AZ

5 15 min manata ucuz evlər: A freymlər təhlükəlidir? Ekspert rəyi

ain.az, Bakupost portalına istinadən məlumat verir.

Son vaxtlar cəmi 1 həftəyə tikilən və qiyməti 5 mindən başlayan A-freym tipli daşınan evlərə maraq artıb. Bu evlər həm mülkiyyət, həm də icarə əsasında istifadə edilən torpaq sahələrində quraşdırıla bilir. Kanalizasiya sistemi isə ya ümumi şəbəkəyə, ya da şamboya qoşulur. Sahibkarların sözlərinə görə, A-freym evlər daşınan olduqlarından onların quraşdırılması üçün xüsusi icazə tələb olunmur.

Bəzi vətəndaşlar bu evləri sərfəli və rahat hesab etsə də, digərləri təhlükəsizlik və icazə məsələləri ilə bağlı tərəddüdlərini bildirirlər.

Maraqlıdır, bu tip evlərin ölkəmizdə populyarlaşması daşınmaz əmlak bazarında qiymətlərin enməsinə səbəb ola bilərmi? Onlar nə dərəcədə təhlükəsizdir?

Əmlak eksperti Elnur Fərzəliyev Bakupost.az -a açıqlamasında bildirib ki, söhbət həm taxtadan hazırlanan A-freym, həm də hazır ölçülü konteyner evlərdən gedir:

“Bu evlərin qiyməti 5 mindən 15 min manata qədər dəyişir. Daha baha variantları da var. Minimal qiymət əsasən, reklam xarakterlidir və ən kiçik ölçülü evlərə aiddir. Onlar daimi yaşayış üçün nəzərdə tutulmayıb, əsasən, tikinti ərazilərində ofis kimi, yaxud bağ evlərində yaşayış yeri kimi istifadə olunur. Çıxarış verilmir. Əgər bünövrəsi yoxdursa və kökü yerə bərkidilməyibsə, sənədsiz, müvəqqəti əmlak hesab olunur”.

Ekspertin sözlərinə görə, bina evləri ilə müqayisədə A-freym evələrin qiymət fərqi böyükdür, amma onların daşınmaz əmlak bazarına ciddi təsir göstərməsi real deyil:

“Torpaq sahələrinin qiyməti kifayət qədər bahadır. Bundan başqa, Azərbaycanda mental dəyərlərə görə insanlar daha çox daş evlərə üstünlük verirlər. ABŞ, Avropa və Rusiyada taxta evlər geniş yayılıb, bizdə isə əsasən kafe, restoran, kotteclər və ya turistik zonalarda belə evlərdən kirayə məqsədilə istifadə olunur. Ona görə də onların mənzillərin qiymətlərinə ciddi təsir etməsi gözlənilmir”.

Digər əmlak eksperti Şahin İsmayılov isə təhlükəsizlik baxımından A-freym evlərin problemli olmadığını deyib:

“Bu evlərin aşma və dağılma riski yoxdur. Onlar dəmirdən olur və ya konteyner tipində yığılır. Daşınan olduqları üçün istənilən yerə yerləşdirmək mümkündür və icazəyə ehtiyac yoxdur. Hazırda bu evlərin satışı geniş yayılıb. Adlarını dəqiq bilməsəm də, bir neçə şirkət bu sahədə fəaliyyət göstərir. İstənilən sahəyə uyğun yığılır, tam təmin olunur. Hətta iki mərtəbəli variantları da mövcuddur”.

Ekspertin sözlərinə görə, hazır evlər təhvil verilərkən elektrik avadanlıqları və sanitar qovşaqlar quraşdırılır:

“Əgər həyətə qoyulursa və kanalizasiya varsa, qoşulur. Yoxdursa, Bakının bəzi həyət evlərində olduğu kimi, sadəcə quyu qazılır və su orada toplanır”.

Lalə Novruz,

BakuPost

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
3
1
www.bakupost.az

2Mənbələr