AZ

“The Guardian”: Avropa Ukraynaya qoşun göndərməkdən ehtiyatlanır  

Avropa ölkələri ABŞ-nin onlara həyati əhəmiyyət kəsb edən kəşfiyyat məlumatları verməkdə davam edəcəyinə əmin deyillər. Bu barədə Britaniyanın “The Guardian” qəzeti yazır.

Avropa ölkələri Vaşinqtonun istənilən vaxt onlarla kəşfiyyat məlumatlarını paylaşmağı dayandıra biləcəyindən narahat olduqları üçün Ukraynaya qoşun göndərməkdən çəkinirlər. Bu barədə Brüsseldə yerləşən Avropa Siyasət Mərkəzinin eksperti Pol Teylor qəzetdəki köşə yazısında məlumat verib.

“Müharibədən sonrakı Ukraynanı dəstəkləmək üçün quru qoşunları, hava qüvvələri, raket əleyhinə müdafiə vasitələri, donanma və ya təlimçilər göndərmək məsələsini nəzərdən keçirən Avropa hökumətləri Rusiyanın yeni silah tətbiq edəcəyi və ya hərbi əməliyyatları davam etdirəcəyi təqdirdə ABŞ-nin onları həyati əhəmiyyətli kəşfiyyat, müşahidə və kəşfiyyatla təmin etməyə davam edəcəyinə əmin ola bilməz”, o yazıb.

Teylor qeyd edib ki, Avropa liderləri Kiyevə hərbi və maliyyə dəstəyini artırmağa və müharibədən sonrakı etibarlı təhlükəsizlik planı hazırlamağa çalışarkən daxildə “siyasi və iqtisadi problemlərlə də üzləşirlər”. 

Ekspert bildirib ki, Avropa dövlətlərinin “hər cür atəşkəsi təmin edə biləcəklərinə” ciddi şübhələr var. Onun dediyinə görə, Avropa ABŞ-nin etibarlı dəstəyi olmadan Rusiyanı cilovlamaq üçün lazım olan siyasi və hərbi imkanlara malik deyil.

Rizvan CƏFƏROV,

“Azərbaycan”

Seçilən
0
azerbaijan-news.az

1Mənbələr