AZ

Böyük Qayıdışın gerçəkləşməsi üçün əzmlə görülən işlər

ain.az, 525.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdış, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, uğurla davam etdirilir. Avqustun 22-də Ağdam rayonunun Xıdırlı kəndinə növbəti köç karvanı yola salındı. Bu dəfə doğma kəndə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələr oldu.

Həyata keçirilmiş mərhələdə Xıdırlı kəndinə 68 ailə - 252 nəfər köçürülüb. Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.

Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 50 mindən çox insan yaşayır.

Xıdırlı kəndi Ağdam şəhərinin şimal-qərbində, rayon mərkəzindən 3 kilometr məsafədə yerləşir. 2022-ci ilin oktyabrında kəndin təməlqoyma mərasimində Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iştirak ediblər. Kəndin layihələndirilən ərazisinin sahəsi 417 hektardan çoxdur.

Kənddə zəruri müasir sosial infrastruktur, o cümlədən inzibati və xidmət binaları tikilib. Burada çoxfunksiyalı inzibati binanın, klub-icma mərkəzinin, tibb məntəqəsinin, təcili tibbi yardım bölməsinin, təhsil və səhiyyə işçilərinin müvəqqəti yaşayışı üçün qonaq evinin, məişət xidməti obyektinin, emalatxananın, tam orta məktəbin, körpələr evi-uşaq bağçasının inşası həyata keçirilib. Kəndin ərazisinin təxminən 20 faizi yaşıllıqlardan ibarətdir. Kənddə məskunlaşan əhali üçün tələbata uyğun körpələr evi-uşaq bağçası da inşa olunub. 120 yerlik binada qrup otaqları, musiqi otağı, idman zalları balacaların ixtiyarına verilib. Burada uşaqların özlərini rahat və qayğısız hiss etmələri, onların təlim-tərbiyəsi ilə yüksək səviyyədə məşğul olmaq üçün zəruri şərait mövcuddur. Uşaq bağçasının ətrafında yaşıllıq zolaqları salınıb, idman və oyun meydançaları, söhbətgahlar yaradılıb. Binanın damında Günəş panelləri quraşdırılıb.

Kənddə 528 şagird yerlik tam orta məktəb də istifadəyə verilib. Məktəbin təməli 2024-cü ilin aprelində Azərbaycan Prezidenti İlham Əliyev və Qırğızıstan Prezidenti Sadır Japarov tərəfindən qoyulub. Məktəbin binası 5 blokdan, o cümlədən idman zalı blokundan ibarətdir. Ərazisi 2,7 hektar olan məktəb binasında 21 sinif, 2 məktəbəqədər hazırlıq, 2 informatika, 2 texnologiya, 1 hərbi hazırlıq otaqları, 3 laboratoriya, kitabxana, idman və akt zalları, yeməkxana və digər sahələr yaradılıb. Təhsil müəssisəsinin maddi-texniki bazası şagirdlərə biliklərə yüksək səviyyədə yiyələnmək üçün hərtərəfli şərait yaradır. Məktəbin ərazisində həm şagirdlərə, həm də əhaliyə xidmət göstərəcək qaçış zolağı olan geniş idman meydançası, oyun və istirahət sahələri inşa edilib.

Millət vəkili Hikmət Babaoğlu deyir ki, Ağdam qurulur, əvvəlkindən daha əzəmətli, daha möhtəşəm, daha böyük, daha müasir bir Ağdam olacaq: "Azərbaycan Prezidenti Ağdam şəhərinə səfəri çərçivəsində bir sıra açılışlarda iştirak edir. Eyni zamanda uşaq bağçalarının, yeni yaşayış komplekslərinin, yeni otellərin, məktəblərin və digər tikililərin inşa olunması prosesi ilə tanış olur".

H.Babaoğlunun fikrincə, nəhəng Böyük Qayıdış proqramı çərçivəsində Ağdam tam təchizatlı böyük bir şəhərə çevrilməkdədir. Bu şəhərin müəllifi tarixi Zəfərimizin, Böyük Qayıdışımızın müəllifi Prezident İlham Əliyevdir. Şübhəsiz ki, Ağdam şəhəri və Ağdam rayonu Azərbaycanın mədəni həyatında, musiqi həyatında, ictimai-siyasi, elmi həyatında müstəsna xidmətləri olan, inkişaf etmiş rayonlarımızdan biri olub. Eyni zamanda Ağdam rayonu Aran Qarabağın ən inkişaf etmiş mərkəzlərindən biri kimi kənd təsərrüfatı, aqrar sənaye və bütövlükdə iqtisadiyyat mərkəzlərimizdən biri olub. Ona görə də, Böyük Qayıdış çərçivəsində Ağdamın tarixi şöhrətinin özünə yenidən qaytarılmasına şahidlik edəcəyik. Azərbaycan Prezidentinin səfəri zamanı tanış olduğu obyektlərin, otellərin, iş yerlərinin, yaşayış komplekslərinin, məktəblərin vəziyyəti ilə tanışlıq bir daha onu göstərir ki, Ağdam tamamilə yenidən yaradılır və Azərbaycana faktiki olaraq yenidən qazandırılır".

