Azərbaycan Texniki Universitetində (AzTU) “Schneider Electric” şirkətinin nümayəndələri ilə növbəti görüş keçirilib. AzTU-nun rektoru Vilayət Vəliyev qonaqları qəbul edərək, müasir əmək bazarının tələblərinə cavab verən ixtisaslı mühəndis kadrların hazırlanmasında universitet-sənaye əməkdaşlığının xüsusi əhəmiyyətini vurğulayıb.
“Schneider Electric” şirkətinin nümayəndələri Turan Hüseynzadə və Elnur Mütəllibov universitet-sənaye əlaqələrinin gücləndirilməsinin zəruriliyini, eləcə də tələbələrin praktiki bacarıqlara yiyələnməsinin onların peşəkar inkişafı üçün vacib olduğunu qeyd ediblər. Daha sonra onlar əməkdaşlıq çərçivəsində qurulacaq “Schneider Electric” şirkətinin laboratoriyası haqqında təqdimatla çıxış ediblər.
Şirkətin digər nümayəndəsi Nikita İvanov laboratoriyanın tərkibi, texniki avadanlıqları və tətbiq sahələri barədə AzTU nümayəndələrinə ətraflı məlumat verib.
Görüşün sonunda tərəflər universitet-sənaye əməkdaşlığının davam etdirilməsi və tələbələrin bilik və praktiki bacarıqlarının gücləndirilməsi istiqamətində birgə fəaliyyətin vacibliyini vurğulayıblar.