ain.az, Azvision portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
AzVision.az xəbər verir ki, mənbələrə istinad edən “Bloomberg” agentliyi belə məlumat yayıb. - “Bloomberg News” portalının televiziya hesabatları, parlament sənədləri və digər ictimai sənədlərin təhlilinə əsasən, Çin lideri şəxsən təyin etdiyi generalların təxminən beşdə birini işdən çıxarıb”, - agentliyin dərc etdiyi materialda deyilir. Hələ bu ilin aprelində “Financial Times (FT)” qəzeti öz mənbələrinə istinadən yazmışdı ki, Si Cinpin Çin Xalq Azadlıq Ordusunun ikinci rütbəli generalı He Veydunu korrupsiyaya görə tutduğu vəzifəsindən azad edib. General Mərkəzi Hərbi Komissiyanın (MHK Si Cinpinin başçılıq etdiyi Çin ordusunun ümumi idarəçiliyinə cavabdehdir) sədr müavini idi. Mənbələrdən biri onda generalın saxlanıldığını iddia etmişdi. Maraqlıdır ki, yüksək rütbəli hərbçinin saxlanması ilə bağlı məlumatlar mart ayında, He Veydun Pekində illik Ümumçin Xalq Nümayəndələri Konqresinin bağlanış mərasimində ictimaiyyət qarşısında axırıncı dəfə göründükdən sonra ortaya çıxmışdı. Lakin Çinin Müdafiə nazirliyi generalın saxlanması ilə bağlı məlumatı təsdiqləməyib. “Bloomberg” agentliyi bildirir ki, Si Cinpinin 2012-ci ildə hakimiyyətə gəlişindən sonra hər il MHK-nın bütün yüksək səviyyəli üzvlərinin iştirak etdiyi ənənəvi ağacəkmə mərasimində də onun yoxluğu diqqət çəkib. He Veydun 1976-cı ildən bəri vəzifədən uzaqlaşdırılan ən yüksək rütbəli generaldır. - Təmizlənmələr nəticəsində Çin MHK-da cəmi dörd üzv qalıb ki, bu da Mao Tsezudun dövründən bəri ən aşağı göstəricidir. Si Cinpinin üçüncü sədrlik müddətinin əvvəlində MHK-nın yeddi üzv var idi, - agentlik vurğulayır. MHK-dan uzaqlaşdırılmış digər generallar arasında keçmiş Müdafiə naziri Vey Fenhe (2018-23) və Mərkəzi Hərbi Şuranın Birləşmiş Qərargah rəisi, general Liu Çjenli də var. Vey MHK-ya 2012-ci ildə daxil edilmişdi, Liu isə 2021-ci ildə qurumun tərkibinə təyinat almış ən son hərbçi olub. Sahil İsgəndərov
AzVision.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.