AZ

Birincilərin məktəbə adaptasiyası üçün nə etməliyik?

Birinci sinifə başlamaq uşaqlar üçün həm həyəcanlı, həm də məsuliyyətli bir dövr hesab olunur.

Uşaqların bu yeni mərhələyə tez və rahat uyğunlaşmaları isə valideynlərin dəstəyindən və hazırlığından asılıdır.Bu səbəbdən valideynlər övladlarını bu mərhələyə həm fiziki, həm də psixoloji olaraq hazırlamalıdır.

Bəs birinci sinifə başlayan uşaqların məktəbə daha asan uyğunlaşması üçün valideynlər nə etməlidirlər?

Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlama verən "Green Start Academy Psixologiya Təlim və İnkişaf Mərkəzi"nin direktoru, "Sevgi Pedadaqogikası - Valideyn Məktəbi" layihəsinin rəhbəri, pedaqoq Aysel Rəsulzadə bildirib ki, uşaqların məktəbə adaptasiyası üçün valideynlər vaxtında hazırlıq aparmalıdır:

“Uşaqların məktəbə adaptasiyası həm valideynlərin, həm də uşaqların həyatında önəmli bir mərhələdir. Bu dövr uşaqların gələcək həyatına möhkəm bir bünövrə qoyur. Buna görə də valideynlər bu mərhələyə ciddi və ehtiyatla yanaşmalı, övladlarının gələcəkdə məktəb həyatı ilə bağlı mənfi təcrübələr yaşamaması üçün indidən hazırlıq aparmalıdırlar.Təxminən məktəblərin açılmasına 15 gün qalır. 

Bu da o deməkdir ki, valideynlər artıq hazırlıqlara başlamalıdırlar. İlk növbədə, uşaqlarda məktəb haqqında müsbət təsəvvürlər formalaşdırılmalıdır. Məktəb yalnız qayda-qanunların və biliklərin öyrədildiyi bir məkan kimi deyil, əylənərək öyrəniləcək, yeni dostluqların qurulacağı və müxtəlif bacarıqların inkişaf etdiriləcəyi bir yer kimi təqdim olunmalıdır. Əgər valideynlər bu istiqamətdə uşaqların təsəvvürlərini formalaşdıra bilsələr, uşaqlar məktəbi əvvəlcədən sevəcək və hazırlıq prosesinə daha həvəslə yanaşacaqlar”.

Onun sözlərinə görə, məktəb zamanı tətbiq ediləcək rejim indidən qurulmalıdır:

“Eyni zamanda məktəb həyatında lazım olacaq bir sıra bacarıqların inkişafına da indidən başlanmalıdır.Uşağa özünü təqdim etməyi, sinif daxilində riayət olunacaq qaydaları öyrətmək, kiçik tapşırıqları yerinə yetirməyə həvəsləndirmək vacibdir. 

Bu bacarıqlar məktəb həyatına daha rahat uyğunlaşmağı təmin edəcək.Valideynlər məktəb həyatında olacaq gündəlik rejimə indidən başlamalıdırlar. Yuxudan oyanma və yemək saatları əvvəlcədən müəyyən edilməlidir.

Uşaq bu rejimə uyğunlaşmalıdır ki, dərs zamanı çətinlik yaşanmasın. Bu cür hazırlıq uşaqların məktəb həyatına həm fiziki, həm də emosional olaraq hazır olmasına müsbət təsir göstərəcək”.

Pedaqoq qeyd edib ki, uşağın ilk müəllimi də adaptasiya prosesində mühüm rol oynayır:

“Bu dövrdə bəzi uşaqlar məktəbə getməyə hazır hiss etmirlər və məcburiyyət səbəbilə məktəbə yollanırlar. Bu da onlarda qorxu və stres yarada bilər. Valideynlər belə hallarda övladlarının üzərində daha çox işləməli, onları dinləməli və qayğılarını azaltmaq üçün sadə və anlayışlı məsləhətlər verməlidirlər. Uşaqlar məktəbdə uğurlar qazanacaqlarına, yeni dostlar tapacaqlarına və məktəb həyatının evdəki gündəlikdən daha maraqlı olacağına inandırılmalıdır.

Elm və bilik əldə etməyin gələcəkdə onlara nələr qazandıra biləcəyini sadə və uşağın anlayacağı şəkildə izah etmək vacibdir. Ümumilikdə, I sinif şagirdlərinin məktəbə adaptasiyasında valideynlə yanaşı, uşağın ilk müəllimi də mühüm rol oynayır.Uşaq məktəbə getməmişdən əvvəl tanış olmalı və birlikdə adaptasiya üçün hazırlıq görülməlidir”.

Seçilən
0
1
cebheinfo.az

2Mənbələr