AZ

Zəngəzur dəhlizi: “Region üçün vacib kommunikasiya xəttidir”

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Səudiyyə Ərəbistanının “Əl-Ərabiyyə” telekanalına müsahibə verib.

Dövlət başçısı müsahibəsində bir sıra məsələlərə, o cümlədən 8 avqust tarixində Ağ Evdə imzalanan Zəngəzur dəhlizinin açılması ilə bağlı razılaşmalara toxunub.

Prezident, həmçinin dəhlizin keçəcəyi ərazilərin hərbi müdaxilə yolu ilə Azərbaycanın nəzarətinə götürüləcəyi barədə iddialara da aydınlıq gətirib.

“Zəngəzur dəhlizi heç bir halda İran üçün təhlükə deyil. Bəzi media orqanlarında, bəzi internet saytlarında Azərbaycanın Zəngəzuru işğal edəcəyinə, İranla Ermənistan sərhədini kəsəcəyinə dair planlar barədə çoxlu şayiələr yayılmışdır. Bu, tamamilə yalandır. Bizim belə bir niyyətimiz yoxdur. Hər halda, etmək istəsəydik, edərdik.

2020-ci ilin noyabr ayında bunu etmək çox asan idi. Bu son beş il ərzində də bunu etmək çox asan idi.Cəmi 40 kilometrdir, hərbi baxımdan çox vaxt aparmayacaqdı. Sadəcə, hər iki tərəfdən - Naxçıvandan və Azərbaycanın bu tərəfindən gəlirsən və götürürsən”, - deyə Prezident İlham Əliyev vurğulayıb.

Jurnalistin “Azərbaycanın bunun üçün də gücü var?” sualına isə Prezident, “Bəli, əlbəttə ki, bunu hamı bilir. Hətta bizə pis məsləhətlər verənlər də bilirlər ki, bunun üçün bizim gücümüz var. Biz təcavüzkar olmadığımız üçün bunu etmədik”, - deyə cavab verib.

Mövzu ilə bağlı “Cebheinfo.az”-a danışan politoloq Oqtay Qasımov bildirib ki, Azərbaycan Prezidentinin Zəngəzur dəhlizinin açılması ilə bağlı suala verdiyi cavab kifayət qədər aydın idi:

“Prezident qeyd etdi ki, biz Zəngəzur dəhlizini açmaq imkanına malik idik, bunun üçün həm gücümüz, həm də bütün imkanlarımız vardı və qısa müddətdə bunu həll etmək olardı.Amma biz bu yola getmədik. Çünki Azərbaycan qarşılıqlı şəkildə Ermənistanın ərazi bütövlüyünü tanıyır və məsələlərin danışıqlar, dialoq yolu ilə həllini istəyirdi. Nəticə etibarilə buna da nail olundu.

Azərbaycan üçün ən vacib məsələ bu dəhlizdən Azərbaycan vətəndaşlarının təhlükəsiz və maneəsiz keçidinin təmin olunması idi. Prezident, həmçinin, Zəngəzur dəhlizinin açılması ilə bağlı İran tərəfindən səsləndirilən fikirlərə münasibət bildirərək qeyd etdi ki, xüsusilə seçilmiş hakimiyyət nümayəndələrinin deyil, müxtəlif müşavir və məsləhətçilərin açıqlamalarına ciddi əhəmiyyət verilməməlidir. Dövlət başçısı vurğuladı ki, İran tərəfinin də narahatlığı üçün əsas yoxdur”.

Politoloq vurğulayıb ki, Zəngəzur dəhlizi region və qlobal əməkdaşlıq üçün vacib kommunikasiya xəttidir:

“Əslində Prezident bir daha diqqətə çatdırdı ki, bu nəqliyyat dəhlizinin açılması təkcə Cənubi Qafqaz üçün deyil, o cümlədən Yaxın və Orta Şərq üçün də mühüm kommunikasiya xəttidir. Bu xətt əməkdaşlıq və inteqrasiya xətti olmalıdır.

Azərbaycan eyni zamanda İrana təklif edir ki, Zəngəzur dəhlizinə paralel olaraq Araz çayı boyunca İran ərazisindən avtomobil yolu ilə yanaşı gələcəkdə dəmir yolu da çəkilə bilər. Yəni Azərbaycanın səmimi şəkildə təklifi budur ki, Zəngəzur dəhlizinin açılması region dövlətlərinə, eləcə də qlobal miqyasda bütün ölkələrə fayda verməsini irəli sürür”. 

Oqtay Qasımov bildirib ki, Azərbaycan Cənubi Qafqazda sülhün tərəfdarıdır:

“Prezidentin “Biz istəsəydik, bunu güc tətbiq etməklə də aça bilərdik, amma etmədik” fikri isə bir daha göstərir ki, Azərbaycan Cənubi Qafqazda sülhün və sabitliyin tərəfdarıdır. Savaş və işğal dövrü arxada qalıb.Artıq bu səhifələr qapanmalı, regionun qarşısında yeni üfüqlər açılmalı və yeni səhifələr yazılmalıdır”.

Seçilən
6
cebheinfo.az

1Mənbələr