İraq hakimiyyəti hazırda həbsdə olan yüzlərlə əcnəbi qadın və onların uşaqlarını azad edərək vətənlərinə qaytarmağı planlaşdırır. Həmin şəxslərin böyük qismi “İslam Dövləti” (İŞİD) terror təşkilatının üzvləri ilə evlilik və ya yaxınlıqda ittiham olunaraq həbsə atılıb.
İraq təhlükəsizlik qurumunun nümayəndəsinin sözlərinə görə, həbsdə olanların əksəriyyəti Rusiyadan, Türkiyədən və Azərbaycandan olan qadınlardır. Onların bir çoxu İŞİD üzvü olan şəxslərin həyat yoldaşlarıdır.
Məlumata görə, ölüm hökmünə məhkum olunan qadınlar azad olunmayacaq. Amma İŞİD-lə əlaqədə və ya müxtəlif cinayətlərdə ittiham edilərək həbs olunan qadınlar və onların uşaqları geri göndəriləcək. Hazırda İraq həbsxanalarında təxminən 625 əcnəbi qadın və 60 uşaq saxlanılır.
Məlumatda dəqiq say açıqlanmasa da, azərbaycanlı qadınların da siyahıda çoxluq təşkil etdiyi bildirilir.
Azərbaycan tərəfi bu istiqamətdə hansı addımları atmalıdır və ya atacaq?
Mövzu ilə əlaqədar Modern.az-a danışan Milli Məclisin deputatı Azər Allahverənov bildirib ki,əvvəla həmin şəxslərin Azərbaycan vətəndaşı olub-olmadığını öyrənməklə bağlı zəruri addımlar atılmalıdır:
“Həmin şəxslərin Azərbaycan vətəndaşları olduğu məlum olduqda, diplomatik kanallar vasitəsilə zəruri işlər görülür. Xüsusilə də, həmin şəxslər azadlığa çıxdıqdan sonra onların geri qaytarılması istiqamətində, eləcə də müəyyən sənədləşmə və sair bu qəbildən texniki dəstək göstərilir. Bunlar mövcud prosedurlara uyğun məsələlərdir. Suriya və İraqla bağlı buna bənzər proseslər olub. Xüsusilə də, İraqdan Azərbaycan Respublikası vətəndaşlığı olan uşaqların qaytarılması, onların analarının Azərbaycana gəlişinin təmin olunması istiqamətində zəuri işlər yerinə yetirilib. Yəni bununla bağlı müvafiq təcrübə var. Həmin təcrübələrə uyğun olaraq, müəyyən prosedurlar daxilində və qanunvericiliyimizin imkan verdiyi ölçüdə, eləcə də, təbii ki, beynəlxalq sənədlərə uyğun olaraq həmin şəxslərin Azərbaycana qaytarılması təmin olunur. düşünürəm ki, həmin prosedurlar daxilində Azərbaycan Respublikasının aidiyyəti diplomatik strukturları bu istiqamətdə zəruri addımlar atacaqlar”.
Deputat qeyd edib ki,eyni zamanda dövlət qurumları ilə yanaşı QHT-lər də bu prosesdə yaxından iştirak edə bilər:
“Əlbəttə, azyaşlı uşaqlarla bağlı zəruri işlər-xüsuilə də onların sosial, psixoloji reabilitasiyası və digər bu qəbildən addımlar atıla bilər. Amma bir daha deyirəm, bu məsələ kompleks şəkildə öz həllini tapmalıdır. İnformasiya var və buna uyğun bizim diplomatik qurumlar zəruri addımlar atacaq. XİN-lə yanaşı xaricdə yaşayan vətəndaşlarımızla bağlı zəruri işlərin yerinə yetirilməsindən məsul strukturlar var. Onlar da bu məsələdə XİN-lə yaxından əməkdaşlıq edərək, həmin şəxslərlə bağlı zəruri işlər həyata keçirəcəklər. Həmin şəxslərin də bu məsələ ilə bağlı təbii ki, özlərinin müəyyən fikirləri ola bilər. İraqda görüldü ki, həbsxanada olan şəxslərin Azərbaycana gətirilməsi təşkil olunmuşdu və həbsdən buraxıldıqdan sonra kimsəsizlər evində olan uşaqlar Azərbaycana qaytarılmışdı. Elə qism insanlar da var ki onlar Azərbaycana gəlmir. Yəni özlərini İraq və Suriya cəmiyyətlərinə aid hiss edən bir qism insanlar ola bilər ki, Azərbaycana qayıtmaqdan imtina etsinlər. İstənilən halda onlar Azərbaycan vətəndaşıdırlarsa, dövlətin bu prosedə yaxından köməyinə arxalana bilərlər. Hər şey könüllülük prinsipi əsasında, mövcud qaydalar çərçivəsində qanunvericilikdən irəli gələn prosedurlara uyğun olaraq təşkil olunacaq”.