ABŞ prezidentinin Suriya üzrə xüsusi nümayəndəsi Tomas Barakın Cənubi Livana planlaşdırılan səfəri ləğv edilib.
Publika.az xəbər verir ki, bu barədə Livanın rəsmi xəbər agentliyi “National News Agency” (NNA) məlumat yayıb.
Bildirilib ki, Barak bu gün helikopterlə Maronit bölgəsinə enib. Səfər üçün Livan ordusunun xüsusi bölmələri yerləşdirilib və güclü təhlükəsizlik tədbirləri görülüb.
Lakin İsrailin Livanın cənubundakı Kfarkela qəsəbəsinə hücumu nəticəsində baş verən partlayışdan sonra kütləvi etiraz çağırışları edilib və Barakın səfəri planlaşdırıldığı kimi həyata keçirilməyib.
Sakinlər şəhərin girişində toplaşaraq ABŞ nümayəndəsinin səfərinə etiraz ediblər. Onlar həlak olmuş döyüşçülərin fotolarını qaldıraraq, ABŞ-ın israilyönlü siyasətini pisləyiblər. Onlar, həmçinin Vaşinqtonun İsrailin Livana qarşı hücumlarına verdiyi dəstəyin qəbuledilməz olduğunu bəyan ediblər.