AZ

Eks-hakim: “Xəstə bacısına görə cinayət törətmişdi” - VİDEO

“Hakim işlədiyim dövrdə yadda qalan təsiredici hadisələr çox olub. Ən yadda qalan isə soyğunçuluq hadisəsi ilə bağlı idi”. 

Ölkə.Az xəbər verir ki, bunu "Kazusmedia" "Youtube" kanalına müsahibəsində sabiq prokuror və məhkəmə hakimi, Vəkillər Kollegiyasının üzvü Mirzə Xankişiyev deyib.

O qeyd edib ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim işlədiyi dövrlərdə gənc oğlan hərbi xidmətdən qayıdandan sonra işsiz olub və xəstə bacısına görə məcburiyyətdən cinayət törədib:

“O, anası və bacısı ilə birgə yaşayırdı. Həmin gənc küçədə bir yaşlı qadının qəfildən boyunbağısını boğazından götürüb qaçır. Elə həmin dəqiqə də onu tuturlar. Cinayət işi məhkəmə istintaqında araşdırılanda gənc bildirdi ki, cinayətkar deyil. Söylədi ki, istəmədən bu hərəkəti edib, özündən asılı olmayıb. Səbəbini soruşanda isə qeyd etdi ki, bacısı xəstə idi, anası dərman almağa göndərib. O, “mən anama deyə bilmədim ki, üstümdə pulum yoxdur. Bilirdim ki, anamın da pulu yoxdur” sözlərini işlətdi. Gənc oğlan ifadəsində yaşlı qadının boyunbağısını boğazından götürüb qacıdığını etiraf etdi”. 

Hakim bildirib ki, zərərçəkmiş qadın da gənc oğlandan şikayətçi olmayıb: “Mən ona yüngül cəza verdim. Çünki buna məcbur idim, cinayət törədilmişdi. Amma mən buna görə çox əzab çəkdim. Ümumiyyətlə belə hallar insana çox təsir edir”.
    
Qeyd edək ki, Mirzə Xankişiyev 1991-1993-cü illərdə Sabirabad Rayon Prokurorluğunda baş müstəntiq, 1993-2004-cü illərdə Bakı Şəhəri Əzizbəyov rayon prokurorunun köməkçisi, prokuror-kriminalisti, 2004-2008-ci illərdə Bakı Şəhəri Sabunçu Rayon Prokurorluğunun prokuror-kriminalisti, 2008-2011-ci illərdə Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin hakimi, 2011-2022-ci illərdə isə Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi vəzifəsində çalışıb. O, hazırda Vəkillər Kollegiyasının üzvüdür.

Seçilən
4
1
olke.az

2Mənbələr