İlqar Hüseynli: “Düzdür, bunun məbləği elə də böyük deyil, amma...”
Pensiya yaşına çatıb pensiya ala bilməyənlərin sayı 166 mini keçdi. Bu ilin iyul ayının əvvəlinə olan məlumata görə, Azərbaycanda 166,2 min nəfərə yaşa görə müavinət təyin olunub. Yaşa görə müavinət alanların sayı ötən ilin eyni dövrü ilə müqayisədə 14,1 min nəfər və ya 9,3% artıb.
Qeyd edək ki, 2019-cu ilin eyni dövründə yaşa görə müavinət alanların sayı 68 min nəfər olub və son 7 ildə onların sayı 2,4 dəfə artıb. Yəni 68 mindən 166,2 min nəfərə qədər artıb. Bu gedişlə əhalinin çoxu 65 yaşda pensiya yox, yaşa görə müavinət alacaq. Onun da məbləği 2019-cu ildə 73 manat idisə, artıq neçə illərdir 220 manatı keçmir.
Onu da qeyd edək ki, son illər Azərbaycanda yaşa görə pensiya alanların sayı sürətlə azalmaqdadır. Son 16 il ərzində Azərbaycanda yaşa görə pensiya alanların sayı 17% azalıb. 2010-cu ildə ölkədə 858,6 minpensiyaçı olduğu halda, bu ilin iyul ayının 1-də onların sayı 712,7 min nəfərə kimi azalıb.
“220 manat müavinət alanların sayının artması o demək deyil ki, onlar yalnız yaşa görə müavinət alırlar”
Sözügedən məsələyə aydınlıq gətirən ekspert İlqar Hüseynli “Bakı-Xəbər”ə açıqlamasında bununla bağlı bir sıra məqamlara toxundu: “Pensiya konkret olaraq 65 yaşı tamam olanlara verilir. Bunun üçün də gərək müvafiq tələblər təmin edilsin. Ancaq yaşa görə müavinətlər məsələsində istisnalar var. Həmin istisnalar ondan ibarətdir ki, əlilliyi olan pensiyaya 5 il tez çıxır. Valideyni itirdiyinə görə yaş həddi aşağı salınır. Eyni zamanda məhkumluq məsələləri ilə bağlı müavinət müddətində yaşın həddinin aşağı salınması var. Burdan dolayı yaşa görə müavinət alanların sayının çoxalmağında əsas faktor rolunu oynayan bu məsələdir. Bu, bir daha onun göstəricisidir ki, müavinət alanların sayında artım varsa, deməli, valideyni itirən azyaşlı ailələrin, eyni zamanda məhkumluq problemi yaşayan ailələrin, həmçinin əlilliklə bağlı müavinət almaq üçün yaş həddinin azaldılması tətbiq olunan insanların sayında artım var. Hesab edirəm ki, sadaladığım səbəblər üzündən 220 manat müavinət alanların sayında artım var. Yəni 220 manat müavinət alanların sayının artması o demək deyil ki, onlar yalnız yaşa görə müavinət alırlar. Ancaq o da var ki, pensiya almayanlara yaşa görə müavinət verilir. Əslində bu, bir az yumuşaldıcı və yaxşı praktikadır ki, heç olmasa müəyyən insanların sosial təminatı təmin edilir. Ən azından onlar dövlətdən 220 manat alırlar. Düzdür, bunun məbləği elədə böyük deyil. Ancaq məsələ ondadır ki, müavinətin məbləği yaşa görə pensiyadan çox ola bilməz. Məsələnin bu tərəfi də var. Çünki bu, dövlət tərəfindən yaşa görə verilən sosial müavinətdir”.
Vidadi ORDAHALLI