AZ

Ehtiram Quliyev “Turan”a öz pulunu xərcləyir, yoxsa başqasının?

Ehtiram Quliyev komandasından çempionluq istəməsinə görə çox qınandı.

İdarə Heyətinin sədri ağzından çıxan bir kəlməyə görə hədəfdədir bu dəqiqə də.

Əslində, əla heyəti var «Turan Tovuz»un. Ölkə çapında bütün məqsədlərə çatacaq transferlər edib o.

Hər halda yeni oyunçuların gəlməsinə yüzminlərlə dollar xərclənib. Üst-üstə hesablasaq, iş adamının cibindən 2-2,5 milyon dollar çıxıb.

Son iki mövsümü «Neftçi»də keçirmiş Filip Ozobiçə 240 min dollar ödənildiyi deyilir. 2023-cü ilin sentyabrından bəri Fransada «Sent-Etyen»in formasını geyinmiş İbrahima Vadjinin 400 min dlllar alacağı söylənilir.

"İbiza"dan (İspaniya) gəlmiş Roberto Olabenin illik gəlirinin 200 min dollara yaxın olduğu iddia edilir.

Üç ay sonra geri qayıtmış Alexandro Serranonun da həmçinin. Ötən sezonu "Valyadolid"də keçirmiş Enrike Silvanın da 300 min dollardan baha başa gəldiyi qeyd olunur.

Azərbacanda bu qədər pulu hər klub vermir. «Qarabağ», «Sabah» və «Araz-Naxçıvan» xaricində Premyer Liqanın heç bir təmsilçisi nə yerli, nə də xarici oyunçularına belə vəsait sərf edir.

Təbii ki, bazardan Ehtiram Quliyevin də xəbəri var. Üç ilə yaxındır futbol sektorundadır, hansı komandanın büdcəsinin nə qədər olmasından məlumatlıdır.

Bu səbəbdən onun Kurban Berdiyevdən yüksək nəticə tələb etməsi başadüşüləndir. «Turan Tovuz»a tarixinin ən böyük xəzinəsini ayırıb, durub deməyəcək ki, mən dördüncü-beşinci yerlərdən birini istəyirəm.

Düzdür, çempionluq iddiasını dilə gətirməklə, bir balaca «doza»nı qaldırıb, amma yenə də bir iş adamı olaraq onu «çarmıxa çəkməməliyik».

Ötən yay avrokuboklara vəsiqə niyyəti ilə Kurban Berdiyevi görəvə gətirmişdi. «Baba» söz verdi, lakin vədini yerinə yetirmədi.

Bu yay ona daha çox pul ayırdı və fikrini konkret ifadə edir indi - bəlkə də qəsdən «yuxarıdan biçir» ki, Berdiyev, heç olmasa, çempionatda ilk üç yerdən birini tutsun.

Şekspir bir gün oğlundan soruşur ki, böyüyəndə nə olmaq istəyirsən?

Oğlu cavab verir - Şekspir olmaq istəyirəm.

Şekspir gülür və oğluna deyir: Mən uşaq olanda Allah olmaq istəyirdim, böyüyüb Şekspir oldum.

Bilmirəm Ehtiram Quliyev «Turan Tovuz»a şəxsi vəsaitini xərcləyir, ya başqasının, başa düşdüyüm odur ki, o, hədəfi yüksək götürsə də, istiqaməti səhv seçib.

Kurban Berdiyevin oynatdığı futbolun komanda tərəfindən qəbul edilmədiyini anlamağa çətinlik çəkir. Baş məşqçi bütün təkidlərə, məsləhətlərə rəğmən, taktiki baxışlarını təkrar nəzərdən keçirməkdən, ona hansısa düzəlişlər etməkdən israrla boyun qaçırır.

Çətin xasiyyətli, ağır təbiətli və tutduğunu rəhmətlik dədəsinə də verməyən biridir. 73 yaşı var və yaşından dolayı «kaprizlər»i də çoxdur.

«Turan» bu heyətlə baxımlı və səliqəli oynamağa, əla nəticələr qazanmağa qadirdir. «Baba»nın sistemi komandanı buxovlayıb, dar bir çərçivəyə alıb onu.

İndi Ehtiram Quliyevdən cəsarət istəyirəm ki, 180 dərəcə dönüş etsin, ziyanın yarısından qayıtmağa özündə təpər tapsın. Yeganə yol rusiyalı mütəxəssisi gecikmədən, çox gözləmədən istefaya göndərməkdir.

Belə eləməsə, kluba ayrılan milyonlar daha ötən mövsümdəki kimi küçəyə səpələnəcək.

Çünki Berdiyevin futbolu cansıxıcıdır, sabaha ümid vermir və komanda yenə bir yerdə dayanacaq, yuxarı pillələr uğrunda axıradək tab gətirməyəcək.

MUSA

Seçilən
2
sportinfo.az

1Mənbələr