AZ

Azərbaycanda ekoloji təmiz avtomobillərlə bağlı hökumətin yeni vəzifələri...


Son illər yaşıl iqtisadiyyat, yaşıl nəqliyyat, yaşıl şəhər, yaşıl aptek kimi ekoloji mövzular gündəmə gəlib. Azərbaycanda yaşıl nəqliyyat sisteminin formalaşdırılması istiqamətində diqqət çəkən işlərin görüldüyü və prosesin hələ də davam etdiyi məlumdur. Nəqliyyat sisteminin davamlı inkişafı, yaşıl nəqliyyat sisteminin formalaşdırılması günün ən çox müzakirə edilən məsələlərindəndir.

İyulun 30-da “Ekoloji təmiz və təhlükəsiz nəqliyyat vasitələrinin dövriyyəsinin stimullaşdırılması və infrastrukturunun təkmilləşdirilməsi üzrə” altqrupun 2025-ci il üzrə prioritet vəzifələrə həsr olunan iclasının keçirilməsi bu məsələnin nə qədər aktual olduğunu göstərir.

Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Fiziki infrastruktur” işçi qrupunun “Ekoloji təmiz və təhlükəsiz nəqliyyat vasitələrinin dövriyyəsinin stimullaşdırılması və infrastrukturunun təkmilləşdirilməsi üzrə” altqrupun 2025-ci il üzrə prioritet vəzifələrə həsr olunan iclasında Komissiyanın Katibliyi, Rəqəmsal İnkişafvə Nəqliyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, “Azərişıq” ASC və digər dövlət qurumlarının məsul nümayəndələri, həmçinin özəl sektor və biznes assosiasiyalarının təmsilçiləri iştirak edib.

Altqrupa üzv olan qurumlar tərəfindən 2025-ci il üzrə Yol Xəritəsində nəzərdə tutulmuş tədbirlərin 6 aylıq dövr üzrə icra vəziyyəti barədə məruzə edilib, aktual məsələlərə dair müzakirələr aparılıb.

Bununla yanaşı, ekoloji təmiz və təhlükəsiz nəqliyyat vasitələri üçün zəruri infrastrukturun yaradılması sahəsində görülmüş işlərə dair təqdimatla çıxış edilmiş, həmçininekoloji təmiz və təhlükəsiz (yeni) nəqliyyat vasitələrinin əldə edilməsi və istifadəsi sahəsində maliyyə əlçatanlığının artırılması, rəqabət mühitinin inkişafı və dövriyyəsinin artırılması sahəsində görülmüş işlərə dair məlumat verilib.

Ekoloji təmiz nəqliyyat vasitələrindən istifadənin stimullaşdırılması istiqamətində tədbirlər öz bəhrəsini verir.

Qeyd olunduğu kimi, Azərbaycanda bir neçə ildir ki, mərhələlərlə ekoloji təmiz nəqliyyat vasitələrindən istifadənin stimullaşdırılması istiqamətində tədbirlər görülməkdə davam edir.

Bilirik ki, son illər ardıcıl olaraq ölkəmizə elektromobil idxal olunur.

Bu gün ölkənin nəqliyyat parkında yenilənmələr müşahidə olunur və biz elektromobilləri, yaşıl nəqliyyat vasitələrini görürük.

Keçən il ölkəmizdə "Yaşıl dünya naminə həmrəylik ili" elan oldu, eyni zamanda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 keçirildi.

Beynəlxalq tədbirin əsas məqsədi ətraf mühitin yaxşılaşdırılması, atmosferə atılan istixana qazlarının azaldılmasına xidmət etmək olub. Yeni utilizasiya proqramının qəbul edilməsi də COP29-a bir töhfə idi.

Hələ keçən il rəsmən bildirilirdi ki, həmin proqram qısa müddət ərzində həm atmosfer havasının keyfiyyətinin yaxşılaşdırılmasına, "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər"in icrasına kömək edəcək.

Ekspertlər qeyd edirlər ki, müasir dövrdə sənayeləşmənin və nəqliyyat vasitələrindən istifadənin artması, xüsusilə böyük şəhərlərdə atmosfer havasının keyfiyyətinə mənfi təsir göstərir. Bilirik ki, son zamanlarda ətraf mühitin təmizlənməsinə qabaqcıl texnologiyaların cəlb edilməsi prosesi davam edir.

