Bizimyol saytından verilən məlumata görə, ain.az xəbər verir.
Məlum olduğu kimi, avqustun 26-da Azırbaycan prezidenti İlham Əliyev Səudiyyə Ərəbistanının "Əl-Ərəbiyyə" telekanalına müsahibə verib.
Müsahibədə Azərbaycanın Türkiyə, ABŞ, İsrail, Rusiya, İran, Yaxın Şərq ölkələri ilə münasibətlərinə, eləcə də, Cənubi Qafqazdakı vəziyyətə dair suallar və cavablar olub.
Söhbətin ilk mühüm məqamlarından biri Azərbaycanla Ermənistan arasında paraflanmış sazişlə bağlıdır. Prezident bu sənədin əsl mahiyyətini belə açıqlayır: bu, əvvəla, Ermənistanla Azərbaycan arasında müharibənin və münaqişənin sona çatması deməkdir, ikincisi, bu, sadəcə, iki ölkə arasında sülh sazişi deyil, həm də dövlətlərarası münasibətlərin normativ-hüquqi təməli və çərçivəsidir. Yəni bu sənəd təkcə keçmişə dair məsələləri deyil, daha çox gələcəyə dair baxışı (özü də Azərbaycanın baxışını) müəyyən edir.
Prezident bir neçə gün əvvəl Ağdərə və Kəlbəcər rayonlarına səfəri zamanı dediklərinə əlavə (daha doğrusu, daha geniş aydınlıq gətirmə) olaraq, iki məqamı xüsisilə diqqətə çatdırıb. Birincisi, bu saziş hələlik imzalanmayıb, artıq paraflanıb. Paraflanmaq isə o deməkdir ki, hər iki tərəf sazişdəki müddəaları yekun olaraq qəbul edib və bundan, demək olar, geriyə yol yoxdur. Ancaq Azərbaycan cəmiyyətində də, elə "Əl-Ərəbiyyə" müxbirində də belə sual var idi: Ermənistanda daxili siyasi vəziyyət, yəni hakimiyyət dəyişərsə, rəsmi İrəvan bu sazişdən imtina edə bilərmi?! Yəni belə bir risk, belə bir bədbin ehtimal varmı?!
Prezident İlham Əliyev belə bir ehtimalı istisna etmir. O gerçəkçi cavab verib, belə deyib: "Güclü xarici müdaxilə olarsa, bəli, bu razılaşma pozula bilər".
Prezident ad çəkməsə də, "güclü xarici müdaxilə" deyəndə,1u məlumdur ki, Rusiyanın mümkün müdaxiləsindən söhbət gedir. Çünki Rusiyanın Ermənstanda hərbi bazası, bir neçə min əsgəri var. Bu, hərbi gücə əsaslanaraq, Moskvanın Ermənistanda ya gələnilki parlament seçkisinə qədər Ermənistanda dövlət çevrilşi, ya da həmin seçkilər vasitəsilə, yaxud seçki vəsiləsilə hakimiyyət dəyişikliyi etmək cəhdlərini nəzərdə tutur. Yalnız bu ssenarilər reallaşsa, Ermənistanda yenidən Rusiyaya bağlı hökumət qurulsa, o zaman rəsmi İrəvan Azərbaycanla Vaşinqtonda parafladığı sazişdən geri addım ata bilər. Ancaq prezident bunun təkcə Azərbaycan üçün deyil, ən çox Ermənistan üçün zərərli olacağını vurğulayıb. Yəni Ermənisranda yeni hökumət bu sazişdən imtina edərsə, o zaman ABŞ başda olmaqla "bütün dünyaya qarşı çıxmaq deməkdir".
Çünki bu razılaşmanı bütün beynəlxalq birlik alqışladı. Azərbaycan prezidenti deyib: "Vaşinqtonda imzalanan sənəd Ermənistan üçün sülhə və sabit inkişafa zəmanətdir". Beləliklə, əgər Ermənistan bu razılaşmadan geri çəkilsə, sülh və sabit inkişaf şansını itirəcək.
Prezident, dediyimiz kimi, bu risk haqqında artıq ikinci dəfə danışır. Bu dəfə məsələlərə bir qədər geniş şərh verib. O bildirib ki, bu razılaşma İlham Əliyevlə Nikol Paşinyan arasında deyil, Azərbaycanla Ermənistan arasındadır. Burada hər iki dövlət bir-birinin ərazi bütövlüyünü tanıyır. Ermənistan bu razılaşmadan geri çəkilsə, deməli, Azərbaycanın ərazi bütövlüyünü tanımaqdan imtina edir.
Prezident öz müsahibəsində deyib: "Əgər onlar bizim ərazi bütövlüyümüzü tanımaqdan imtina etsələr, biz də onların ərazi bütövlüyünü tanımaqdan imtina edəcəyik. Burada kim qazanacaq, kim uduzacaq? Məncə, bu, ritorik sualdır".
Prezidentin dediyi kimi: sualın cavabı aydındır. Artıq regionda güc balansı Azərbaycanın xeyrinədir. Ermənistanın gələcək hökuməti revanş yolu tutsa, bu ölkə yenidən məğlub olacaq. Həm də böyük itkilər verərək məğlub olacaq.
Yeri gəlmişkən, hakimiyyətin opponentləri sülh sazişinin imzalanmamasına görə kəskin tənqidi çıxışlar edirlər. Prezident bu məsələyə də toxundu və dedi ki, sülh sazişi Azərbaycana qarşı ərazi iddiaları Ermənistan Konstitusiyasından çıxarıldıqdan sonra imzalanacaq. Bununla demək istəyir ki, əslində bu məsələdə tənqidin ünvanı Azərbaycan deyil, Ermənistandır. Ermənistan Konstitusiyasında dəyişiklik etmək Ermənistanın görməli olduğu işdir, Azərbaycanın deyil. Bu məsələyə dair tənqid Azərbaycanın deyil, Ermənistanın siyasi rəhbərliyinə yönəlməlidir.
Yazıçı-publisist, əməkdar jurnalist Bahəddin Həzi
Bahəddin Həzi,
bizimyol.info
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.