YPG terror təşkilatı Suriya Ordusunun mümkün hərbi əməliyyatı üçün hazırlıqlara başlayıb. 10 mart müqaviləsini pozan terror təşkilatı Fəratın şərqindəki bir çox şəhərlərdə, xüsusilə Rakka və Tabqada yeni tunellər qazır.
Publika.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, peyk görüntülərinə görə, YPG üzvləri Fərat çayının sahilində yerləşən strateji əhəmiyyətli Rakka şəhərində 14 yeni tunel qazıblar.
Bildirilib ki, tunelin giriş və çıxışları parklar, bağlar və orta zolaqlar kimi ərazilərdə cəmləşib. Bunlardan səkkizi Rakka şəhərinin mərkəzindəki stadionun ətrafında, park və bağların içərisində qazılıb. Bu tunellərin uzunluğunun onlarla kilometr olduğu təxmin edilir.
Digər qazıntı işləri isə Rakkadakı xəstəxananın ətrafında gedir. Ehtimal olunur ki, tunel xəstəxananın altından keçir və içəridə də giriş ola bilər.