O da deyilir ki, avtonəqliyyat vasitələrinin ətraf mühitə mənfi təsirini kifayət qədər azaltmaq üçün nəqliyyat parkının yenilənməsi prosesi sürətlə gedir, ekoloji təmiz nəqliyyat vasitələrindən, həmçinin ekoloji təmiz yanacaqdan istifadəni genişləndirmək istiqamətində əlavə stimullaşdırıcı tədbirlər davam etdirilir.

Ekspertlər deyirlər ki, ətraf mühitə, eləcə də, iqlim dəyişmələrinə mənfi təsirləri minimuma endirmək, o cümlədən nəqliyyat vasitələrindən atmosferə atılmaların qarşısını almaq məqsədilə ölkəmizdə beynəlxalq təcrübəyə əsasən tədbirlər həyata keçirilir.

Hələ bir neçə il əvvəl rəsmi məlumatlarda qeyd edilirdi ki, ekoloji təmiz avtomobillərin təşviqi məsələləri ölkəmizdə qəbul edilən dövlət proqramlarında yer alıb. İstehsal tarixi 3 ilə qədər olan və mühərrikin həcmi o qədər də böyük olmayan hibrid avtomobillərin, elektromobillərin, həmçinin enerji doldurucularının idxalının və satışının ƏDV-dən azad olunması, əlavə olaraq elektrik mühərriki ilə işləyən yeni avtomobillərin və onların enerji doldurucularının idxal gömrük rüsumundan azad olunması kimi stimullaşdırıcı tədbirlərin tətbiqi ekoloji təmiz nəqliyyat vasitələrindən istifadənin əlçatanlığını artırır.

Ekoloq Amin Məmmədov “Bakı-Xəbər”ə bildirdi ki,ekoloji təmiz nəqliyyat vasitəsi müasir dünyada artıq geniş yayılmış tendensiyadır: “Burda fəqrli faktorlar var. Ümumiyyətlə BMT-in İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası mövcuddur ki, dünyanın 198-dən çox ölkəsi bu konvensiyanın tərəfidir, Azərbaycan da həmçinin. 2024-cü ildə konvensiyanın tərəflərinin 29-cu sessiyası (COP29) Azərbaycanda keçirildi. Bu konvensiyaya tərəfdar çıxan hər bir ölkə üzərinə öhtəliklər götürüb. Bu atmosferə korbon emissiyalarının azaldılması ilə bağlı öhtəlikdir. Məlumdur ki, onillərlə Azərbaycanda daavtomobillər əsasən daxili yanma mühərriki ilə işləyən, dizel, benzin istifadə edən avtomobillər olub. Amma son bir neçə ildə elektromobillərin avtoparkımıza əlavə olunması korbon emissiyasının azaldılmasında mühüm rol oynayır. Bu prosesə də hökumət tərəfindən böyük dəstək göstərilib. Gömrükdə hibrid və elektrik avtomobillərə müəyyən güzəştlər tətbiq edilir. Hətta artıq ölkəmizə “Ecobus”lar da gətirilib və böyük şəhərlərdə xəttə buraxılıb. Yəni bu işlərin davam etdirilməsi ilə Azərbaycan iqlim dəyişmələri ilə mübarizə üzrə çərçivə konvensiyasına öz töhvəsini verir. Hökumət tərəfindən də bu işlərin stimullaşdırılması üçün fərqli dövlətləri arasında koordinasiyanın gücləndirilməsi və bu işlərin düzgün aparılması prioritet məsələ kimi gündəmə gətirilir. Ölkə başçısı tərəfindən hökumətə tələblər qoyulur və bu baxımdan da yeni vəzifələr müəyyən edildiyinə görə bu cür iclalar keçirilir və gələcəkdə bu məsələ əhəmiyyətli məsələ kimi hökumətin gündəmində prioritet olaraq qalacaq”.

İradə SARIYEVA
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.

Seçilən
34
baki-xeber.com

1Mənbələr