“Keçən dövr ərzində xüsusən bölgələrdə yaşanan canlanma onu deməyə əsas verir ki, yarış öz məqsədinə çatmağı bacarır”.
Bu sözləri Sportinfo.az-a açıqlamasında Peşəkar Futbol Liqasının (PFL) texniki-idman direktoru Elgiz Abbasov deyib.
PFL rəsmisi II Liqanın yaradılması ideyasının ozünü doğrultduğunu bildirib:
“Məlum olduğu kimi, II Liqa 2023-cü ildə AFFA İcraiyyə Komitəsinin qərarı ilə təsis edilib və çempionatın keçirilməsinə nəzarət və rəhbərlik Peşəkar Futbol Liqasına həvalə olunub.
Yarıpeşəkar statuslu yarış futbolçuların ustalığının yüksəldilməsi, Azərbaycanın regionlarında çıxış edən peşəkar, eləcə də həvəskar oyunçuların futbolla məşğul olmasının təmin edilməsi, kütləviliyin artırılması və ən nəhayət, ölkə ərazisində sağlam həyat tərzinin təbliği missiyalarını özündə ehtiva edir.
Çatışmazlıqlar var və olacaq, lakin əsas məsələ hər yeni mövsümün əvvəlkindən daha yaxşı təşkil edilməsidir.
Artıq II Liqada iki mövsüm geridə qalıb və indi üçüncü mövsümə hazırlıq gedir. 2025/26-ci il mövsümündə Premyer Liqada komanda sayının artırılması aşağı liqalara da təsirsiz ötüşməyib.
Belə ki, bu dəfə II Liqadan 3 komanda birbaşa I Liqaya vəsiqə qazandı. İdman prinsiplərinə əsasən, sonuncu yeri tutan komanda yarışla vidalaşdı.
Bu isə çempionatın yeni tərkibinin formalaşdırılması və Liqanın struktur məsələlərini gündəmə gətirirdi. Yekunda 12 komandalı yarışın keçirilməsi məqsədəuyğun hesab edildi”.