AZ

İndi üstünə getməyək - Nərimanı qorumaq vaxtı...

Hər şeyin çoxu zərərdir…

Əsrlərdir el-obamızın hər qarışını dolaşan bu qiymətli atalar sözünü bugünümüzün özündə də nələrə aid etmək olmaz ki?

Nifrətə. Mərhəmətə. Tərifə. Tənqidə. Hətta sevgiyə də.

İndi tərslikdən iş elə gətirib ki, bu gün 21 yaşlı Nəriman Axundzadə ən çox tənqid edilən futbolçumuz olub. Hətta o dərəcədə çox ki, bixəbər adamlara elə görsənə bilər ki, Azərbaycan futbolunun irili-xırdalı bircə problemi varsa, o da elə bu fağır Nərimandır.

İnsafən qeyd edilməlidir ki, tənqidlərin haqlı tərəfəri az deyil əlbəttə. Xüsusən 2 il yarım əvvəl Avroliqada “Braqa”ya son dəqiqədə vurduğu mühüm qələbə qolunun gətirdiyi erkən şöhrətin təsiri tezliklə özünü göstərməyə başladı. Bu qolun yaratdığı eyforiya ona gətirib çıxardı ki, sonrakı matçlarda saysız-hesabsız qol imkanları bir-bir qaçırıldı. Bu da istər-istəməz bu cavan və istedadlı hücumçumuzun karyerasını müəyyən dərəcədə zədələməyə başladı.

Amma bir həqiqəti də unutmamalıyıq ki, ötən mövsüm Misli Premyer Liqasında azərbaycanlı futbolçular arasında ən çox qol vuran da elə Nəriman olub (31 oyuna 9 qol). Düzdür, bu, istənilən halda lider komandanın bir hücumçusu üçün yüksək göstərici sayıla bilməz və yeni mövsümdə düzəldilməli məqamdır.

Lakin təkcə bu vacib detal Azərbaycan futbolunun acı reallığının - hücumçu probleminin nə qədər dərin və ağrılı olduğunu ortaya qoyur. Təsəvvür edin, Misli Premyer Liqasında ötən mövsümün bombardirləri siyahısının TOP-10-luğunda cəmi bir azərbaycanlı oyunçu yer alıb. O da elə Nəriman olub. Bu faktın özü sənədli-sübutlu təsdiq edir ki, bu gün üçün ən çox qol vuranımız elə Nərimandır. Həmin siyahıya düşən digər 9 nəfərin hamısı isə başdan ayağa kimi legionerdir. Və o legionerlərin orada çoxluq təşkil etməsinin səbəbkarı 21 yaşlı Nəriman yox, 21 ildə AFFA-da və klublarda iş görməyən bacarıqsız futbol idarəçilərinin uşaq futbolunun başına gətirdiyi müsibətlərdir.

Ona görə də istər-istəməz haqlı sual ortaya çıxır. Bəs niyə ötən mövsüm Nəriman kimi 9 qol vuran (9 qol e…) ikinci bir yerli oyunçumuz olmayıb? Deməli, problem bir tək Nərimanla və “Qarabağ”la əlaqəli deyil. Ümumən Azərbaycan futbolu hücumçu yetişdirməkdə çətinlik çəkir və bu, son 2-3 ilin yox, on illiklərin dərdidir.

Bu dərdin isə hələ də dərmanını tapan olmayıb.

Sonda qayıdaq Nərimana. Bu mövsüm onun oyununda müsbətə doğru dəyişiklik görünür. Bu məsələdə şübhəsiz ki, baş məşqçi Qurban Qurbanovun güclü təsiri hiss olunur. 21 yaşlı hücumçu artıq 5 oyuna 2 qol vurub (özü də Çempionlar Liqasında). Düzdür, qol sayı çox da ola bilərdi. Əgər ələ düşən imkanlar qaçırılmasaydı.

Amma NərimanınÇempionlar Liqasında komandası üçün faydası görməzdən gəlinməməlidir. Hücumçu kimi rəqiblərinə basqısı, onlardan “top oğurlaması”, yarımmüdafiəçilərə aktiv köməyi, sanki bəzən elə həm də yarımmüdafiəçi kimi oynaması, əzmi, mübarizliyi (Musa Qurbanlıda da bu mövsüm bu keyfiyyətlər çox görünür) xüsusi vurğulanmalıdır. İndi görünən müsbət məqam odur ki, Nəriman haqlı tənqid və tələblərdən nəticə çıxararaq öz oyununu düzəltməyə başlayır. Bu, gələcək üçün yaxşı bir mesajdır. Nəriman eyforiyanın keçə biləcəyinin (bəlkə də artıq keçdiyinin) anonsunu verir. Ötən mövsüm avrokuboklarda 8 oyunda 1 qol belə vura bilməmiş hücumçi artıq qeyd edildiyi kimi bu mövsüm ÇL-də 2 dəfə rəqib qapısına yol tapıb… “Şkendiya”ya vurduğu gözəl qol isə unudulmazdır. Davamı gəlməlidir: gözəl olsa da, olmasa da.

Təəssüf ki, hətta hər şeyin müsbətə doğru dəyişdiyi bu durumda belə Nərimanın üzərinə yersiz təzyiq və tənqidlərə (sosial şəbəkələrdə) şahid oluruq. Bilərəkdən, ya bilməyərəkdən bu gənc oyunçunun həssas, amma çox həvəsli dövründə, özü və komandası üçün can qoymağa hazır olduğu bir ərəfədə onu ruhdan sala biləcək ehtiyatsız fikirlərə rəvac veririk.

Amma necə deyərlər, hər şeyin çoxu zərərdir. Tənqid də gərək yerində, zamanında olsun: həm də ədalətlə, insafla, ədəb-ərkanla. Tənqid xatirinə tənqid olanda onun nə hökmü, nə də mötəbərliyi qalır.

Odur ki, indi Nərimanı itirmək yox, qorumaq vaxtıdır (qol.az)…

Aydın Bağırov

Seçilən
0
2
sportinfo.az

3Mənbələr