AZ

“China Ready” proqramının təqdimatı keçirilib » AzadMedia.az



Avqustun 27-də Azərbaycanı çinli səyahətçilərin üstünlük verəcəyi turizm istiqamətinə çevirmək, həmçinin turizm sənayesinin çinli turistləri qarşılamağa və onlara xidmət göstərməyə hazırlığını təmin etmək məqsədini daşıyan “China Ready” proqramının təqdimatı baş tutub.

Tədbirdə çıxış edən Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev cənab Prezident İlham Əliyevin cari ilin aprel ayında Çinə dövlət səfərinin turizm sahəsində ikitərəfli əlaqələrin inkişafı üçün yeni perspektivlər və yeni vəzifələr müəyyənləşdirdiyini, hər iki ölkə vətəndaşlarının vizadan qarşılıqlı azad edilməsi haqqında sazişin turist axınının artmasına, turizm sahəsində işgüzar fəaliyyətin, iqtisadi, humanitar və mədəni əlaqələrin genişlənməsinə töhfə verəcəyini bildirib.

O, Çinin Azərbaycan turizmi üçün əsas strateji və prioritet bazarlardan biri olduğunu, son dövrlərdə çinli turistlərin sayında nəzərəçarpacaq artımın müşahidə edildiyini, fəal təmsilçiliyin təmin edilməsi və Çin bazarının potensialının daha yaxşı dəyərləndirilməsi məqsədilə yaxın müddətdə Azərbaycan Turizm Bürosunun Çində daimi nümayəndəliyinin açılmasının planlaşdırıldığını qeyd edib.

“China Ready” proqramı çərçivəsində ekspertlər tərəfindən mehmanxana, nəqliyyat xidmətləri, bələdçilər və hava limanı işçiləri daxil olmaqla 100-dən çox turizm sənayesi nümayəndəsinə praktik tövsiyələr və Çin bazarında fəaliyyət üçün aktual yanaşmalar üzrə təlim keçiriləcək. Təlimdə Çin turizm bazarının dinamikası, çinli turistlərin gözləntilərinə uyğun brend quruculuğu və turizm məhsulunun hazırlanması, istehlakçı davranış modelləri və Çin turizm bazarına çıxış strategiyaları haqqında təqdimatlar ediləcək.
Təlimdə iştirak edən və yekun imtahandan uğurla keçən iştirakçılara rəsmi sertifikat veriləcək və növbəti 12 ay ərzində e-poçt vasitəsi ilə Çin turizm bazarı üzrə yenilənmiş məlumatlar göndəriləcək.

Qeyd edək ki, “China Ready” beynəlxalq səviyyədə tanınan təlim və sertifikatlaşdırma sistemidir. Çin Xalq Respublikasının Mədəniyyət və Turizm Nazirliyi tərəfindən rəsmi şəkildə tanınan proqram çinli turistlərin qəbulu üçün zəruri tələbləri müəyyənləşdirir. 2002-ci ildə yaradılmış “China Ready” proqramı Çin turizm bazarında rəqabət qabiliyyətini artırmaq istəyən ölkələr üçün nümunəvi model kimi artıq 6 qitə üzrə 53 ölkədə tətbiq olunub.

2024-cü il ərzində Azərbaycan Respublikasına səfər edən Çin Xalq Respublikası vətəndaşlarının sayı 2023-cü il ilə müqayisədə 93% artaraq 44 798 nəfərə çatıb. Cari ilin 7 ayı ərzində isə 34 mindən çox Çin vətəndaşı ölkəmizə gəlib ki, bu da 56% artım deməkdir.
Seçilən
32
5
azadmedia.az

6Mənbələr