AZ

Rusiya qaydaları sərtləşdirdi: Miqrantları nə gözləyir? – Yeni sistemin detalları açıqlandı

Sentyabrın 1-dən etibarən Rusiyanın paytaxtı Moskvada miqrantları izləməyə imkan verəcək elektron tətbiq istifadəyə veriləcək. Rusiyanın Moskvada miqrantları izləməyə imkan verəcək elektron tətbiqi nəyə hesablanıb? Bu cür sistem insan hüquqları və şəxsi məlumatların qorunması baxımından hansı riskləri yarada bilər? Belə bir nəzarət sistemi beynəlxalq miqrasiya və insan hüquqları standartlarına uyğun hesab oluna bilərmi?
 
Məsələ ilə bağlı Moderator.az-a danışan Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü, “Avrasiya
Miqrasiya Təşəbbüsləri Platforması” İctimai Birliyinin sədri, sosial fəlsəfə üzrə fəlsəfə doktoru, Millət vəkili Azər Allahverənov bildirib ki, Rusiyada miqrasiya proseslərinə dövlət nəzarətinin daha təkmil şəkildə qurulması istiqamətində hökumət müəyyən yeniliklər həyata keçirir.  Onun sözlərinə görə,  bu yeniliklər bəzən qaydaların sərtləşdirilməsi, bəzən isə əlavə prosedurların tətbiqi ilə müşahidə olunur:
 
“Məsələn, elektron tətbiq vasitəsilə miqrantların hərəkətinə dair məlumatların toplanması bu yeniliklərdən biridir. Bu yolla miqrantların hərəkət istiqamətləri izlənilir və onların davranışı barədə müəyyən təsəvvür formalaşdırılır.
İnsan hüquqları baxımından məsələyə gəldikdə isə, bu, pozuntu sayılmır. Əgər miqrant könüllü şəkildə razılıq verirsə və bu, miqrasiya nəzarətinin bir tərkib hissəsi kimi ona əvvəlcədən izah olunursa, insan hüquqlarının pozulmasından söhbət gedə bilməz.
Əgər tətbiq məhkəmə və ya miqrasiya xidməti kimi aidiyyəti qurumların tələbi ilə məcburi şəkildə tətbiq edilirsə, bu halda da yalnız rəsmi və hüquqi prosedurlar çərçivəsində həyata keçirildikdən sonra qanun pozuntusu hesab olunmur”.
 
Millət vəkili bəzi dövlətlər də buna bənzər sistemlərdən istifadə edildiyinə diqqət çəkib:
 
“Burada əsas məsələ şəxsi məlumatların qorunmasıdır. Əgər tətbiq qanunvericiliyə uyğun şəkildə şəxsi məlumatların qorunması normalarına cavab verirsə, bu zaman pozuntu hesab edilmir. Lakin bəzi hallarda şəxsi məlumatların qorunmaması səbəbindən qanun pozuntusu kimi qiymətləndirilə bilər.
Məsələn, əgər miqrantın xəbəri olmadan belə bir tətbiq istifadəyə verilir və onun iradəsinə zidd olaraq hərəkət istiqamətləri barədə məlumat toplanırsa, bu artıq qanun pozuntusu hesab edilə bilər. Əgər bu prosesin həyata keçirilməsi üçün hüquqi əsaslar – məsələn, məhkəmə qərarı və ya miqrasiya qanunvericiliyində nəzərdə tutulmuş qaydalar yoxdursa, vəziyyət daha da qanunsuz xarakter daşıyır.
Bundan əlavə, şəxsi məlumatların toplanması prosesində lazımi müdafiə təmin olunmazsa və bu məlumatlar başqa məqsədlər üçün istifadə edilərsə, bu da qanun pozuntusu sayılır. Belə tətbiqlər şəxsin şəxsi həyatına müdaxilə, onun toxunulmazlığının pozulması və hərəkət azadlığının məhdudlaşdırılması kimi nəticələrə gətirib çıxara bilər. Əgər bu, İnsan Hüquqları üzrə Avropa Konvensiyasının 8-ci maddəsinə uyğunluq təşkil etməzsə, yenə də pozuntu hesab olunur”.
 
Millət vəkili  vurğulayıb ki, belə tətbiqlərin istifadəyə verilməsi üçün mütləq hüquqi bazanın olması mütləqdir:
 
“Proses könüllülük prinsiplərinə əsaslanmalı və şəxsi məlumatların qorunması dövlət tərəfindən zəmanətli şəkildə təmin edilməlidir. Yalnız bu halda tətbiqin istifadəsi qanuna zidd hesab olunmur və miqrasiya axınları üzərində effektiv nəzarət vasitəsi kimi dəyərləndirilə bilər.
Miqrantların bu prosesə münasibətinə gəlincə, hüquqi baxımdan hər hansı problemi olmayan şəxslər adətən belə tətbiqlərin istifadəsindən narahat olmur. Çünki onların hərəkət istiqamətləri barədə məlumatların aidiyyəti strukturlar tərəfindən toplanması onlar üçün ciddi problem yaratmır.
Məsələn, pandemiya dövründə Azərbaycanda da oxşar məhdudiyyətlər tətbiq olunmuşdu. Covid-ə yoluxmuş şəxslər müəyyən müddət ərzində yaşadıqları ünvandan kənara çıxa bilmirdilər. Belə halda onların hərəkət istiqamətləri barədə məlumat dərhal aidiyyəti strukturlar tərəfindən aşkarlanırdı”.
 
Azər Allahverənov xatırladıb ki, pandemiya dövründə buna bənzər elementlərin tətbiqinə şahid olmuşduq, lakin sonradan həmin məhdudiyyətlər aradan qaldırıldı:
 
“İndi isə Rusiya hökuməti bu yanaşmanı daha geniş formada miqrant axınları üzərində tətbiq etmək niyyətindədir. Bu sistemin praktiki olaraq nə dərəcədə effektiv və işlək olacağını isə zaman göstərəcək. Tətbiq qüvvəyə mindikdən sonra müəyyən çatışmazlıqların və problemlərin üzə çıxması mümkündür. Digər tərəfdən, burada hər bir şəxs üzərində total nəzarətdən söhbət getmir. Rusiyada milyonlarla miqrant yaşayır və onların hamısının hərəkətlərinə tətbiq üzərindən daimi nəzarətin aparılması dövlət üçün əlavə çətinliklər yarada bilər. Böyük ehtimalla, selektiv yanaşma tətbiq ediləcək və yalnız müəyyən potensial şəxslər üzərində nəzarət həyata keçiriləcək. Bu isə, təbii ki, ehtimal kimi qiymətləndirilə bilər. 
Eyni zamanda, layihənin ilk mərhələdə daha çox Moskva ilə bağlı olduğu görünür. Çünki yalnız paytaxtda miqrantların sayı bir neçə milyon təşkil edir. Bu səbəbdən, sistemin Moskva miqrantları üzərində sınaqdan keçirilməsi bir pilot layihə kimi dəyərləndirilə bilər. Əgər nəticələr səmərəli olarsa, gələcəkdə bütün Rusiya ərazisində miqrant axınlarına nəzarət üçün tətbiq oluna bilər. Bu isə artıq strateji baxımdan aidiyyəti dövlət qurumlarının üzərində düşündüyü məsələdir”.
 
Mehin Mehmanqızı
 
Seçilən
112
36
moderator.az

10Mənbələr