Millət vəkili Tahir Rzayevin dediyinə görə, Böyük Qayıdış sürətlə reallaşdırılır və xalqımız tərəfindən rəğbətlə qarşılanır: "Bu gün nəinki Ağdamda, işğaldan azad olunmuş bütün ərazilərimizdə - Qarabağ və Şərqi Zəngəzur torpaqlarında möhtəşəm tikinti-abadlıq, bərpa-quruculuq işləri həyata keçirilir. Ərazilərdə tikilən məktəblər, xəstəxanalar, mədəniyyət evləri, ictimai yaşayış binaları, çəkilən yollar, salınan yollar, tunellər, körpülər iqtisadi inkişafımızın dayanıqlı və davamlı olmasından xəbər verməklə bərabər, həm də dövlətimizin rəhbərinin öz vətəninə - Qarabağı cənnətə çevirəcəyik vədinə sədaqətinin, torpaq sevgisinin göstəricisidir. Prezident işğaldan azad olunmuş ərazilərə 100 dəfədən çox səfər edib və bu səfərlərin hər biri yeni təməlqoyma, açılış, işlərin gedişi ilə tanışlıq və mühüm göstərişlərin verilməsi, yeni vəzifələrin qarşıya qoyulması ilə yaddaqalandır, unudulmazdır. 30 mindən çox sakinin uzun illərdən sonra öz ata-baba yurdlarına - Füzuliyə, Şuşaya, Zəngilana, Laçına, Xocalıya, Xankəndinə qayıtması, bu ərazilərdə yeni, mənalı bir həyatın hökm sürməsi, yeni müəssisələrin işə başlaması, iş yerlərinin açılması, insanların qurub-yaratmaq eşqi, torpağa bağlılığı daha sevindiricidir, yaddaşlarda əbədi yaşayacaq bir tarixdir. Ağdam səfəri də bu baxımdan əlamətdardır. Prezidentimizin son 4 ildə Ağdama 10 dəfə səfər etməsi bölgəyə göstərilən böyük qayğı və diqqətin ifadəsidir. Bu qayğının ən bariz nümunəsi isə cənab İlham Əliyevin Ağdam işğaldan azad edildikdən 3 gün sonra rayona səfər etməsidir. Həmin səfər zamanı - noyabrın 3-də Prezidentimiz qətiyyətlə bildirmişdi: "Dağıdılmış Ağdam şəhəri erməni vəhşiliyinin şahididir. Biz Ağdam şəhərini bərpa edəcəyik. Heç kimdə başqa şübhə olmasın. Bu, böyük iş olacaqdır. Əlbəttə ki, böyük zəhmət tələb edəcək. Amma necə ki, biz 44 gün ərzində birlik göstərmişik, əminəm ki, azad edilmiş torpaqlarımızın bərpası işində də birlik, əzmkarlıq göstərəcəyik. Bütün şəhərlərimizi bərpa edəcəyik, daha da gözəl şəhərlər olacaqdır. Şəhərlərimizdə qalan tarixi abidələri bərpa edəcəyik və bir daha gücümüzü göstərəcəyik".

Azərbaycan Prezidenti verdiyi vədə, söylədiyi sözə hər an sədaqətini nümayış etdirir və Ağdama bu dəfə səfər göstərdi ki, həqiqətən də bu şəhər bərpası ilə, yenidən qurulması ilə dünyanın ən gözəl, nəzərəçarpan yaşayış mərkəzlərindən birinə çevriləcəkdir. Hazırda şəhərdə yeni mərkəzi xəstəxananın, dəmir yol vağzalının, yaşayış binalarının, daxili yolların tikintisi, yarımstansiyaların quraşdırılması, kəndlərin abadlaşdırılması sürətlə davam etdirilir. Görülən işlər, həyata keçirilən tədbirlər, ilk növbədə Prezidentimizin işğaldan azad olunan ərazilərə səfərləri və Böyük Qayıdış Proqramında qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar verdiyi tapşırıqlar nəinki Ağdamın, regionun, Azərbaycanın daha xoşbəxt gələcəyindən xəbər verir".

Millət vəkili Aydın Hüseynovun dediyinə görə, 30 il ərzində talanmış, dağıdılmış, viran qoyulmuş, insanları qovulmuş, öldürülmüş, əsir götürülmüş və nəhayət düşmən tapdağından azad edilmiş yurd yerimizdə, Azərbaycanın ayrılmaz hissəsi olan Ağdam yenidən qurulur. İşğal dövründə "Qafqazın Xirosiması" adını almış bir şəhərdən bəhs edirəm. 44 günlük müharibənin bitməsindən, Ağdamın azadlığına qovuşmasından 4 ildən artıq bir vaxt keçir. Bu qısa zaman kəsiyində Ağdamın əvvəlki görkəmindən daha yaxşı olması üçün bütün dövlət qurumları səfərbər olub, uğurlu nəticələr əldə edilib. İlk növbədə təhlükəsizlik təmin edilib, minalardan təmizləmə prosesi hələ də davam edir, paralel olaraq da böyük quruculuq işləri həyata keçirilir. Prezident İlham Əliyevin şəxsən nəzarət etdiyi tikinti işləri unikallığı ilə fərqlənir. Məsələ burasındadır ki, Azərbaycan dövləti bütün bu işləri öz gücünə, təkbaşına həyata keçirir: "Ağdamda Böyük Qayıdış proqramı çərçivəsində böyük layihələr həyata keçirilir. Abadlıq-quruculuq işləri görülür, ermənilərin viran qoyduğu Ağdam yenidən qurulur".

Sevinc QARAYEVA

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
12
525.az

1Mənbələr