AZ

Gənclər ali yox, peşə təhsilinə üstünlük verir - xarici təcrübə

Bəzi ölkələrdə əhali ali təhsildən daha çox peşə təhsilinə üstünlük verir.

AzEdu.az-ın araşdırmasına görə, bu yanaşma həm əmək bazarının tələbləri, həm də insanların daha tez iş həyatına atılmaq istəkləri ilə bağlıdır.

Almaniyada peşə təhsili ən güclü inkişaf etmiş sahələrdən biridir. Burada “dual sistem” adlanan model geniş yayılıb. Tələbələr həm məktəbdə nəzəri biliklər alır, həm də müəssisələrdə praktiki təcrübə qazanırlar. Statistikaya görə, Almaniyada gənclərin təxminən yarısı ali təhsildən çox peşə təhsilini seçir. Bu sistem ölkədə işsizliyin azalmasına və ixtisaslı kadrların hazırlanmasına mühüm təsir göstərir.

İsveçrədə də peşə təhsilinə maraq çoxdur. Burada məktəbi bitirən şagirdlərin 60 faizdən çoxu peşə təhsilinə yönəlir. İqtisadiyyatın müxtəlif sahələri üzrə mütəxəssis hazırlığına böyük diqqət yetirilir və peşə məktəblərində oxuyanların əmək bazarına uyğunlaşması daha sürətli olur.

Avstriyada peşə təhsili həm dövlət, həm də özəl sektor tərəfindən dəstəklənir. Şagirdlərin əksəriyyəti müxtəlif ixtisaslara yiyələnmək üçün peşə məktəblərinə üz tutur. Bu isə gənclərin həm təhsil müddətində, həm də məzun olduqdan sonra işlə təmin olunmasını asanlaşdırır.

Cənubi Koreyada da son illərdə peşə təhsilinə maraq artıb. Texnologiya və sənaye sahələrinin sürətli inkişafı ixtisaslı işçilərə ehtiyacı artırır. Bu səbəbdən gənclər universitet təhsilinə çox vaxt uzun və baha proses kimi baxır, peşə məktəblərinə yönəlməyi daha sərfəli sayırlar.

Azərbaycanla müqayisədə, bu ölkələrdə peşə təhsili daha nüfuzlu və gəlirli hesab olunur. Azərbaycanda isə hələ də ali təhsil diplomu daha çox dəyər daşıyır və bir çox ailələr uşaqlarının universitet oxumasını üstün tuturlar. Lakin əmək bazarının real ehtiyacları nəzərə alınaraq peşə təhsilinə marağın artırılması istiqamətində son illərdə addımlar atılır.

Seçilən
9
1
azedu.az

2Mənbələr