Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə, Xəzər dənizində 5,5 bal gücündə zəlzələ qeydə alınıb. AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin açıqlamasına əsasən, Dağıstanda baş verən təkanların maqnitudası 5,3 olub, ocaq isə 66 kilometr dərinlikdə yerləşib. Zəlzələ Quba, Xınalıq, Qusar, Bakı, Sumqayıt və digər şəhərlərdə 3–4 bal gücündə hiss olunub. Hadisə əhali arasında narahatlıq yaradıb.
Baş vermiş təkanlar paytaxtda və bölgələrdə də güclü zəlzələ ehtimalını artırıb.
Məsələ ilə bağlı News24.az-a danışan Geologiya və Geofizika İnstitutunun Seysmologiya və Seysmik Təhlükənin Qiymətləndirilməsi şöbəsinin müdiri Qulam Babayev bildirib ki, Azərbaycanda hiss olunan zəlzələlər qaçılmazdır.
"Dünyada tektonik və seysmik aktivlik güclənib və bu proses davam edir. Azərbaycan ərazisində də hiss olunan zəlzələlər olacaq. Bu, qaçılmazdır. Mən əvvəllər də demişdim ki, zəlzələlərin tamamilə dayanması mümkün deyil. Çünki tektonik qırılmalar bir-birilə əlaqədardır. Ola bilməz ki, bir blok hərəkətdə olsun, digər blok isə sakit qalsın. Ona görə də Azərbaycanda da təkanlar hiss olunacaq”.
Qulam Babayev qeyd edib ki, dağıdıcı zəlzələ təhlükəsi yoxdur:
“Azərbaycanda güclü, yəni dağıdıcı zəlzələ gözlənilmir. Çünki bizim ərazidə yerdəyişmə sürəti aktiv deyil. Bu baxımdan insanlar təşvişə düşməməlidirlər. Daha çox təhlükəli hesab edilən zonalar Sakit okeanın bəzi əraziləridir. Orada seysmik aktivlik və gərginlik qat-qat yüksəkdir. Təxminən Şabran zonasından başlayaraq Şamaxı və oradan da Gəncəyə qədər olan ərazi əsas seysmoloji həssas nöqtələr sayılır”.
Seysmoloqun sözlərinə görə, seysmik proseslər ilin sonuna qədər davam edəcək:
“Təbii ki, tektonik hərəkətlilik birdən-birə dayanmayacaq. İlin sonuna qədər hiss olunan zəlzələlər müşahidə olunacaq. Lakin təkrar vurğulayıram ki, bunların dağıdıcı olması ehtimalı çox aşağıdır. Sadəcə, insanlar bu təkanları hiss edəcəklər”.
Aqil Qarayev