AZ

ABŞ və Azərbaycan Ukraynanın 2 əsas qaz təminatçısına çevrildi... Rusiya bazardan çıxarıldı...


Bu ay Rusiyaya məxsus 39 dronun Ukraynanın cənubundakı kompressor stansiyasına hücumu Moskvanın Ukraynanın enerji infrastrukturuna hücumlarının istiqamətinin necə dəyişdiyinin mühüm göstəricisi hesab olunur. Bu hücumlar Ukraynanın ilk dəfə olaraq Azərbaycandan təbii qaz almaq üçün müqavilə imzalamasından iki həftə keçməmiş baş verib.

Rusiyanın hədəf aldığı bu infrastruktur Transbalkan dəhlizi vasitəsilə Cənubi Avropadan ölkəyə yanacağın idxalı üçün vacibdir. Bu, cari ildə Ukraynanın təbii qaz infrastrukturuna edilən hücumlar silsiləsinin ən sonuncusu idi və müharibənin ilk üç ilində Moskvanın, əsasən, ölkənin elektrik şəbəkəsini sıradan çıxarmağa yönəlmiş hücumlarından kəskin fərqlənib.

Xatırladaq ki, Ukrayna ilk dəfə olaraq Azərbaycan qazını alımağa başlayıb. “Naftogaz Ukraina” ilə SOCAR arasında bununla bağlı alqı-satqı müqaviləsi imzalanıb. “Naftoqaz” İdarə Heyətinin sədri Sergey Koretski bu fonda qeyd edib: “Bu, miqyasına görə kiçik, lakin strateji əhəmiyyətli addımdır və uzunmüddətli əməkdaşlığa yol açır”. O deyib ki, Azərbaycandan qaz almaq ölkənin təchizatını şaxələndirəcək və və enerji təhlükəsizliyinin gücləndirəcək. Azərbaycan qazı Ukraynaya Bolqarıstan-Rumıniya-Ukrayna sərhədi marşrutu ilə verilir. Xatırladaq ki, Ukrayna Rusiya ilə müharibəyə qədər əsas qaz təminatını bu ölkədən alırdı. Ukraynanın Azərbaycan qazını alması Bakının Moksva ilə münasibətlərinin kəskinləşdiyi bir vaxtda baş verir. Rusiyanın Ukraynaya müharibə başlatmasından sonra Azərbaycan Avropa məkanında bir qaz ölkəsi kimi diqqət cəlb etməyə başlayıb. Hazırda Azərbaycan Avropa ölkələri də daxil, 10-dan çox ölkəyə təbii qaz satır. Undiki şəraitdə ukraynaın Azərbaycan qazına ehtiyacı daha çoxdur. Kiyev Azərbaycan və dolayı yolla ABŞ-dən qaz idxalı üçün tələsik addımlar atmağa məcbur olub. Ölkənin ən böyük qaz istehsalçısı və təchizatçısı olan “Naftoqaz” şirkəti 2025-ci ildə doqquz hava hücumunda onun infrastrukturuna 100-dən çox zərbə endirildiyini bildirib. Bu hücumlar Rusiyanın 2022-ci ildə genişmiqyaslı işğal müharibəsinə başlamasından bəri şirkətə olunan bütün hücumların təxminən yarısını təşkil edir. Fevralda Ukraynada gündəlik orta temperatur sıfır dərəcənin altında olarkən, Rusiya Ukraynanın qaz hasilatının, demək olar ki, yarısını müvəqqəti olaraq dayandırıb və Kiyevi 0.8 milyard kubmetr qaz idxal etməyə məcbur edib. Ukrayna indi qış istilik mövsümünə qədər yeraltı anbarlarını 13.2 milyard kubmetr qazla doldurmağa çalışır. Bunun təxminən üçdə biri idxal vasitəsilə gəlməlidir. Kiyevdə yerləşən Enerji Sənayesi Araşdırma Mərkəzinin direktoru Oleksandr Xarçenko bildirib ki, daxili qazla bağlı vəziyyət çətindir, lakin nəzarət altındadır. Problem təchizatı təmin etmək deyil, onu maliyyələşdirməkdir. Ukrayna Milli Bankı apreldə bildirib ki, ölkə 2025-ci ildə qaz idxalına 2.9 milyard dollar xərcləməlidir.

