ain.az, Redaktor.az portalına istinadən məlumat yayır.
Böyük şair və mütəfəkkir İmadəddin Nəsiminin məzarı Suriyadan Azərbaycana gətirilə bilər. Məlumata görə, Azərbaycan dövləti Nəsiminin məzarının ölkəyə köçürülməsində maraqlıdır. Artıq bu istiqamətdə Suriya tərəfi ilə ilkin təmaslar olub, bu haqda Suriyaya məlumat verilib.
Mövzu ilə bağlı şərqşünas alim, tərcüməçi, filologiya üzrə fəlsəfə doktoru, dosent, Bakı Slavyan Universitetinin Regionşünaslıq kafedrasının müdiri İbrahim Quliyev bildirdi ki, belə bir addım atılmamalıdır.
"İlk növbədə, məzarın köçürülməsi xalqın dini və mədəni dəyərlərində heç vaxt müsbət qarşılanmayıb. Ənənələrimizdə məzar müqəddəs sayılır, onun toxunulmazlığına böyük önəm verilir. Digər tərəfdən, Suriyanın Hələb şəhərində əsrlərdir ki, azərbaycanlılar yaşayır. Onların özünəməxsus məhəlləsi, həyat tərzi və mədəni mühiti formalaşıb. Nəsiminin məzarı orada yaşayan azərbaycanlılar üçün təkcə bir qəbir deyil, həm də mənəvi, müqəddəs ocaq funksiyasını daşıyır. Orada yaşayan azərbaycanlılar üçün bu məzar, kimliklərinin, milli varlıqlarının qorunmasında mühüm rəmzdir. Əgər məzar köçürülsə, bu insanlar doğma torpaqlarından uzaqda öz mənəvi dayaqlarını itirəcəklər", - deyə müsahibimiz yekunlaşdırdı.
Xədicə BAXIŞLI
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.