, təhsil məsələləri üzrə tədqiqatçı Elmin Nuri qeyd edib.

Onun sözlərinə görə, abituriyentlər, xüsusilə də söz sahibi olan valideynləri və yaxın çevrələri daha hazırlıqlı idilər və araşdırmağa daha meyilli görünürdülər:

"Onlar artıq bilirdilər ki, məsələn, tədrisi ingilis dilində olan ixtisaslar harada daha keyfiyyətli şəkildə tədris olunur. Həmçinin, hansı özəl universitetdə hansı müsbət və mənfi cəhətlərin olduğunu da çox yaxşı anlayırdılar. Bəzən təhsil mütəxəssisləri qədər. Təbii ki, biz də bu prosesdə onlara məsləhətlərimizi verirdik.

Amma bəzi abituriyentlər üçün bəlli özəl universitetlər hədəf olaraq seçilmişdi. Bu siyahının başında isə Xəzər Universiteti dayanırdı. Hətta Xəzər Universitetində illik təhsil haqlarının digər özəl universitetlərə nisbətən daha yüksək olması belə bir çox abituriyenti fikrindən döndərmirdi.

Valideynlər deyirdilər ki, "Eybi yox, artıq pul verərəm, amma övladım Xəzərdə oxusun". Düzdür, mənim niyyətim hansısa özəl universitetin reklamını aparmaq deyil, lakin reallıq budur və bu faktı gizlətmək olmaz. İxtisas seçimi ilə məşğul olan hər kəslə danışsanız, eyni şeyləri eşidəcəksiniz.

Siyahının növbəti pillələrində Azərbaycan Universiteti və Qərbi Kaspi Universiteti gəlir. Bilirik ki, ölkədə 9 özəl ali təhsil müəssisəsi var. Onlardan yalnız 3-ü digərlərindən aydın şəkildə seçilir: Xəzər Universiteti, Azərbaycan Universiteti və Qərbi Kaspi Universiteti. Odlar Yurdu Universiteti isə onların ardınca gəlir. Çox təəssüf ki, digər özəl universitetlər adətən yalnız məcburiyyətdən, toplanan bala uyğun yer tapmaq məqsədilə seçilir".

Seçilən
13
azedu.az

1Mənbələr