Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Gəncədə işəgötürənlər üçün “ƏMAS-ın imkanları və yenilikləri”, “İş yerlərində əməyin mühafizəsi” mövzularında maarifləndirmə tədbiri təşkil edib.
Tədbirdə ictimai birliklərin nümayəndələri, həmçinin Xidmətin Gəncə-Daşkəsən regional şöbəsinin əhatə etdiyi rayonlardan dövlət və özəl sektoru təmsil edən 40-a yaxın müəssisə və təşkilat nümayəndəsi iştirak edib.
Çıxışlarda Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən mütəmadi olaraq keçirilən maarifləndirmə tədbirlərinin əhəmiyyətinə diqqət çəkilib, əmək qanunvericiliyinin tələblərinə əməl olunmasının vacibliyi vurğulanıb. Eyni zamanda əmək münasibətlərinin elektronlaşdırılması istiqamətində görülən işlər barədə son yeniliklər iştirakçıların diqqətinə çatdırılıb, “Əmək və Məşğulluq” altsisteminin funksionallıqları müzakirə olunub.
Tədbirdə həmçinin Əməyin Mühafizəsi Mərkəzinin fəaliyyət istiqamətləri barədə məlumat verilib. Müəssisələrdə əməyin mühafizəsi üzrə standart, norma və qaydaların tətbiqinə göstərilən dəstək vurğulanıb və yeni qəbul edilmiş standartlarla bağlı iştirakçılar ətraflı məlumatlandırılıb.
Görüş zamanı Dünya Bankı Qrupunun “Business Ready” reytinq hesabatına da toxunulub. Azərbaycanda biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması məqsədilə əmək qanunvericiliyi və inzibatçılığı sahəsində görülən işlər barədə danışılıb.
Sonda tədbir iştirakçılarının mövzularla bağlı sualları cavablandırılıb.