BAKI, TurkicWorld, Zeynəb Babayeva
Son 20 ildə “hibrid müharibə” ifadəsi bir çox dillərin lüğətinə daxil olub və yeni termin kimi qəbul edilsə də, arxasında olduqca təhlükəli qatlar gizlənir. ABŞ Hərbi Dəniz Qüvvələrinin zabiti, Pentaqon analitiki Frenk Hoffman bu anlayışı ilk dəfə nəzəri baxımdan işləyəndə xüsusi vurğulamışdı ki, hibrid müharibə təkcə bir cəbhədə deyil, müxtəlif cəbhələrdə aparıla bilər.
TurkicWorld BakuNetwork-a istinadən xəbər verir ki,Onun fikrincə, bu termin insan təxəyyülünün asanlıqla sezə bilməyəcəyi saysız-hesabsız taktiki və texniki amilləri özündə saxlayır. Xüsusən də bu gün sürətlə inkişaf edən texnologiyaların fonunda hibrid müharibələr getdikcə daha güclü silaha çevrilir və ən ölümcül vasitə statusu qazanır.
Zaman göstərdi ki, müasir dövrdə ölümcül silahlar müharibələrin əsas aləti olmaqdan çıxıb. İnformasiya texnologiyaları, sosial şəbəkə platformaları, kiberhücumlar, təbliğat və iqtisadi təzyiq vasitələri odlu silahdan daha iti, daha dağıdıcı təsir gücünə malikdir. Bir sözlə, müharibə anlayışı informasiya əsrində fərqli libas geyinib.
Hibrid müharibə anlayışı təxminən 20 il əvvəl ortaya çıxsa da, bu təhlükənin Azərbaycanda daha kəskin hiss olunması 2020-ci ildən sonra baş verdi. Azərbaycan 44 günlük Vətən müharibəsi ilə işğal faktına son qoyduqdan sonra ölkəmizə qarşı dünyanın müxtəlif guşələrindən hücumlar daha açıq və kobud şəkildə görünməyə başladı. Ermənistanla Azərbaycan arasındakı münaqişə 30 il davam etsə də, postsovet məkanı çərçivəsində bölgənin dünyaya bağlılığının məhdud olması müəyyən qədər xarici qüvvələrin müdaxiləsini ləngidirdi. Hətta elə təşkilatlar var idi ki, Cənubi Qafqazı belə tanımır, bəzən də məlumatsızlıqlarından bu bölgəni Afrika ilə səhv salırdılar. Münaqişənin mahiyyətindən bixəbər olan bu qurumların əsl niyyətləri çox tez üzə çıxdı və onların fəaliyyəti, məlumat zəifliyi səbəbilə, tezliklə iflasa uğradı.
Azərbaycan üçün risklər bununla bitmədi. Ermənistan tərəfi paralel şəkildə bölgə haqqında məlumatları təhrif edərək dünyaya yaymağa başladı. Xüsusilə 2023-cü ildə Qarabağda həyata keçirilən antiterror əməliyyatından sonra anti-Azərbaycan kampaniyaları daha amansız məcraya keçdi. Elə bir həddə çatdı ki, Fransa, ABŞ Konqresi və bəzi beynəlxalq “hüquq müdafiəçiləri” bilərəkdən və ya bilməyərəkdən bu kampaniyalara dəstək verməyə başladılar.
Son günlərin hadisələrinə nəzər salaq: Baki-Groznı istiqamətində uçan sərnişin təyyarəsinin Rusiya tərəfindən vurulmasından sonra Bakı ilə Moskva arasında gərginlik artdı. Elə həmin vaxt yüzlərlə sosial media platforması və kiberhücumçu Azərbaycan əleyhinə hərəkətə keçdi. Bu isə açıq şəkildə göstərdi ki, müasir dövrdə informasiya hücumu bəzən raketdən, bombadan daha güclü təsirə malikdir. Həmin an Azərbaycan mediası və xəbər agentlikləri hadisənin üstünü açanda özləri də güclü kiberhücumların hədəfinə çevrildilər. Ölkə daxilində aparılan gizli təbliğat və dezinformasiyalar isə vaxtında görülən tədbirlərlə ifşa olunaraq zərərsizləşdirildi.
Hibrid müharibələrin bu qədər geniş yayıldığı dövrdə nə susmaq, nə də mövcud imkanlarla kifayətlənmək olar. Texnoloji inkişaf bizdən daha uzağı görməyi, hücumların növbəti mərhələlərini qabaqcadan hesablamağı tələb edir. Azərbaycan bu reallığı qəbul edərək yalnız müdafiədə deyil, həm də informasiya cəbhəsində hücuma hazır olmalıdır.
