ain.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq.
Azərbaycan deyəndə ayağa qalxan, silaha sarılan oğullardan biri, Vətən Müharibəsi Qəhrəmanı, mayor Zaur Hüseynovun döyüş yolu gənclərimiz, gələcək nəsillər üçün örnəkdir. Qəhrəmanların ömür salnaməsinin hər saatı belə tarixdir.
Vətən Müharibəsi Qəhrəmanı Zaur Hüseynov 26 avqust 1987-ci ildə Salyan rayonunda hərbçi ailəsində anadan olub. Rənglər dünyasına sonsuz sevgisi olsa belə, yalnız hərbi paltarın rənginə könlünü verib. Uşaq yaşlarından hərb yoluna çıxıb. 2002-2005-ci illərdə Cəmşid Naxçıvanski adına Hərbi liseydə təhsil alıb. 2005-ci ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olmuşdur. 2009-cu ildə Ordu yarışlarında qazandığı 29 medalla ali hərbi məktəbi fərqlənmə diplomu ilə qurtarmışdır. 2009-2010-cu illərdə Silahlı Qüvvələrin Təlim-Tədris Mərkəzini zabit kimi bitirərək orduya yollanıb. 2010-cu ildə Qazax rayonunun müdafiəsində Tank əleyhinə taqım komandiri kimi xdməti borcunu şərəflə yerinə yetirib. 2011-ci ildə Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin kursunu bitirərək , Xüsusi Təyinatlı Qüvvələr mənsubu kimi xidmətə başlayıb.
2016-cı ildə Aprel döyüşlərində qəhrəmanlıqla vuruşub. 2017-ci ildə Türkiyə respublikasında “Beynəlxalq Dalğıc” kursunu bitirmiş, 2018-ci ildə isə dalğıc təcrübəsini təkmilləşdirmək məqsədi ilə Türkiyədə təhsilini müvəffəqiyyətlə başa çatdırmışdır.
Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin “Sədaqətim Şərəfimdir!” şüarı Zaur kimi qəhrəmanların and yeri olub.
2020-ci ilin Vətən Müharibəsində Cəbrayılın, Füzulinin, Xocavəndin və Şuşanın azad olunmasında döyüş tapşırığını qəhrəmanlıqla yerinə yetirdiyinə, igidlik və mərdlik nümunəsi göstərdiyinə görə Prezident İlham Əliyevin 9 sentyabr 2020-ci il tarixli Sərəncamına əsasən Zaur Hüseynova “ Vətən Müharibəsi Qəhrəmanı” adı verilmişdir.
Şərəfli tərcümeyi-halı ilə tarix yazan Zaur Hüseynov kimi cəngavər oğullarla Vətən hər zaman fəxr edir, öyünür və qürur duyur.
Kəmalə ABDİNOVA
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.