AZ

ABŞ İran- İsrail münasibətləri ilə bağlı mühüm qərar verməlidir - TƏHLİL

İranın xarici işlər naziri Abbas Əraqçi “Asharq Al Awsat”a müsahibəsində bildirib ki, ABŞ və İsrailin hərbi hücumlarını bərpa etməyəcəyinə zəmanət verilərsə, Tehran Vaşinqtonla nüvə dosyesi ilə bağlı dolayı danışıqları bərpa etməyə hazırdır.
 
“ABŞ ilə ədalətli və bərabərhüquqlu danışıqlar aparmağa hazırıq, bir şərtlə ki, Amerika tərəfi müzakirələr zamanı hərbi təcavüzə əl atmasın. Biz əmin olmalıyıq ki, danışıqlar zərbələrlə əldə edilə bilməyən məqsədlərə nail olmaq cəhdlərinə deyil, qarşılıqlı maraqlara əsaslanır”, - o deyib.
Əraqçi qeyd edib ki, İran dialoqa hazır olaraq qalır, lakin İsrail və ABŞ-nin birgə hərəkətləri nəticəsində ölkənin nüvə infrastrukturuna ziyan vurulduğu əvvəlki münaqişələrə bənzər ssenarilərin təkrarlanmasına imkan verməyəcək.

O əlavə edib ki, istənilən yeni danışıqlar əvvəlki raundlardan fərqli olacaq və Tehran bütün mərhələlərdə öz maraqlarını qorumaq niyyətindədir.
Əraqçinin sözlərinə görə, yeni çərçivə sazişinin hazırlanması üzrə Avropa ölkələri və Beynəlxalq Atom Enerjisi Agentliyi ilə də danışıqlar aparılır.
Məlum olduğu kimi, iyunun 13-də İranla İsrail arasında 12 günlük müharibə başlayana qədər Vaşinqton Tehran arasında nüvə proqramı ilə ciddi təmaslar gedirdi. Tərəflər konsensusa çox yaxın idilər. Hər halda pozitiv dinamika müşahidə olunurdu. Amma İsrailin İrana hücumu ilə əldə olunan irəliləyişin üstündən xəttə çəkildi. 
Əslində həmin vaxt İsrailin İrana hücumunun bir məqsədi ABŞ ilə İran arasında mümkün razılığın, o cümlədən münasibətlərin yumşalmasının qarşısını almaq idi. Əslində Tehran buna müəyyən qədər nail oldu. Belə ki, müharibəyə başlayanda ABŞ İsraili dəstəkləməli oldu. 
Ancaq ABŞ əslində İranla münasibətlərin gərginləşməsində maraqlı deyil. Bunun bir neçə səbəbi var. Birincisi, ABŞ nüvə proqramı ilə bağlı diplomatik yolla həll etməyə üstünlük verir. İkincisi, İran ABŞ-yə Ərəb dünyası ilə əlaqələr üçün lazımdır. 
Fikrimcə, Tehran da Vaşinqton konstruktiv münasibətlərdə maraqlıdır və gərginlik istəmir. Əraqçinin açıqlaması da bunu göstərir. 
 Yaxın vaxtda Tehranla Vaşinqton arasında nüvə proqramı ilə danışıqlar bərpa olunmayacaq. Burada əsas məsələ ABŞ-nin İrana təzminat verməsi ilə bağlıdır. Aydındır ki, ABŞ-nin İrana hücum etmək fikri yoxdur. Amma İsrail bunu edə bilər. İranın istədiyi də budur ki, ABŞ həm də İsraili cilovlasın. Əgər Vaşinqton Təl- Əvivə bununla bağlı konkret xəbərdarlıq etsə və “qırmızı cizgiləri” göstərsə, tərəflər arasında münasibət gərginləşə bilər. Çox güman, Tehran həm də buna çalışır. 
Fikrimcə, ABŞ İrana belə bir zəmanət vermək üçün tələsməyəcək. Bu zəmanətin özü belə İsraillə münasibətlərin pisləşməsinə gətirib çıxara bilər. Yox, əgər Prezident Donald Tramp vəd verib, sonra sözünün üstündə durmasa, bu dəfə Tehranla gərginlik arta bilər. 
Odur ki, Ağ Ev soyuqqanlı və təmkinlki davranacaq. ABŞ mümkün qədər çalışacaq ki, İranla İsrail arasında növbəti eskalasiyasının qarşısını alsın. 
 
Kənan Novruzov
Seçilən
3
1
sherg.az

2Mənbələr