AZ

İran yenidən MAQATE-nin təftişinə icazə verdi  

İranda Ali Milli Təhlükəsizlik Şurası Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (MAQATE) müfəttişlərinə Buşəhr Atom Elektrik Stansiyasında və Tehran Araşdırma Mərkəzində yoxlamalar aparmağa icazə verdikdən sonra, ölkədə qızğın müzakirələr başlayıb. Məlum olduğu kimi, bir müddət əvvəl  parlament agentliklə əməkdaşlığı məhdudlaşdıran qanun qəbul edib.

Parlamentin spikeri Məhəmməd Bağer Qalibaf iclasda yoxlamaların təsdiqləndiyini bildirib.

Bu, bəzi deputatların tənqidinə səbəb olub, onlar qərarı MAQATE ilə məhdud əməkdaşlıq tələb edən qanun pozuntusu hesab ediblər.

Mühafizəkar fikirləri ilə tanınan Tehran parlamentinin deputatı Kamran Qəzənfəri Prezident Məsud Pezeşkianın rəhbərlik etdiyi şuranın qərarını “qanunsuz” adlandırıb və məsələni məhkəmə orqanlarına çatdıracağını vəd edib.

Digər mühafizəkar deputat Əmir Hüseyn Sabeti xarici işlər naziri Abbas Əraqçidən MAQATE ilə razılaşmanın təfərrüatlarını açıqlamasını tələb edib. O, həmçinin agentliyin müfəttişlərini casusluqda ittiham edib.

Bundan əvvəl İran parlamenti MAQATE ilə əməkdaşlığın dayandırılmasını nəzərdə tutan qanunu qəbul edib və Tehran bu qurumu İsrail və ABŞ-nin hücumlarına yardım etməkdə, həmçinin casusluqda suçlayıb.

Agentliyin rəhbəri Rafael Mariano Qrossinin İsrail və ABŞ-nin İranın nüvə obyektlərinə hücumlarını qınamaması İranda xüsusi hiddətə səbəb olub.

İyunun 26-da qəbul edilən və Mühafizəçilər Şurası tərəfindən də təsdiq edilən qanun hökuməti MAQATE müfəttişlərinin ölkəyə girişini qadağan etməyə və bütün yoxlamaları tamamilə dayandırmağa məcbur edir. O, həmçinin yüksək rütbəli İran rəsmilərinin “casus” adlandırdığı Qrossi ilə hər hansı əlaqəni qadağan edib.

Qanuna görə, bu məhdudiyyətlərin aradan qaldırılması yalnız İranın nüvə hüquqlarının tanınması və təhlükəsizlik qarantiyalarının təmin edilməsi və yalnız Ali Milli Təhlükəsizlik Şurasının təsdiqi ilə baş verə bilər.

Rizvan CƏFƏROV,

“Azərbaycan”

Seçilən
15
azerbaijan-news.az

1Mənbələr