İlham Əliyevin Türkmənistan Xalq Məsləhətinin sədri ilə təkbətək görüşü olub
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkmənistana səfəri çərçivəsində Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov ilə keçirilən təkbətək görüş iki ölkə arasında mövcud olan qardaşlıq münasibətlərinin yüksək səviyyəsini bir daha təsdiqlədi. Görüş zamanı Azərbaycan və Türkmənistan arasında tarixi, mədəni və dini yaxınlıqdan qaynaqlanan əlaqələrin strateji mahiyyət daşıdığı vurğulandı. Tərəflər bu münasibətlərin əsasında qarşılıqlı etimad və hörmətin dayandığını qeyd edərək, əlaqələrin təkcə siyasi deyil, həmçinin iqtisadi, energetika, nəqliyyat, mədəniyyət və humanitar sahələrdə də uğurla inkişaf etdiyini bildirdilər. İlham Əliyev və Qurbanqulu Berdiməhəmmədov ölkələr arasında əlaqələrin bu səviyyəyə çatmasında liderlər səviyyəsində formalaşmış dostluq münasibətlərinin xüsusi rol oynadığını qeyd etdilər. Təkbətək görüş zamanı regional və beynəlxalq əhəmiyyət daşıyan məsələlər ətrafında da fikir mübadiləsi aparıldı. Xüsusilə, Xəzər dənizinin hüquqi statusunun qorunması, bölgədə sülh və sabitliyin təmin olunması, eləcə də nəqliyyat dəhlizlərinin inkişaf etdirilməsi məsələləri gündəmdə idi. Görüş zamanı həmçinin vurğulandı ki, Azərbaycan və Türkmənistan arasında əməkdaşlıq təkcə dövlətlərarası deyil, həm də xalqlar arasında qarşılıqlı hörmətə və ortaq dəyərlərə əsaslanır. Prezident İlham Əliyev Türkmənistanın sabiq Prezidenti və hazırkı Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun ölkənin inkişafında oynadığı rolu yüksək qiymətləndirdi və onun rəhbərliyi dövründə Türkmənistan-Azərbaycan münasibətlərinin möhkəm təməllər üzərində qurulduğunu xüsusi qeyd etdi. Görüşün səmimi və dostluq şəraitində keçməsi bir daha göstərdi ki, Azərbaycan və Türkmənistan arasında əlaqələr sabit, davamlı və gələcəyə yönəlib. Bu təkbətək müzakirələr ölkələr arasında strateji əməkdaşlığın daha da dərinləşməsi üçün yeni imkanlar açdı və tərəflər bu istiqamətdə qarşılıqlı dəstəyin davam etdiriləcəyini bildirdilər.
Kənan Quliyev
YAP Laçın rayon təşkilatının məsləhətçisi