AZ

İlham Əliyev Şanxay zirvəsində - Azərbaycan müvəqqəti gözləyəcək, ya irəli gedəcək?


Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) 25-ci Dövlət Başçıları Şurası Zirvəsi 31 avqust -1 sentyabr tarixlərində Çinin Tyanşi şəhərində keçiriləcək.

Prezident İlham Əliyevin də Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Pekin zirvəsində iştirak edəcəyi gözlənilir.

Nə kimi nəticələr ola bilər?

Bu təşkilatın çox böyük üzvlərindən olan Çinin, Rusiyanın, Hindistanın, İranın ABŞ-ın ciddi sanksiyaları altında olduğu bir vaxtda Azərbaycanın bu təşkilatla inteqrasiyası dərinləşməyə, güclənməyə meyllənəcək, yoxsa müəyyən fasilə veriləcək? Ümumiyyətlə, belə şəraitdə Azərbaycan-ŞƏT münasibətlərinin gələcəyi necə görsənir?

Tural İsmayılov: “Pekin görüşündə Azərbaycanın enerji, nəqliyyat və kommunikasiya layihələri diqqət mərkəzində olacaq”

Politoloq Tural İsmayılov “Bakı-Xəbər”ə bildirdi ki, Şanxay Əməkdaşlıq Təşkilatının Pekin zirvəsi həm regional, həm də qlobal miqyasda mühüm mesajlar verəcək platformadır: “İlham Əliyevin bu toplantıda iştirakı Azərbaycanın xarici siyasət kursunun çoxşaxəliliyini və balanslı xarakterini bir daha nümayiş etdirir.

Birincisi, Azərbaycan artıq uzun müddətdir ki, ŞƏT-də dialoq tərəfdaşı statusu daşıyır. Bu statusdan çıxış edərək Bakı həm regional təhlükəsizlik məsələlərində, həm də iqtisadi əməkdaşlıq xəttində daha aktiv rol almağa çalışır. İlham Əliyevin zirvədə iştirakı bu xəttin davamı, həm də yeni mərhələyə keçid deməkdir.

İkincisi, Pekin görüşündə Azərbaycanın enerji, nəqliyyat və kommunikasiya layihələri diqqət mərkəzində olacaq. Çin “Bir Kəmər, Bir Yol” təşəbbüsünü irəli aparmaq istəyirsə, burada Zəngəzur dəhlizi (Tramp yolu), Bakı-Tbilisi-Qars xətti, həmçinin Xəzər üzərindən keçən Transxəzər marşrutu Azərbaycanın strateji əhəmiyyətini daha da artırır. İlham Əliyevin iştirakı bu layihələrin ŞƏT çərçivəsində daha geniş siyasi dəstək qazanmasına şərait yarada bilər”.

T.İsmayılov qeyd etdi ki, üçüncüsü, Pekində müzakirələrin fonunda Ermənistanla sülh sazişi, Cənubi Qafqazda yeni təhlükəsizlik arxitekturası məsələləri də dolayı yolla gündəmə gələ bilər. Potoloqun sözlərinə görə, Azərbaycanın ŞƏT kimi böyük güclərin toplaşdığı bir platformada mövqeyini ifadə etməsi həm Ermənistan, həm də Qərb üçün mühüm siyasi mesajdır - Bakı artıq yalnız Qərb platformalarında deyil, Şərqin də böyük oyunçuları ilə strateji koordinasiya edir.

“Dördüncüsü, burada Rusiya və İran faktorunu da unutmamaq lazımdır. Hər iki ölkə ŞƏT-in üzvüdür və Azərbaycanın bu formatda iştirakı Moskva və Tehranla münasibətlərdə balans yaratmaq, həm də regionda təzyiqləri neytrallaşdırmaq üçün əhəmiyyətli vasitə ola bilər.

Nəhayət, İlham Əliyevin ŞƏT zirvəsində iştirakı Azərbaycanın beynəlxalq müstəvidə “qapalı dairə” siyasəti aparmadığını, əksinə, həm Avropa, həm də Asiya istiqamətində eyni vaxtda fəallığını qoruduğunu göstərir. Bu isə Bakını həm Qərb, həm də Şərq üçün etibarlı tərəfdaş statusunda saxlayır.

Yekunda gözləmək olar ki, Pekin zirvəsi Azərbaycana ən azı iki qazanc gətirəcək:

- regional layihələrə siyasi dəstəyin genişlənməsi,

- Azərbaycanın beynəlxalq imicinin daha da möhkəmlənməsi.

Bütün bunlar fonunda İlham Əliyevin Pekin platformasında iştirakı sırf diplomatik jest deyil, Azərbaycanın yeni geosiyasi mövqelərinin təsdiqi kimi qiymətləndirilə bilər”.

Samir Hümbətov: “Azərbaycan bu məsələdə balanslı mövqe tutacaq”

Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin sədri, politoloq Samir Hümbətov “Bakı-Xəbər”ə bildirdi ki, Azərbaycan tərəfi ŞƏT-in samittlərinə son illər davamlı olaraq qatılmaqdadır: “Əslində, Azərbaycanla ŞƏT arasında əsas siyasi əlaqə bir növ Azərbaycanın orda tərəfdaşlıqda iştirak etməsidir. Yəni nə müşahidəçidir, nə tam hüquqlu üzvdür. Amma proqram çərçivəsində Azərbaycan tərəfi mütəmadi olaraq ən yüksək səviyyədə dəvət edilir və iştirak edir. Mənə belə gəlir ki, Azərbaycanın ABŞ-la, Qərblə münasibətləri Azərbaycan-Çin, Azərbaycan-Rusiya, Azərbaycan-Hindistan və sair münasibətlərinə bənzəmir, fərqlidir. Amma Azərbaycan heç də öz münasibətlərini hansısa dövlətin marağı üzərində qurmur, məsələyə öz maraqlarından yanaşır. Düşünürəm, bizim Amerika ilə olan strateji tərəfdaşlıq anlaşması ilə Xartiya hazırlanıb qəbul olunacaq. Bu əməkdaşlıq eyni qaydada Çinlə və Rusiya ilə də var. Bugün bu məsələlər çox aktualdır. Yəni eynihüquqlu bir sənədi digər ölkə ilə imzalayıbsa, bu o deməkdir ki, Azərbaycan bu məsələdə balanslı mövqe tutacaq. Demirəm ki, tam olaraq ABŞ-ın maraqlarını zərbə altında qoyacaq, yaxud ABŞ-ın maraqlarına xidmət edəcək, yaxud da Çinlə, Rusiya ilə münasibətdə Amerikanın maraqları üzərindən hərəkət edəcək. Burda önəmli məsələ nədir? Azərbaycan öz maraqlarını gözləyəcək, dövlət maraqları nəyi tələb edirsə onun üzərindən hərəkət edəcək və münasibətlərimiz o kontekstdə qurulacaq. Yəni Azərbaycan dövlətinin dövlətçilik maraqları münasibətləri balanslı tələb edirsə balanslı olacaq, yox, digər nöqteyi-nəzərdən yanaşma olsa onu tətbiq edəcək. Hesab edirəm ki, bu məsələdə Azərbaycanın nə istəyəcəyi, onun dövlət maraqlarının bu münasibətlərdə nəyi diqtə edəcəyi önəmlidir. Düşünürəm ki, daha çox balanslı mövqe və qızıl orta siyasətinə baxılacaq”.

İradə SARIYEVA

Seçilən
0
baki-xeber.com

1Mənbələr