Vyetnam müharibəsi dönəmində ABŞ ordusunun üzləşdiyi gözlənilməz sürprizlər bir həqiqəti ortaya qoydu – güclü orduya sahib olmaq hələ qələbə üçün yetərli deyil. Ağla gəlməz tələlər, yeraltı pusqular, gizli istehkamlar ABŞ qoşunlarını çaş-baş salmışdı. Çünki belə ssenarilər o vaxt nə nəzəri cəhətdən işlənmiş, nə də hərbi təlimlərdə sınaqdan keçirilmişdi. Hibrid müharibə də klassik müharibə kimi hədəfin dərindən öyrənilməsini tələb edir. Çünki hər iki müharibənin təbiəti eynidir – kim bu reallığı görməzdən gələrsə, məğlubiyyətə məhkumdur.
İkinci Qarabağ müharibəsindən dərhal sonra Qərb mediası Gəncənin bombalanması ilə bağlı şəkilləri dolaşıma buraxaraq, guya Azərbaycanın Ermənistana zərbə endirdiyini iddia etməyə başladı. Mənbəni araşdırmadan bu yalanı tirajlayan media qurumları ilk növbədə öz nüfuzlarına ağır zərbə vurdu. Ardınca isə faktların ifşa olunması Ermənistan lobbisinin və onun sifarişlərini yerinə yetirən media orqanlarının qeyri-peşəkarlığını tam çılpaqlığı ilə ortaya qoydu. Başqa sözlə, yanlış mövqedə durmaq, yanlış zamanda yanlış addım atmaq sonda özünə qarşı çevrilir.
Azərbaycan isə hibrid müharibəyə qarşı dözümlülük və qətiyyət nümayiş etdirdi. Vətən müharibəsindən sonra milli media informasiya müharibəsində xüsusi rol oynayaraq qarşı tərəfin təzyiqlərini məharətlə susdurdu. Amma bu, qarşı tərəfin həmişəlik susacağı anlamına gəlmir. Ola bilsin ki, elə indi də hansısa gözlənilməz hücum planlaşdırılır. Deməli, görüləsi işlər hələ çoxdur. Burada əsas vurğulanmalı məqam odur ki, hibrid müharibəyə qarşı mübarizə yalnız ordunun gücü ilə deyil, həm də beynəlxalq əməkdaşlıq, informasiya təhlükəsizliyi, iqtisadi dayanıqlılıq və ictimai həmrəyliyin qorunması ilə mümkündür. Müasir dövrdə dövlətlərin qələbəsi tankların və topların gücündən daha çox, ortaq səylərlə qurulan strateji ittifaqların effektivliyindən asılıdır.
Təcrübə göstərir ki, hibrid müharibənin əsas hədəfi insan psixologiyasıdır. Ona görə də ictimai həmrəylik və dövlətə etimad həlledici rol oynayır. Bu müstəvidə təhsil və mədəniyyətin rolu da əvəzsizdir. Çünki bu amillər milli dəyərləri gücləndirir, xalqın mənəvi immunitetini bərkidir. Başqa sözlə, daxili sabitlik bərpa olunmadan xarici təhdidlərə qarşı müdafiə sistemi qurmaq mümkün deyil. Azərbaycanın geosiyasi baxımdan toqquşma nöqtəsində yerləşdiyini nəzərə alsaq, ən vacib məsələ Cənubi Qafqazın iqtisadi və enerji təhlükəsizliyini təmin etmək üçün ciddi addımlar atmaqdır. Azərbaycan bunu 30 ildən çox təkbaşına həyata keçirsə də, bu gün aydındır ki, qonşu dövlətlərin ortaq təşəbbüsü labüddür. Deməli, hibrid müharibəyə qarşı müdafiə xətti – enerji resurslarının, nəqliyyat dəhlizlərinin və strateji müəssisələrin qorunması – yaradılmalıdır.
Hamıya məlumdur ki, Ermənistan bu gün Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmaq görüntüsü yaratsa da, eyni zamanda Rusiyadan iqtisadi asılılığını azaltmaq üçün çırpınır. Amma təchizat zəncirlərini şaxələndirmək istiqamətində zəruri addımları ata bilmir. İrəvandan səslənən ziddiyyətli ritorika ölkəni genişmiqyaslı layihələrdən, enerji diplomatiyasından və kollektiv səylərdən kənarda saxlayır. Bu isə onun iqtisadi və siyasi dayanıqlılıq zəmanətini aradan qaldırır. Qapalı ölkə olaraq Ermənistan daha da çətin duruma düşür. Əslində, daxildə təxribatla məşğul olmaq əvəzinə, ünsiyyət xətlərini açmaq üçün addım atması daha faydalı olardı. Çünki unutmamaq lazımdır: hibrid müharibələr həmişə münaqişə, durğunluq və dağılmış əlaqələr məkanına doğru hərəkət edir.