AZ

KİV: Cənubi Qafqaz artıq Rusiyanın "arxa bağçası" deyil

Cənubi Qafqaz artıq Rusiyanın təkbaşına hökmranlıq meydanı deyil, Vaşinqtonda keçirilən ABŞ-Azərbaycan-Ermənistan sammiti digər aktorların proseslərə təsir etmək imkanlarının olduğunu göstərib.

“İki sahil” xəbər verir ki, bu barədə Cənubi Qafqaz və Avrasiya üzrə siyasi analitik Simona Skottinin "Commonspace" nəşri üçün yazdığı məqalədə deyilir.

O qeyd edib ki, onilliklər boyu Rusiya Cənubi Qafqazın təhlükəsizlik sisteminin mərkəzində olub və heç bir sülh sazişi və ya böyük infrastruktur layihəsini Moskvanın iştirakı olmadan təsəvvür etmək mümkün deyildi.

Ekspert bildirib ki, Bakı və Moskva arasında münasibətlərdəki çatlar 2024-cü ilin sonlarından, Rusiyanın Azərbaycan aviaşirkəti Azərbaycan Hava Yollarına (AZAL) məxsus sərnişin təyyarəsini vurmasından sonra özünü göstərməyə başlayıb. İlkin araşdırmanın nəticələri göstərir ki, təyyarə Rusiyanın "Pantsir-S1" zenit-raket kompleksi tərəfindən vurulub.

Politoloq vurğulayıb ki, Bakının reaksiyası əksər ekspertlərin proqnozlaşdırdığından daha sərt olub: Rusiyanın mədəniyyət müəssisələri bağlanıb, media daha tənqidi olub və Moskvanın Qafqazda ənənəvi "arbitr" rolu şübhə altına alınıb.

S.Skotti qeyd edib ki, eyni zamanda Moskva Ermənistanla əlaqələri gücləndirməyə çalışıb, lakin burada da onun təsiri zəifləyib. Ermənistan rəhbərliyi ölkənin xarici siyasətinin diversifikasiyası ilə bağlı qətiyyətli mövqe tutub.

"Beləliklə, regionda Rusiyanın təsir monopoliyası zəifləyir. Məhz bu fonda avqustun 8-də Vaşinqtonda sammit keçirilib. ABŞ Prezidenti Donald Tramp tərəfindən təşkil edilən Azərbaycanın dövlət başçısı İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanın görüşü bir sıra irəliləyişlər gətirib: Bakı və İrəvan sülh sazişini paraflayıb, bu sazişin Ermənistan konstitusiyasına düzəlişlər edildikdən sonra imzalanacağı bildirilir; hər iki tərəf fəaliyyət göstərməyən ATƏT-in Minsk qrupunun buraxılmasına çağırıb və uzun müddət mübahisə edilən Zəngəzur dəhlizinə nəhayət yaşıl işıq yandırılıb.

Xüsusilə əhəmiyyətli olan təkcə sazişin özü deyil, həm də onun zəmanətçisinin kim olması idi. Bir vaxtlar Rusiyanın nəzarəti altında istifadəyə verilməsi nəzərdə tutulan dəhliz indi ABŞ şirkətinin nəzarəti altında fəaliyyət göstərəcək və hətta "Beynəlxalq sülh və rifah üçün Tramp Marşrutu" (TRIPP) adını alıb. Bir sözlə, Vaşinqton Rusiyanın bir vaxtlar öz mülkü hesab etdiyi məsələlərdə özünə rəsmi rol təmin edib", - o vurğulayıb.

Seçilən
1
4
ikisahil.az

5Mənbələr