AZ

“3+3” formatı yenidən gündəmə gəlir

ain.az xəbər verir, Yeniazerbaycan saytına əsaslanaraq.

Avqustun 25-də Rusiya Prezidenti Vladimir Putin ilə İran Prezidenti Məsud Pezeşkian arasında telefon danışığı baş tutub. Kremlin məlumatına görə, Putin öz həmkarına avqustun 16-da Alyaskada ABŞ Prezidenti Donald Trampla baş tutan görüşün nəticələri barədə məlumat verib. Pezeşkian da öz növbəsində Tehranın Ukrayna münaqişəsinin sülh yolu ilə həllinə yönələn diplomatik səyləri dəstəklədiyini bildirib. Hər iki lider, eyni zamanda ikitərəfli münasibətlər, xüsusilə enerji və nəqliyyat-kommunikasiya sahəsində əməkdaşlıq, o cümlədən İranın nüvə proqramı ətrafındakı vəziyyət və Cənubi Qafqazda hazırki proseslərlə bağlı bir sıra məsələləri müzakirə ediblər. Putin və Pezeşkian Rusiya-İran əməkdaşlığının müxtəlif sahələrdə daha da genişləndirilməsinə sadiq olduqlarını təsdiqləyib və Çində keçiriləcək ŞƏT sammitində görüşmək barədə razılığa gəliblər. 

Moskva və Tehran bu formatın əhəmiyyətini anlayır

Cənubi Qafqazda yeni dövlətlərarası münasibətlər sistemi formalaşır - bu, region dövlətləri arasında iqtisadi əlaqələri intensivləşdirəcək, ticari mübadilə imkanlarını artıracaq, sülh və sabitlik şəraitində regionda yüksək inkişaf tempin formalaşması üçün yeni perspektivlər yaradacaq. Kommunikasiyaların açılması, tərəflərarası münasibətlərin daha da sıxlaşması isə olduqca mühüm üstünlüklər yaradır. Bu baxımdan Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşması regionun digər dövlətləri üçün mühüm üstünlük, dividend vəd edir. Tehran və Moskva bunun əhəmiyyətini artıq anlamağa başlayıb. İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianın avqustun 19-da Ermənistana rəsmi səfəri zamanı baş nazir Nikol Paşinyanla görüşündən sonra keçirilən brifinqdə “Cənubi Qafqazda sülh İran üçün strateji prioritetdir” fikrini səsləndirməsi bunu deməyə əsas verir. Paşinyan ilə Pezeşkian arasında imzalanan birgə bəyanatda regional əməkdaşlıq mexanizmlərinin, xüsusilə də “3+3” regional məşvərət platformasının inkişafının dəstəklənməsinin zəruriliyi vurğulanıb. 

Məsələ ilə bağlı politoloq Tural İsmayılov “Yeni Azərbaycan” qəzetinə şərhində qeyd edib ki, “3+3” formatı çərçivəsində dövlətlərarası əməkdaşlıq regionda geosiyasi balansı təmin edə bilər. “Əslində “3+3” formatı ilk dəfə Azərbaycan tərəfindən irəli sürülüb və bu, Bakının regiondakı diplomatik təşəbbüslərinin bariz göstəricisidir. Ekspert əlavə edib ki, Zəngəzur dəhlizi (Tramp yolu) məsələsində də Azərbaycanın mövqeyi açıqdır. Onun sözlərinə görə, bu layihə reallığa çevrilməlidir: “İran və Rusiyanın kənarda qalmaq istəməməsi onların problemidir, amma dəhlizin təşəbbüskarı Azərbaycan olub və prosesin lokomotivi də Bakıdır. Burada əsas güc mərkəzi Azərbaycan və Türkiyədir, digər oyunçular isə sadəcə prosesə uyğunlaşmağa çalışırlar. Rusiya tranzit imkanlarını itirmək istəmir, İran isə Türkiyə və Azərbaycanın inteqrasiyasından narahatdır. Amma Azərbaycan artıq sübut edib ki, öz milli maraqlarını qorumaqda qətiyyətlidir”.

Azərbaycanın regionda siyasi çəkisi artır

“Əgər “3+3” formatı yenidən gündəmə gəlirsə, bu, Azərbaycanın regiondakı siyasi çəkisinin artması deməkdir. Çünki platformanın ideoloji əsasını Bakı qoyub. Bu gün regionda real söz sahibi olan dövlət də məhz Azərbaycandır. 44 günlük müharibədən sonra yaranmış yeni reallıq bunu bir daha göstərdi. Ermənistan belə proseslərə müqavimət göstərsə də, artıq bu müqavimətin faydasız olduğunu anlayır,” - deyə T.İsmayılov bildirib ki, Azərbaycan regionda gələcək proseslərin nizamlanmasında açar rola sahibdir: “Rusiya və İran bu təşəbbüsə qayıdaraq faktiki olaraq Azərbaycanın diplomatik xəttinə qoşulurlar. Zəngəzur dəhlizi (Tramp yolu) isə Azərbaycanın iqtisadi və strateji üstünlüyünün təməlidir və Bakı bu istiqamətdə prosesləri istədiyi kimi yönləndirmək gücündədir”.

Yeni geosiyasi vəziyyət necə formalaşır?

Politoloq İlyas Hüseynov qəzetimizə şərhində bildirib ki, Rusiya və İran Cənubi Qafqazdakı hazırkı proseslərdən kənarda qalmaq istəmirlər. “Avqustun 8-də Vaşinqton görüşündən sonra Cənubi Qafqazda yeni geosiyasi vəziyyət formalaşmağa başlayıb. Bu görüşün müsbət nəticələri ilə bağlı ən çox narahatlığını büruzə verən tərəflər Rusiya və İrandır. Bu görüşdə ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında mühüm strateji-siyasi nailiyyətin əldə olunması həm Moskvada, həm də Tehranda ciddi narahatlıq yaradıb. Belə bir halda Rusiya və İranın dövlət rəhbərləri Vladimir Putin və Məsud Pezeşkian telefon söhbətində Cənubi Qafqazı diqqətdən kənarda saxlaya bilməzdilər. Hər iki dövlət hesab edir ki, bu regionda proseslər yalnız region dövlətləri tərəfindən nizamlanmalıdır və regiondan kənar dövlətlərin regiona müdaxiləsini məqbul hesab etmirlər. Ona görə də hər iki lider “3+3” formatı çərçivəsində birgə regional əməkdaşlığın vacibliyini vurğulayırlar,” - deyə İ.Hüseynov əlavə edib: “Bildiyimiz kimi, İkinci Qarabağ müharibəsindən sonra “3+3” formatı ilə bağlı təşəbbüs Azərbaycan və Türkiyə tərəfindən irəli sürülüb. Bu formatın Moskva, Tehran və Ankarada görüşləri baş tutub. Təbii ki, Gürcüstanın dövlət rəsmiləri bu görüşlərdə iştirak etməyib. Görüşlər keçirilsə də, praktiki olaraq regional əməkdaşlığın formalaşması istiqamətində Moskva və Tehran tərəfindən heç bir real addım atılmadı. Amma ABŞ-ın son addımlarından təşvişə düşən Rusiya və İran bu format ilə bağlı siyasi gündəliyini yenidən nəzərdən keçirmək məcburiyyətinə düşüblər”.

Yunis ABDULLAYEV

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
5
1
yeniazerbaycan.com

2Mənbələr