2025–2026-cı tədris ili öncəsi Türkiyənin Təhsil Nazirliyi yeni bir qərarla ölkə təhsil sistemində diqqətçəkən bir dəyişikliyə imza atıb.
AzEdu.az türk mediasına istinadən xəbər verir ki, indiyə qədər yalnız şagirdlərə tətbiq edilən mobil telefon qadağası artıq müəllimləri də əhatə edəcək. Nazirliyin göndərdiyi yeni təlimata əsasən, müəllimlərin dərs zamanı mobil telefonlardan istifadə etməsi rəsmi olaraq qadağan olunub. Bu qərar sinif daxilində daha effektiv tədris mühiti yaratmaq və müəllim-şagird qarşılıqlı əlaqəsini gücləndirmək məqsədi daşıyır. Yeni qaydalara görə, müəllimlər texnoloji vasitələrlə əlaqə saxlamalı olduqda yalnız rəsmi təhsil platformalarından istifadə etməlidirlər.
Yeni qərar Türkiyədə təhsil prosesinin keyfiyyətini artırmaq üçün atılan struktur islahatların bir hissəsi kimi təqdim edilir. Bu addımın məqsədi siniflərdə müəllimlərin diqqətinin tam şəkildə dərsə yönəlməsini təmin etmək və texnologiyanın potensial yayındırıcı təsirlərini minimuma endirməkdir. Nazirlik, texnoloji alətlərin təhsildə düzgün istifadəsinin tərəfdarı olduğunu bildirsə də, şəxsi istifadə məqsədli telefonların sinifdə istifadəsinin həm müəllim, həm də şagirdlər üçün mənfi nəticələr doğurduğunu vurğulayır.
Təlimatda həmçinin qeyd olunub ki, rəsmi yazışmalar, elektron tapşırıqlar və digər təhsil məqsədli fəaliyyətlər yalnız dövlət tərəfindən təsdiqlənmiş platformalar üzərindən həyata keçirilməlidir. Bu isə həm təhlükəsizlik, həm də məlumat axınının izlənilə bilməsi baxımından əhəmiyyətli sayılır.