AZ

Ceyhun Bayramov Con Mulimba ilə görüşdü

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Uqandanın xarici işlər üzrə dövlət naziri Con Mulimba arasında görüş keçirilib.

Bu barədə Publika.az-a Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, görüşdə Azərbaycan-Uqanda münasibətlərinin siyasi, iqtisadi, ticarət, enerji təhlükəsizliyi, humanitar və s. aspektləri, regional və beynəlxalq təşkilatlar, o cümlədən Birləşmiş Millətlər Təşkilatı, Qoşulmama Hərəkatı, Afrika İttifaqı çərçivəsində əməkdaşlıq məsələləri, habelə regional məsələlər müzakirə olunub.

Azərbaycan və Uqanda arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü münasibətilə qarşılıqlı təbriklərini çatdıran tərəflər, ikitərəfli və çoxtərəfli əməkdaşlığın inkişaf etdirilməsi üçün geniş perspektivlərin mövcudluğunu məmnunluqla qeyd ediblər.

Ölkənin Qoşulmama Hərəkatına sədrliyi çərçivəsində irəli sürülən təşəbbüslərin həyata keçirilməsi, o cümlədən Hərəkatın Gənclər Təşkilatının əsasının qoyulması zamanı sərgilənən birgə əməkdaşlığın əhəmiyyəti qeyd edilib. Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə intensiv xarakter alan münasibətlərin Uqandanın Hərəkata sədrliyi zamanı da davam etdirilməsinin əhəmiyyəti vurğulanıb.

Ceyhun Bayramov həmçinin müqabil tərəfə ölkənin alternativ enerji mənbələrinin inkişafı və istifadəsinin genişləndirilməsi üzrə təşəbbüs və planları barədə ətraflı məlumat verib, bərpaolunan enerji sahəsinin əməkdaşlığın inkişaf etdirilməsi üzrə potensial istiqamətlərdən biri olduğunu diqqətə çatdırıb.

Dövlət xidmətlərinin göstərilməsi sahəsində Azərbaycanın "ASAN Xidmət" modelinin Uqandada uğurlu tətbiqinin iki ölkə arasında təcrübə mübadiləsinin faydalılığının göstəricisi olduğu vurğulanıb.

Seçilən
44
9
publika.az

10Mənbələr