Unikal.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
“Dünyanın qabaqcıl ölkələrində olduğu kimi, Azərbaycanda da rəqəmsal cəmiyyətin yaradılmasına xüsusi dövlət qayğısı göstərilir”.
"Unikal" xəbər verir ki, bu fikirləri AMEA-nın vitse-prezidenti, FRTEB-in Elmi şurasının sədri, AR Elm və Təhsil Nazirliyi İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru, akademik Rasim Əliquliyev 26 avqust 2025-ci il tarixində İdarəetmə Sistemləri İnstitutunda (İSİ) keçirilən “Kibernetika və İnformatikanın Problemləri” mövzusunda 6-cı beynəlxalq konfransın (PCI 2025) açılış tədbirində səsləndirib.
AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli adından tədbir iştirakçılarını salamlayan R.Əliquliyev 1998-ci ildən etibarən Bakı şəhərində silsiləvi şəkildə keçirilən konfransın tarixindən danışıb. Qeyd edib ki, son illərdə beynəlxalq səviyyədə keçirilən konfrans materiallarının “IEEE Xplore” elektron kitabxanasına daxil edilməsi, beynəlxalq bazalarda indekslənməsi təqdirəlayiqdir. Bildirib ki, aktual mövzulara həsr olunan konfrans Azərbaycan elminin sözügedən istiqamətdə əldə etdiyi nailiyyətlərin təqdim olunması üçün yüksək səviyyəli platformadır.
Konfransın əsas tədqiqat istiqamətlərinin Süni İntellekt (Sİ) texnologiyaları və metodlarının tətbiqi ilə bağlı olmasının heç də təsadüfi olmadığını bildirən akademik ölkəmizdə bu sahənin inkişafı istiqamətində görülən işlərdən söz açıb. Qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən cari ildə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2025-2028-ci illər üçün süni intellekt Strategiyası” və “Azərbaycan Respublikasında Rəqəmsal İnkişaf Konsepsiyası” dünyanın müxtəlif qabaqcıl ölkələri kimi, Azərbaycanda da rəqəmsal cəmiyyətin yaradılmasına göstərilən xüsusi diqqətin bariz göstəricisidir.
Bu multidissiplinar sahənin ölkəmizdə yaranma və inkişaf tarixinə nəzər salan alim AMEA-nın müşaviri akademik Telman Əliyev, akademik Əli Abbasov, AMEA-nın müxbir üzvü, professor Qorxmaz İmanov və AMEA-nın müxbir üzvü, professor Kamil Ayda-zadənin Sİ-nin müxtəlif sahələrdə tətbiqindəki müstəsna xidmətlərindən ətraflı şəkildə bəhs edib.
Süni intellekt texnologiyalarının cəmiyyətdə müxtəlif sahələrdə geniş tətbiqinin yeni, fenomenal reallıqlar yaratdığını qeyd edən R.Əliquliyev müsbət nəticələrlə yanaşı qarşıda duran problemlərdən də söz açıb. Sözügedən tədqiqatların dünya miqyasında tanıdılması və cəmiyyətin maarifləndirilməsi istiqamətində təkliflərini səsləndirib.
R.Əliquliyev çıxışının sonunda mühüm əhəmiyyətə malik beynəlxalq konfransın təşkilinə görə İSİ rəhbərliyinə təşəkkürünü bildirib, kibernetika və informatikanın inkişafı istiqamətində dünya elmi ictimaiyyəti qarşısında duran vəzifələrdən danışıb.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.