AZ

"Azərbaycanlılara qarşı yeni qanun Rusiyaya çox ciddi zərbə vuracaq"

Sentyabrın 1-dən etibarən Moskvada miqrantları izləməyə imkan verəcək elektron monitorinq tətbiqi istifadəyə veriləcək. Bu barədə məlumatı “İnterfaks” dərgisi Moskva meri Sergey Sobyaninə istinadən yayıb. Bildirilir ki, yeni sistem miqrantların harada olduqlarını öyrənməyə imkan verəcək.

Rusiyada çalışan azərbaycanlı miqrantların sayı da kifayət qədər böyükdür. Yeni sistem isə onların gündəlik həyatı və iş fəaliyyətinə hansı təsirləri göstərə bilər?

Mövzu ilə bağlı Ölkə.az-a danışan politoloq Samir Hümbətov bildirib ki, Rusiya bu münasibəti artıq bütün miqrantlara tətbiq etməyə başlayır.

Onun sözlərinə görə, bu addım, əslində, Rusiyaya çox ciddi zərbə vuracaq:

"Düzdür, onlar elə bilir ki, bu cür primitiv üsulları tətbiq etməklə istəklərinə nail olacaqlar. Bu, daha çox belə hesablanır ki, Rusiya-Ukrayna müharibəsinə miqrantları sıxışdırmaqla cəlb edərək məqsədinə daha asan nail olacaq. Amma mən düşünürəm ki, bu cür yanaşmalar - xüsusən də istər azərbaycanlılar olsun, istər Orta Asiya ölkələrindən olsun - Rusiyanın özünə zərbədir. Yəni son nəticədə həmin vətəndaşlar bu və ya digər formada mülklərini satıb öz ölkələrinə qayıda bilərlər, yaxud işlədiyi yeri tərk edib başqa bir yerdə də işləyə bilərlər. 

Rusiyanın bu gün işçi qüvvəsini təmin edən miqrantların sayının azalması Moskva üçün ciddi bir təhdiddir. Ona görə ki, işçi bazarını itirmiş olur. Digər tərəfdən, onların yerini dolduracaq şəxslər – vətəndaşlar və ya miqrantlar o halda alternativ bazarlardan, məsələn, Afrikadan, Cənub-Şərqi və ya Cənubi Asiya ölkələrindən Əfqanıstana vəsait gətirməlidirlər. Burada isə Rusiyanın təhlükəsizlik məsələsi ön plana çıxır, çünki həmin bölgələrdən gətiriləcək işçilərin nə dərəcədə etibarlı olacağı sual altındadır.

Ona görə Rusiyada bu qanunu qəbul etsələr, hətta tətbiq etməyə çalışsalar belə, onun ciddi bir effekti olacağını düşünmürəm. Azərbaycanlılar orada artıq müəyyən bir mövqeyə sahib olublar və o mövqeyi Rusiya sarsıdacaqsa, Azərbaycan qarşılıqlı addımları ata bilər. O baxımdan fikrimcə, yəqin ki, Rusiya Azərbaycana inad olaraq bunu edəcək ağılsız addım atmaz".

Həmidə İbrahimova

Seçilən
9
1
olke.az

2Mənbələr