Vaşinqtondakı Atlantik Şurasının enerji məsələləri üzrə analitiki Olqa Xakova məsələ ilə bağlı bildirir: “Təbii qaz infrastrukturu ilk bir neçə ildə əslində hədəf deyildi, lakin indi hər şey oyundur. Bu, təkcə Ukraynada deyil, ümumilikdə Avropada enerji təhlükəsizliyini pozmaq cəhdidir. Bu, enerji sənayesində xaos yaratmaq məqsədi daşıyır”. Rusiyanın Ukrayna ərazisi vasitəsilə yanacağını Avropaya daşınmasına dair müqavilənin yanvarda başa çatmasından sonra Moskvanın Ukraynanın təbii qaz infrastrukturuna hücumları artıb. “Razumkov Mərkəzi”nin enerji proqramları üzrə direktoru Volodimir Omelçenko “Radio Free Europe”ə deyib ki, zərbələr qışdan əvvəl Ukraynanı sarsıtmaq məqsədi daşıyır: “Rusiya Baş Qərargahı aydın şəkildə başa düşür ki, bu qış Ukrayna üçün ən böyük təhlükə təbii qaz çatışmazlığıdır, çünki Ukraynanın qaz anbarlarında hazırda kifayət qədər qaz yoxdur”. Kiyevdə yaşayan politoloq Oleq Saakyan isə hesab edir ki, bu zərbələr sülh danışıqlarında üstünlük əldə etmək üçün Rusiyanın strategiyasının bir hissəsidir: “Bu, mülki əhaliyə təzyiqdən və Ukrayna hakimiyyətinə psixoloji təzyiqdən başqa bir şey deyil”. Rusiyanın bu strategiyası Kiyevin idxal və tədarükçülərin diversifikasiyası ilə bağlı ehtiyacını artırıb. Kiyev Azərbaycanla yanaşı, ABŞ-dən də mayeləşdirilmiş təbii qaz (LNG) almaqda maraqlı olduğunu ifadə edib. Bu siyasi baxımdan da həssas bir addımdır, çünki ABŞ prezidenti Donald Tramp LNG ixracını prioritet məsələyə çevirib və Ukraynaya ABŞ-yə hərbi yardım üçün pul ödəməsi ilə bağlı təzyiq göstərib. Uzun müddət Ukraynanın qaz sənayesində çalışmış amerikalı iş adamı Endryu Favorov bildirib ki, ABŞ təchizatçıları ilə uzunmüddətli LNG müqavilələri imzalamaq Kiyev üçün aydın bir seçim kimi görünür, çünki bunun potensial diplomatik faydaları da var. O qeyd edib ki, Ukrayna ucuz kredit almaq üçün Vaşinqtonun investisiya qurumu olan İnkişaf Maliyyələşdirmə Korporasiyasından maliyyə istəyə bilər. Energetika naziri Svitlana Qrinçuk deyib ki, Ukrayna ABŞ firmaları ilə danışıqlar aparır. Lakin nazir həcm və müqavilənin müddəti barədə heç bir məlumat verməyib. O qeyd edib ki, avqustda hücuma məruz qalan Odessa kompressor stansiyası Cənubi Avropa limanlarından ABŞ LNG-sinin idxalı üçün lazım olan infrastrukturun bir hissəsidir. ABŞ artıq dünyanın ən böyük təbii qaz ixracatçısıdır və xaricə ixrac olunan yanacağın böyük həcmi mayeləşdirilmiş təbii qaz şəklində göndərilir. Yeni istehsal müəssisələri yarandıqca, ABŞ-dən LNG ixracının onilliyin sonuna qədər artması gözlənilir. Ukraynanın ən böyük özəl enerji şirkəti DTEK bu ilin əvvəlində ABŞ-nin LNG şirkətləri ilə uzunmüddətli müqavilələr üzrə danışıqlar apardığını bildirib. DTEK ABŞ-dan ilk dəfə dekabrda LNG idxal edib. “Naftoqaz” isə bu il ABŞ-dən gələn 0.44 milyard kubmetr mayeləşdirilmiş təbii qaz almaq üçün Polşanın enerji şirkəti “Orlen”lə müqavilə bağlayıb. ABŞ ticarət qrupu olan LNG Mərkəzinin strateji kommunikasiya meneceri Hinson Peters Ukrayna alıcılarının uzunmüddətli müqavilələr üçün kommersiya marağı göstərdiyini təsdiqləyib. Bu arada avropalılar Ukraynaya qarşıdan gələn qış üçün yanacaq alışını maliyyələşdirməyə kömək məqsədilə səylərini artırıblar. Avropa Yenidənqurma və İnkişaf Bankı bu ayın əvvəlində təbii qazın alınması üçün “Naftoqaz”a 580 milyon dollar kredit ayırdığını açıqlayıb. Avropanın ən böyük təbii qaz tədarükçüsü olan Norveç də eyni məqsədlə “Naftoqaz”a əlavə 100 milyon dollar vəd edib. Ukraynanın bu il daxili qaz ehtiyaclarını ödəmək üçün nə qədər əlavə maliyyəyə ehtiyacı olacağı isə Rusiyanın onun qaz istehsalı, anbarları və nəqliyyat obyektlərini dronlar və raketlərlə hədəf alıb-almamasından asılı olacaq.

Tahir TAĞIYEV

Seçilən
9
baki-xeber.com

1Mənbələr