Azərbaycanda ordu quruculuğu sahəsində həyata keçirilən uğurlu islahatların ictimaiyyətə çatdırılmasında, hərbi-vətənpərvərlik dəyərlərinin təbliğində və dezinformasiyalara qarşı mübarizədə fəallığı ilə seçilən bir qrup media nümayəndəsi Müdafiə Nazirliyi tərəfindən təltif olunub.
“Poliqon”un məlumatına görə, təltif edilənlər sırasında POLİQON JURNALI MMC-nin direktoru və eyni adlı jurnalın baş redaktoru Zaur Babaşov da var.
Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənovun müvafiq əmrinə əsasən, Zaur Babaşov “Hərbi əməkdaşlığa görə” döş nişanı ilə təltif edilib.
Mükafat Zaur Babaşova Müdafiə Nazirliyinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsində keçirilən tədbirdə, nazirliyin Şəxsi Heyət Baş İdarəsinin rəisi, general-mayor Müşfiq Məmmədov tərəfindən təqdim olunub.
Tədbirdə çıxış edən general-mayor Müşfiq Məmmədov media nümayəndələrinin fəaliyyətini yüksək qiymətləndirərək, onların Azərbaycan Ordusunun gündəlik fəaliyyəti, aparılan islahatlar və hərbi-vətənpərvərlik mövzusunda maarifləndirici materialların ictimaiyyətə çatdırılmasında mühüm rol oynadıqlarını xüsusi vurğulayıb.