AZ

Azərişıq ASC-dən narazılıq:Ödəniş edilsə də işıq saatlarla yanmır

Azərişıq ASC-nin xidmət keyfiyyəti ilə bağlı vətəndaş narazılıqları artır.

AzPost-a müraciət edən Tamerlan Babazadə bildirib ki, təxminən altı ay əvvəl köhnə sayğacı dəyişdirilərək yeni sayğac quraşdırılsa da, problemlər bundan sonra başlayıb.

Onun sözlərinə görə, yeni sistem balansda pul bitən kimi işığı dərhal kəsir, lakin ödəniş edildikdə belə, işıq bərpa olunmur. Şikayətçi qeyd edib ki, bu vəziyyət hər ay təkrarlanır və artıq altı aydır ki, ailəsi işıqsız qalmaq problemi ilə üzləşir.

“Məsələn, bu gün gecə saat iki radələrində balansım bitdi. Dərhal MilliÖn vasitəsilə ödəniş etdim. Hazırda səhər saat doqquzdan keçir, amma hələ də işıq yanmır. Operatora zəng edirəm, deyirlər ki, ödəniş balansa oturub, problem yoxdur, prosedur belədir, gözləməlisiniz”, – deyə Tamerlan Babazadə vurğulayıb.

O əlavə edib ki, hər dəfə şikayət etdikdə sadəcə “qeydiyyata alınıb” cavabı verilir, lakin real nəticə əldə olunmur: “Soyuducudakı ərzaq əriyir, insanlar işə getməli olur, amma evlərdə işıq olmur. Balans bitən kimi işığı kəsirlər, amma pul ödənəndən sonra saatlarla, bəzən günlərlə işıq yanmır. Bu, məsuliyyətsizlikdən başqa bir şey deyil”.

Şikayətçi hesab edir ki, Azərişıq vətəndaşların problemlərinə qarşı biganə yanaşır və bu, xidmət keyfiyyətinə ciddi zərbə vurur.

AzPost.az

Seçilən
15
1
azpost.info

2Mənbələr