AZ

“China Travel Online”: “Azərbaycan daha uyğun məhsul və xidmətlər təklif etməlidir”

Azərbaycan Çindən gələn turistlər üçün daha uyğun məhsul və xidmətlər təqdim etməlidir.

Bunu “Report”a açıqlamasında “China Travel Online” şirkətinin baş icraçı direktoru Markus Li bildirib.

Onun sözlərinə görə, Azərbaycanın turizm sektorunda bir sıra istiqamətləri inkişaf etdirməyə ehtiyac var: “Bir çox ölkələrdə tətbiq olunan “China Ready” proqramı bu sahədə yaxşı nümunədir. Proqram turistləri qəbul edən ölkələrin və tərəfdaşların dil, bələdçilik və xidmətlər baxımından Çin bazarına daha hazırlıqlı olmasına imkan yaradır”.

M.Li əlavə edib ki, çinli turistlərin istəklərini anlamaq, onlara seçim imkanı vermək vacibdir: “Bəzən siz onlara yaxşı olduğunu düşündüyünüz məhsulu təklif edirsiniz, amma ola bilər ki, bu, onların marağına uyğun olmasın. Ona görə də konsepsiyanı izah etmək, düzgün məhsul təqdim etmək lazımdır”.

Dil baryeri məsələsinə də diqqət çəkən baş icraçı direktor bildirib ki, çinli turistlərin əksəriyyəti ingilis dilində zəif danışır: “Gənclər arasında vəziyyət nisbətən yaxşıdır, amma yaşlı nəsil demək olar ki, ingilis dilində danışmır. Ona görə də Azərbaycan dilini öyrənmək onlar üçün daha da çətin olacaq”.

O, həmçinin Azərbaycanla Çin arasında biznes əməkdaşlığı məsələsinə də toxunub. Qonağın sözlərinə görə, Çindən bir çox şirkətlər Azərbaycanda fəaliyyət göstərməkdə maraqlıdır: “Hazırda ən vacib istiqamət bərpa olunan enerjidir. “Huawei” kimi böyük şirkətlərin Azərbaycanda fəaliyyəti var. Məncə, kiçik və orta müəssisələri də buraya dəvət etmək olar”.

M. Li qeyd edib ki, bu istiqamətdə xüsusi dövlət proqramı yoxdur və şirkətlər ölkəyə könüllü şəkildə gəlirlər.

Seçilən
11
report.az

1Mənbələr